Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2401/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5747/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, cavabdehdən hər iki uşağın yetkinlik yaşma çatana kimi saxlanması üçün hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment, eləcə də mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutlaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdirlər. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh Kərim oğlu və xx.xx.2019-cu il təvəllüdlü X2 anadan olmuşdur. Hər iki uşaq illərdir ki, onun himayəsindədir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5747/2022 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, 2 azyaşlı uşağın onun yanında qalması və cavabdehdən 2 uşağın saxlanması üçün əmək haqqının 1/3 hissəsinin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda cavabdehin əmək haqqından tutulan aliment cəmi 360 manatdır. Bu isə bir uşağa cəmi 180 manat edir. Uşaqların minimum tələblərinin təmin edilməsinə kifayət etmir. Uşaqlardan biri məktəblidir, artıq təhsil xərcləri artır. İkinci uşaq da bir azdan artıq hazırlığa gedəcək və cavabdehdən tutulan 360 manat 2 uşağın minimum yaşayış həddini təmin etməyə kifayət etmir. Belə olan halda hesab edir ki, cavabdehdən uşaqların minimum tələbatlarını ödəmək üçün sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda cavabdehin əmək haqqından tutulan aliment uşaqların normal saxlanması və minimal tələbatlarını ödəmək üçün kifayət etmir. 2023-cü il üçün Prezident Sərəncamı ilə uşaqların minimum yaşayış həddi 235 manat təyin edilmişdir. Uşaqların saxlanması üçün tutulmalı alimentin miqdarı müəyyəne edilərkən ilk əvvəl uşaqların minimal həyat şəraitinin təmin edilməsi nəzərə alınmalıdır. Bu halda hesab edir ki, uşaqların saxlanması üçün minimal olaraq cavabdehdən hər uşağa görə 235 manat olmaqla, 470 manat sabit pul məbləğində aliment tutulmalıdır. O bu barədə cavabdehə mediasiya təklifi göndərmiş, cavab olmadığı üçün mediatora müraciət etmiş, mediator mediasiya prosesi təyin etmiş, lakin cavabdeh bu prosesə gəlməmiş və mediator bu barədə arayış tərtib etmişdir. Mediasiya xərci olan 50 manatı da ödəmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh əvvəl 300 manat məbləğində aliment ödəyirmiş, 2023-cü ilin fevral ayından aliment məbləği artmış, 360 manat olmuşdur. Həmin pulla 2 uşaq saxlamaq çətindir, hər ikisi məktəbə gedəcəkdir. Sosial müavinət alırmış, daha sonra cavabdeh şikayət etdiyi üçün kəsilmişdir. Belə ki, adına olan mənzili kirayə vermiş, mənzilə baxış keçirildikdən sonra sosial müavinət kəsilmişdir. Həmin ev bacısınındır. Bacısı Türkiyədə yaşayır. Kirayə haqqı da ona verilir. Hal-hazırda işləmir, maddi imkanı yoxdur. Həmçinin uşaqların məşğələ xərcinin məbləği qalxmışdır. İdmana da qoymuş, orda da nailiyyətləri vardır. Bununla yanaşı uşağın burnundan mütəmadi olaraq qan gəlir, lakin maddi imkanı olmadığı üçün xəstəxanaya apara bilməmişdir. Cavabdehin isə aylıq əmək haqqından başqa əlavə gəlirləri də vardır. Belə ki, hərbi hissələrdə fotoşəkillər çəkir. Eyni zamanda fındıq bağlarından da aylıq qazancı olur. Həmçinin cavabdeh ondan əvvəl ailəli olmuş, aliment ödəmişdir. Həmin nikahdan olan uşağının 18 yaşı tamam olduğu üçün aliment ödənişi dayanmışdır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, İddiaçı əlavə ev almış və həmin evi kirayəyə vermişdir. Sosial müavinət də alır. Bundan başqa iddiaçının əlavə gəlirləri də vardır. İki övladından başqa övladı yoxdur. Həmçinin bildirmişdir ki, uşaqları ilə maraqlanır. Bundan 2-3 gün əvvəl uşaqlarının geyim tələbatlarını qarşılamışdır. Uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan əvvəlki aliment məbləğinin saxlanmasını xahiş etmişdir.
Tədqiq olunan sübutlar:
5. AZ-İİİ 657911 saylı və AZ-İV 300294 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh Kərim oğlu xx.xx.2015-ci ildə, X2 xx.xx.2019-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.
6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5747/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Kərimova (Hüseynova) Dürdanə Etibar qızı ilə Cavabdeh arasında 05 aprel 2011-ci il tarixdə Sumqayıt şəhər Nikah Evində bağlanmış 214 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh Kərim oğlunun və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulub iddiaçı Kərimova (Hüseynova) Dürdanə Etibar qızına verilməsi qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
16. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
17. Hazırki işdə iddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sait pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir.
18. Lakin iddiaçı cavabddehin yüksək gəlir əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
20. İddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin Cavabdeh Kərim oğlunun və X1 ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb edir.
21. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Hal-hazırda 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
22. Qanunvericiliyin tələbinə görə aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır.
23. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
24. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Kərim oğlunun və X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 210 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
25. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
26. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5747/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh Kərim oğlunun və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 210 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva