Məhkəmə qərarları › İş №2(060)-2376/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2376/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2376/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı Firudun qızının iştirakı ilə, İddiaçı Firudun qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firudun qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 270 manat maddi zərər və 700 manat mənəvi zərərə görə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2019-cu il tarixində iddiaçı DİNin 102 xidmətinə zəng edərək, cavabdehin onları Neftçilər xəstəxanasında tibb bacısı vəzifəsinə işə düzəltmək adı ilə iddiaçıdan 1000 manat pul aldığını və etibarından suiistifadə edərək ona qarşı dələduzluq etdiyini bildirmişdir. Bununla bağlı cavabdeh barəsində məhkəmənin ittiham hökmü də var. İddiaçı ona inanıb bankdan 1000 manat faizlə pul götürmüşdür. Cinayət işi gedişatında o iddiaçıya 1000 manat pulu hissə-hissə qaytarmış, lakin bankdan götürdüyü pulun üzərinə gəldiyi faiz borcunu qaytarmamışdır. Qaytaracağını vəd edərək iddiaçıya hökmdə şikayətini geri götürməyini xahiş etmiş, iddiaçı da şifahi olaraq razılaşmış, lakin hökm çıxandan sonra vədinə əməl etməmişdir. Hətta bununla bağlı səs yazısı da var. Cavabdeh iddiaçıya dəymiş ziyanı tam ödəməyib. Bankdan cavabdehə vermək üçün götürdüyü pulun üzərinə 210 manat faiz, 20 manat komissiya pulu zərərə düşmüşdür. İşin araşdırılmasından ötəri iddiaçı dövlət orqanlarına müəraciətlər etmiş, poçtlara pul xərcləmişdir. O, işlərin dalınca getmək üçün yol xərcləri çəkmişdir. Poçt və yol xərcini ümumilikdə 50 manat hesab edir. Əsəblərinə və sağlamlığına da ziyan dəymişdir. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona ümumilikdə 280 manat maddi, 5000 manat mənəvi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1962-ci ildə, Bakı şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 12.05.1955-ci ildə, Tovuz rayonu, Alakol kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 1(006)-395/2021 saylı hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il azadlığı məhdudlaşdrılması cəzasına məhkum edilmişdir. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 01.08.2019-cu il tarixli, BPM**********51 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən iddiaçı bankdan götürdüyü kredit borcu ilə bağlı 24 ay müddətinə hər ay 50,9 manat, sonuncu ay isə 50,8 manat ödəməli idi. Həmin ödəniş cədvəlinə əsasən əsas borcun məbləği 1000 manat, faiz borcunun məbləği isə 221,5 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi üçün iddiaçıya tələb olunan məbləğdə maddi ziyanın cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (82.4.). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 1(006)-395/2021 saylı hökmündə göstərilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı İddiaçı, sonuncunu “X1”nda tibb bacısı vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 01 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Bakı Dəmiryolu Xəstəxanasında 1000 manat pulunu ələ keçirərək verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Göründüyü kimi cavabdehin dələduzluq etməsi və bunun nəticəsində iddiaçıya maddi ziyan vurması yuxarıda qeyd edilən məhkəmə hökmü ilə müəyyən olunur. İddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona borclu olduğu 1000 manat məbləğində əsas borcunu qaytadığını bildirmiş, faiz borcunu qaytarmadığını qeyd etmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır (439.3.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər (449.3.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən 01.08.2019-cu ildə bankdan 1000 manat kredit götürmüş və eyni tarixdə cavabdehə 1000 manat pul vermişdir. Belə olan halda iddiaçının krediti məhz cavabdehə ödəniş etmək üçün götürməsi ilə bağlı məhkəmədə daxili inamın yaranmasına səbəb olur. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən aldadılmışdır. Həmin kredit borcuna görə isə iddiaçı əlavə 221,5 manat faiz ödəmişdir. Bu səbəbdən iddia maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 221,5 manat maddi ziyanın əvəzi iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı həmçinin ödənişin gecikdirilməsi səbəbindən mənəvi ziyana uğradığını bildirir və 700 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın ödənilməsi təmin edilməmiş və ötən dövr ərzində bu iddiaçının mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 200 manat müəyyən edilməsi ağlabatandır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 221,50 manat maddi ziyanın, 200 manat mənəvi ziyanın əvəzi olmaqla, cəmi 421 (dörd yüz iyirmi bir) manat 50 (əlli) qəpik pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı Firudun qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar