Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-237/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə söhbət əsnasında bildirmişdir ki, ipoteka ilə mənzil götürmək istəyir, lakin əmək haqqı az olduğundan vermirlər və ona təklif etmişdir ki, onun maaşı yüksəkdir, onun adına götürə bilər. Bir müddət sonra ona bildirmişdir ki, anası xəstədir, ona 500 manat pul lazımdır və ona inandığından 500 manat məbləğində pulu ona vermişdir və bildirmişdir ki, yaxın müddətdə qaytaracaqdır. Bir ay sonra isə ona 3000 manat pul lazım olduğunu, həmin pulu tapıb ona verməsini, ipteka götürərkən pulundan çıxmasını ona bildirmişdir. O da "xxxx" ASC-dən 3000 manat kredit götürərək ona vermişdir. Bir müddət sonra isə bacısının ağır xəstə olduğunu, ölüm ayağında olduğunu, ona pul lazım olduğunu bildirmiş və o, Sevda adlı qadından 3000 manat borc alaraq cavabdehə vermişdir. Bir neçə ay sonra cavabdeh ona təcili pul lazım olduğunu bildirmişdir. Rəşid adlı şəxsdən xahiş etmişdir ki, öz adına bankdan pul götürsün və Rəşid bankdan 4000 manat kredit götürüb ona vermiş və o da həmin pulu aparıb cavabdehə vermişdir. Həmçinin ona məxsus bolkartdan 500 manat da çıxarıb vermişdir. Cavabdeh ondan ümumi olaraq hissə-hissə 11000 manat məbləğində pul almış və qaytarcağını bildirmişdir. O da onun ipoteka krediti götürərək mənzil alınmasına kömək edəcəyini düşünərək ona inanmış və istədiyi pulları ona vermişdir. Lakin sonda ona məlum olmuşdur ki, bu şəxs onu aldadlır, məqsədi ona məxsus pulları ələ keçirmək olmuşdur. Dəfələrlə cavabdehdən pulu qaytarmasını tələb etsə də, əhəmiyyət verməmiş, pulu qaytarmaqdan yayınmışdır. Cavabdehdən 11000 manat məbləğində pul alınaraq ona qaytarılmalıdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, bankda Afət xanımla belə razılığa gəlmişdir ki, bankdan ipoteka götürəcək və 10000 manat da ona verəcəkdir. Afət xanım həmin vaxt banka təzə işə daxil olmuşdu. Həmçinin həmin vaxtda o şikayət etmiş və Afət xanım 11000 manat pul almasını özü etiraf etmişdir. Lakin sonradan aralarında razılıq yarandığından o, həmin vaxt şikayətini geri çəkmişdir. Ona pulları 2016-cı ilin ya iyun, ya da iyul ayında vermişdir. Həmçinin cavabdeh oğurluq da etmişdir. Onunla bağlı onun barəsində iş başlanmışdır. 2016-cı ildə verdiyi şikayəti geri götürmüşdür, çünki o, şifahi olaraq ondan 11000 manat pul götürdüyünü və onu geri qaytaracağını söz vermişdir. 2023-cü ildə polis idarəsinə ərizə yazmışdır. Ona birinci dəfə 2016-cı ilin iyul ayında 4000 manat vermişdir. İkinci dəfə 2016-cı ilin iyul-avqust aylarında başqa bir şəxsdən 4000 manat alıb ona vermişdir. Üçüncü dəfə 2016-cı ilin oktyabr-noyabr aylarında Sevda xanımdan 3000 manat alıb ona vermişdir. Afət xanımı 2014-2015-ci illərdən bəri tanıyır. Onu şifahi tanımış, ondan sonra o, pulla bağlı onunla razılığa gəlmişdir. 17-ci mikrorayonda yaşayırdı, orada yaşayərkən cavabdehi tanıyırdı. 2015-ci ilin iyun ayına kimi dəmir yolunda işləmişdir. 2017- 2018-ci illərdə isə hüquq mühafizə orqanlarına, 2023-cü ildə isə prokurorluğa müraciət etmişdir.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. Müdafiə etdiyi şəxs 2018-ci ildən bəri Türkiyədədir. Etibarnaməni də Türkiyədən göndərmişdir. İddia ərizəsində qeyd olunan ittihamlarla razı deyildirlər. Qarşı tərəfin izahatlarından da görünür ki, o, bankdan pul götürə bilir. O, hər hansı MTK-a ilkin ödəniş etsə idi də belə ev ala bilərdi. Odur ki, iddianın heç birinin sübutu yoxdur. Həmçinin pul məbləğinin dəqiq verilmə vaxtı da müəyyən olunmadığından iddia müddətini də hesablaya bilmirlər. İddiaçının verdiyi izahat və iddia ərizəsi arasında uyğunsuzluq var. Əgər məbləğlər düz olsa idi, qeyd olunan məbləğlər tam olaraq düzgün olardı.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 may 2023-cü il tarixli Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
8. Belə ki, hazırda iddiaçı cavabdehdən 110000 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini məhkəmədən xahiş edir.
9. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
10. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini sübut etməlidir.
12. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
13. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
14. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 11000 manat pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 may 2023-cü il tarixli qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə borcu etiraf etməsi öz əksini tapmamışdır.
15. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir.
16. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə bildirir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
17. Məhkmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab edildiyinə görə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.
18. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir.
19. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva