Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2394/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçıya borclu olduğu 2600 (iki min altı yüz) manat borcun və həmin pula görə ödədiyi 46 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin iyun ayında ünvan 1 ünvanında yerləşən evinin həyətinə tamet vurulması və tualet- hamam təmiri üçün cavabdehlə razılamış, təmir məqsədilə 2000 manat tikinti materiallarının alınmasına, 600 manat isə iş üçün usta haqqı pulu vermişdir. Keçən bu müddət ərzində cavabdeh evin təmirini yarımçıq və bərbad vəziyyətdə icra etmiş, dəfələrlə onunla əlaqə saxlayaraq evimin yarım qoyduğu təmirini bitirməyini xahiş etsə də, hələ də təmir yarımçıq qalmış, gələn digər ustalar təmirin çox pis vəziyyətdə olduğunu, hər şeyi söküb təmirə başdan başlanılmalı oluğunu bildirmişlər. İddiaçı cavabdehin əməlləri bağlı polisə şikayət etsə də, Elvin bu şikayətə də məhəl qoymamış, məsuliyyətdən kənar durmuş, müqavilə ilə öz üzərinə götürmüş olduğu öhdəliyi-evin təmirini yerinə yetirməmişdir. İddiaçı yazılı bildirişlə (Pretenziya) cavabdehə müraciət edərək ünvan 1-da yerləşən evimin təmirini 10 gün ərzində bitirmədiyi halda iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağını və ona dəymiş 2600 manat maddi ziyanı tələb edəcəyini bildirmiş, lakin cavabdeh onun bu müraciətinə də məhəl qoymamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, həyətində tikinti təmir işləri məqsədi ilə cavabdehlə birlikdə 2000 manatlıq materiallar alımış və usta xərcini vabadehlə 600 manat müəyyən etmişlər. əvvl cavabdehə tamet vurulması üçün 200 manat vermiş, sonra isə sanitar qovşağın kafellənməsi üçün əlavə 400 manat, ümumilikdə 600 manat əl haqqı ödəmişdir. Cavabdeh həyətin tametlənməsi işini yarımçəq həyata keçirsə də, hamamın təmiri üçün yenidən ona 400 manat əl haqqı vermişdir. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 38 kv.m həyətin tametlənməsi üçün iddiaçı ona 190 manat pul vermişdir ki, həmin pulun 100 manatı tərəfindən iddiaçıya geri qaytarılmışdır. İddiaçının ona 600 manat verməsi yalandır. İddiaçının evində tamet döşənməsi işindən başqa iş görməmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, cavabdehi tanıyır. Cavabdeh nənəsinin evində usta işləmişdir. Nənəsinin ustaya 200 manat əl haqqı verdiyini görmüşdür. Cavabdeh hamamda heç bir iş görməmişdir. Eyni zamanda cavabdeh nənəsinin evində kirayəçi olmuş, kirayə pulunu da verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində 409858****6816 saylı bank kartına 50 manat, xx.xx.2023-cü il tarixində eyni karta 50 manat olmaqla cəmi 100 manat köçürtmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ünvan 2 ünvanında yerləşən evinin həyətinə tamet vurulması və hamam və tualet təmiri üçün cavabdehlə razılaşmışdır. Bundan sonra iddiaçı cavabdehlə birgə tikinti materiallarının alınması üçün gedərək, 2000 manat dəyərində tikinti materialı almışdır. Bundan sonra cavabdeh həyətin tametlənməsi üçün işə başlamış, havaların isti keçməsi ilə əlaqədar işi yarımçəq qalmışdır. İddiaçının cavabdehdən 2600 manat tələb etməsi əsassızdır. Belə ki, həmin 2600 manatın 2000 manatı iddiaçının özünün də dediyinə görə evinin təmiri üçün tikinti materiallarına verilən puldur ki, həmin tikinti materialları da iddiaçının özündədir. Tələb edilən 600 manatın 200 manatı həyətin tametlənməsi üçün cavabdehə verilmiş, cavabdeh həmin işi yarımçəq görmüş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehdən tələb edilən 400 manatın cavabdehə verilməsi isə məhkəmə araşdırması zamanı sübut olunmur. Cavabdeh tərəfindən kart hesabına edilən köçürmələr iddiaçının hesabına deyil, başqa şçəxsin hesabına köçürülmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 756.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 200 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 200 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 46 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 16 manat iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 16 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2394/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2394/2024
04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver