Məhkəmə qərarları › İş №2(060)-2376/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2376/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2376/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı «X1» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı «X1» ASC-nin xeyrinə 213,68 manat əsas, 0,93 manat faiz, 0,12 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 214,73 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə, 543,52 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 fevral 2024-cü il, cümə axşamı tarixinə "xxxx" KB ASC-yə 213,68 manat əsas, 0,93 manat faiz, 0,12 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 214,73 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

Tədqiq olunan sübutlar:

3. İddiaçı «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən görünür ki, bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bəndində göstərilən müddətdə və faizlə müştərinin mülkiyyətinə verməyi, həmçinin ona bank hesabları açmağı və müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdürlər. Kredit 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, 12 ay güzəşt müddəti və komisyon haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərti ilə verilmişdir.

4. 283rstSUM/19 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, sözügedən kredit müqaviləsi üzrə tərəflər 12 ay güzəşt müddəti müəyyən edilməklə 29 avqust 2020-ci il tarixdən 29 may 2024-cü il tarixədək hər ay 12 manat, 29 iyun 2024-cü il tarixdə 2,28 manat məbləğində pul vəsaiti ödənilməsi barədə razılığa gəlmişlər.

5. xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı kredit müqaviləsinin şərtlərində aşağıdakı dəyişikliklər edilmişdir: 1. Bu sazişin imzalandığı tarixə müqavilə üzrə hesablanmış faiz məbləği müştəri tərəfindən ödənilir. 2. Müqavilənin müddəti, bitmə tarixi dəyişilməz olaraq qalmaqla, bu sazişin imzalandığı tarixə qalıq əsas borc məbləği üzrə güzəşt müddəti 2 saylı əlavə ilə müəyyən edilir, müqaviləyə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının kreditora qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəli tərtib olunur və həmin cədvəl 2 saylı əlavə hesab edilir. 4. Müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır.

6. 283rstSUM/19 saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, sözügedən kredit müqaviləsi üzrə tərəflər sözügedən gedən kredit müqaviləsi üzrə ödəmələrin 29 yanvar 2021-ci il tarixdən 29 iyul 2024-cü il tarixədək icra edilməsi barədə barədə razılığa gəlmişlər.

7. 08.12.2023-cü il tarixli bildirişdən görünür ki, «X1» ASC tərəfindən cavabehdən müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv olunması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

8. İddiaçı «X1» ASC tərəfindən tərtib edilmiş 15 fevral 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 283rstSUM/19 saylı kredit müqaviləsi üzrə 213,68 manat əsas borc, 0,93 manat faiz borcu, 0,12 manat cərimə, cəmi 214,73 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: - Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank 60 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, 12 ay güzəşt müddəti və komisyon haqqı 0 manat olmaqla, illik 1 faiz ödəmək şərti ilə Cavabdeh kredit verməyi, sonuncu isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdürlər.

17. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

19. Məhkəmə tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim etmək hüququnun və eyni zamanda digər hüquq və vəzifələrinin izahı barədə cavabdehin iddia ərizəsində qeyd edilən ünvanına bildiriş göndərilmiş, lakin həmin bildiriş məhkəməyə geri qaytarılmışdır.

20. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

21. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 15 fevral 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 0,93 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 08 dekabr 2023-cü il tarixli bildirişdə cavabdehdən 0,54 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.

22. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

23. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 0,54 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.

24. İddia tələbinin cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin 3.1-ci bəndində qeyd edilmişdir ki, müştəri bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı 1 təqvim günündən çox gecikdirdikdə, həmin gündən başlayaraq bank müştəriyə qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 0,02 faizi miqdarında cərimə tətbiq edir.

25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 0,12 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir.

26. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı müqavilə üzrə 213,68 manat əsas borc, 0,54 manat faiz borcu, 0,12 manat cərimə borcu olmaqla, cəmi 214 (iki yüz on dörd) manat, 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq «X1» ASC-yə ödənilməlidir.

Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 283rstSUM/19 saylı müqavilə üzrə 213,68 manat əsas borc, 0,54 manat faiz borcu, 0,12 manat cərimə borcu olmaqla, cəmi 214 (iki yüz on dörd) manat, 34 (otuz dörd) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq «X1» ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar