Məhkəmə qərarları › İş №2(060)-2388/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2388/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2388/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pulu və iş üzrə ödənilmiş 62 (altmış iki) manat dövlət rüsumunun tutularaq, onun nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X1 X2 Təhlükəsizliyi Baş İdarəsində inspektor vəzifəsində işləyir. 2023-cü ilin yanvar ayında işdə olan zaman əvvəlcədən tanımadığı iki şəxs ona yaxınlaşaraq digər bir ölkəyə əşya yola salmaq üçün müraciət etmişdir. Həmin şəxslərdən biri Ləman adlı xanım və digəri isə Qurban adlı şəxs olmuşdur. Daha sonra söhbət əsnasında Ləman adlı xanımın model və Qurban adlı şəxsin hərbiçi olduğunu öyrənmişdir. X3 Limanmda yerləşən “Mc Donalds” adlı kafedə əyləşib çay içdilər. Beləliklə Cavabdehla tanışlığı buradan yaranmışdır. Dəfələrlə Cavabdeh iş ilə əlaqədar olaraq köməkliklər edib. Bir gün Cavabdeh ona demişdir ki, işində problem yaranıb və 20000 (iyirmi min) manat tapıb verməlidir ki, işini həll etsin. Həmin məbləğin 15000 (on beş min) manatını tapdığını, 5000 (beş min) manat pulun isə çatışmadığını bildirərək ondan 5000 manat borc pul istəmişdir. O, isə Cavabdeh pulunun olmadığını, lakin "xxxx" aid kredit kartının olduğunu və kartında 4200 manat olduğunu bildirmişdir. Daha sonra Cavabdeh o, işdə olan zaman yenidən ona yaxınlaşaraq borc pul istəyərək, 10 gün müddətində geri qaytaracağını bildirmişdir. O, Cavabdeh inanaraq xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən adıına rəsmiləşdirilərək verilmiş mobil telefonun tətbiqində qeydiyyatdan keçirdiyi 4098 5844 6049 1861 nömrəli bank kartının hesabında olan 4200 manat pulu borc qismində 10 gün müddətinə geri qaytarması şərti ilə tanışı Cavabdeh adına "xxxx" ASC tərəfindən verilmiş 4169 73** **** 0486 nömrəli bank kartının hesabına onlayn qaydada göndərib. 10 gün müddət keçdikdən sonra Cavabdeh istifadəsində olan (051 )-685-00-85 mobil nömrə ilə əlaqə saxlamış və borcu geri qaytarmasını tələb etmişdir. Bu zaman Qurban işini həll edəcəyini və borc aldığı 4200 manat pulu qaytaracağını bildirmişdir. Aylarla Cavabdeh borc verdiyi 4200 manat pulu istədiyi zaman hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytaracağını bildirmişdir. Nəhayət o, cavabdehə borcunu qaytarmadığı təqdirdə barəsində şikayət edəcəyini söyləmişdir. Cavabdeh isə onu hədələyərək ona verdiyi borc puldan məlumatı olmayan həyat yoldaşına bunu söyləyəcəyini bildirərək onu qorxutmaq istəmişdir. O, isə öz növbəsində 2023-cü ilin oktyabr ayında DİN-nə email vasitəsi ilə elektron formada müraciət etmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Cavabdeh ona bildirmişdir ki, “bəli səndən borc pul almışam lakin o pulu sənə qaytarmayacağam”. Qeyd etmək istəyir ki, DİN-nə etdiyi şikayətlərə baxılmış, lakin Cavabdeh polis tərəfindən dəvət edilməmiş və izahatı alınmamışdır. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona bu hadisənin mülki xarakterli olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, halhazırda hamilədir və bir azyaşlı övladı daha var. Ailəsini dolandırırıaq üçün hamilə halında işləyir. Bir ilə yaxın müddətdir ki, Cavabdeh Leobank kredit kart hesabından göndərdiyi pulu ödəyib bağlaya bilmir. Eyni zamanda qeyd edir ki, Cavabdeh barəsində Hərbi Prokuroluğa da şikayət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh ondan dəfələrlə köməklik istəmiş və o, hər dəfə ona yardım etmişdir. Bu dəfə də cavabdeh ondan pulu alanda ona geri qaytaracağını bildirmişdir. Hətta cavabdeh ən pis halda maşınını satıb pulu ödəyəcəyini demişdi. Lakin cavabdeh bir müddət sonra aldığı pulu qaytarmaqdan imtina etmişdir. İlk dəfə cavabdeh ondan 10 gün vaxt istəmiş, o, 10 gündən sonra zəng etdikdə isə pulu qaytarmayacağını və istədiyi yerə şikayət etməsini bildirmişdir. Qeyd edir ki, cavabdeh əvvəllər pulu verə bilmədiyini desə də, hal hazırda ümumiyyətlə verməyəcəyini bildirir. O, artıq 1 ildir ki, cavabdehin əvəzinə banka ödəniş edir. O, kartdan götürdüyü borc üçün ödədiyi pulları da istəmir. Sadəcə borcun üzərinə əlavə faiz gəlməməsi üçün 4200 (dörd min iki yüz) manat pulu istəyir. Cavabdeh borcundan ona heç nə qaytarmayıb. Məsələ ilə bağlı hətta DİN-ə müraciət etmiş, polisə izahat vermiş, lakin qarşı tərəf yenə də heç bir addım atmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, hal hazırda hamilədir və analıq məzuniyyətinə çıxanda bu pulu ödəmək imkanı olmayacaq. Bundan başqa qeyd edir ki, o, həm də bloggerdir. Sosial şəbəkə hesablarında həyat yoldaşı ilə birlikdə şəkilləri var və ailəli olduğunu qarşı tərəf də bilirdi. Cavabdeh ailəli olmasına baxmayaraq onu çox narahat edirdi. Hətta tanışları cavabdehin işlədiyi yerə şikayət etməyini deyiblər. Lakin, o, cavabdehin işdən qovulmaması üçün onu şikayət etməmişdir. Hətta məsələ ilə bağlı cavabdehin yaşadığı evə gedərək valideynləri ilə bu məsələni aydınlaşdırmağa çalışıb. Cavabdehin atası ona hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Lakin o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, cavabdeh tərəfindən narahat edilən ailəli qadın tək o, deyil. Hətta cavabdehin atası da bunu təsdiq edib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ilə tanış olub. Qardaşı gömrük rəisidir. Qarşı tərəfin qeyd etdiyi kimi tanışlıqları aeroportda yük göndərərkən olmayıb. İddiaçının ərizəsində yazdıqlarının hamısı yalandır. İddiaçı ilə 1 ilə yaxın münasibətləri olub və onun ailəli olmasını bilməyib. İddiaçının ailəli olduğunu bildikdə isə onunla münasibətini dayandırıb. Kartlar arası transfer olması onun iddiaçıya borcu olduğunu sübut edə bilməz. Qarşı tərəf həmçinin onun xidmətinə problemlər yaratmışdır. Onu, şərləyərək prokurorluğa şikayət etmişdir, lakin şikayəti geri qayıtmışdır. Dəfələrlə oteldə o, şəxsən iddiaçıya 2000-3000 manat pul verib. İddiaçı onun kartına 4200 manat pul atsa da, o, iddiaçı üçün həmin pulun 4 qatını xərcləyib. Əslində iddiaçının ondan uzaqlaşması üçün “pulu verəcəm, get” sözlərini işlədib. İddiaçının etdikləri qısqanclıq zəminindədir. Bundan başqa iddiaçı həmçinin evinə gəlmiş və şəkər xəstəsi olan anasını da narahat etmişdir. Bir məsələni də bildirir ki, məhkəməyə təqdim edilmiş vatsap mesajlarında iddiaçı özünə sərf edən hissələri saxlayıb. Həmin yazılar əsas sübut kimi qəbul edilə bilməz və orada qeyd edilənlər heç bir əhəmiyyət kəsb etmir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə məxsus 4098 5844 6049 1861 nömrəli bank kartının hesabından 4169 73** **** 0486 nömrəli bank kartının hesabına 4180.39 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin qərar ilə İddiaçı ölümlə hədələmə və 4200 manat pulun Qurban adlı şəxs tərəfindən ələ keçirilməsi istisna olduğundan və cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Lənkəran Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki qaydada iddia vermək hüququnun olduğu izah edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən isə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirə bilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan və məhkəməyə təqdim edilən telefon yazışmalarının mətnindən görünür ki, Cavabdeh həmin yazışmalarda iddiaçıya borcu olduğunu etiraf etmiş və həmin məbləği qaytaracağını bildirmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatında həqiqəqən İddiaçı ona məxsus kart hesabına pul göndərdiyini etiraf etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, cavabdeh izahatında iddiaçıya olan borcunu qaytardığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh 4180,39 manat borc verildiyi təsdiqini tağdığından iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh 4180,39 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 62 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4180,39 (dörd min yüz səksən manat otuz doqquz qəpik) manat məbləğində pul və 62 (altmış iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar