Məhkəmə qərarları › İş №2(060)-2413/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2413/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2413/2022 04.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və dəymiş maddi ziyan” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehdən 14000 manat borcun və məhkəmə xərclərinin alınaraq ona qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anasının Aslanova Zəminənin keçmiş iş yoldaşı olmuş və bu səbəbdən də iddiaçı onu tanımışdır. Cavabdeh iddiaçıya müraciət edərək ona təcili pul lazım olduğunu bildirmiş və iddiaçıya söz vermişdir ki, əgər iddiaçı bankdan pul götürüb ona versə, o bankın pulunu tez bir vaxtda qaytaracaqdır. İddiaçı əvvəlcə buna razı olmamış, lakin cavabdeh iddiaçıya və anasına bildirmişdir ki, onun ərinin daş karxanası vardır, lakin sənədi olmadığına görə bank pul vermir, əri hər ay yüksək maaş alır, əgər ona bu işdə köməklik edilsə, iddiaçı daşınmaz əmlakı girov qoyub pul götürüb ona verərsə, o tez bir vaxtda pulu qaytarıb evi girovluqdan çıxaracaqdır. İddiaçı ona inanaraq “Finoko” bankdan 18000 ABŞ dolları məbləğində pul götürmüş və həmin puldan cavabdehə 14000 ABŞ dolları məbləğində pul vermiş və adına olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 38 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh həmin borcdan cəmi 2 ay ödəniş etmiş, lakin sonradan heç bir ödəniş etməmişdir. Nəticədə kredit borcu artaraq faizləri ilə birlikdə böyük bir məbləğ olmuş və bank iddiaçı krediti ödəmədiyi üçün məhkəmə qətnaməsi əsasında iddiaçının mənzili hərraca çıxarılaraq dəyər-dəyməzinə satılmış və iddiaçı ailə üzvləri ilə həmin mənzildən çıxarılmışdır. İddiaçı cavabdehin onun inam və etibarından sui-istifadə etməsi, iddiaçını aldatması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, xx.xx.2019-cu ildə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də araşdırma aparılmış və iddiaçıya bildirilmişdir ki, bu mülki məsələ olduğu üçün iddiaçı məhkəməyə müraciət etməlidir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh pulu ondan xarici valyutada aldığı üçün pulun həmin valyutada qaytarılmasını tələb edərək cavabdehdən 14000 (on dörd min) ABŞ dolları məbləğində borcun qaytarıldığı günə olan Azərbaycan manatına olan məzənnəsi əsasında və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin gəlməməsi barədə məlumat olmadığından işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Ona pulu Günel yox, Zəminə Qasımova vermişdir. Əsas məbləğ 4 min dollar olmuşdur. 6 min dollar qaytarmağa etiraz etmir və həmin məbləği hissə-hissə ödəməyə razıdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 127-35373Q-1220 saylı xx.xx.2020-ci il tarixli məktubla ona xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin № 1931 saylı xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt rayonu İcra şöbəsinin № 13K-79 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ünvan 1, mənzil 38 əmlakı satılmaq üçün açıq hərraca çıxarılmışdır. İş materiallarında olan Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə verdiyi izahatdan görünür ki, Cavabdeh iddiaçıdan iş qurmaq üçün 6000 ABŞ dolları pul götürmüş və bunun müqabilində 2 ay 600 dollar ödəniş etmişdir. Lakin sonradan iş qura bilməmiş və ondan pul tələb edildikdə imkanı olmadığı üçün pulu geri qaytara bilməmişdir. Belə ki, iş materiallarında olan izahatdan görünür ki, İddiaçı Cavabdeh 6000 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. (maddə 739.2). Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən, iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında borcu məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, pul vəsaitini geri ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı verilmiş borcun cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia göstərilən hissədə, yəni Cavabdeh 6000 ABŞ dolları məbləğində pul vəsaitinin (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) tutularaq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddianın qalan hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia göstərilən hissədə sübut olunmadığı üçün təmin edilməməlidir. İddiaçının hazırkı iddia tələbi özündə borc müqaviləsinin xüsusiyyətlərini ehtiva etsə də, lakin tərəflər arasında borc müqaviləsinin mühüm şərtləri barədə razılıq əldə olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 80 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Göründüyü kimi, iddiaçının Cavabdeh adına 6000 ABŞ dolları məbləğində pul verməsi iş materiallarında olan izahat əsasında öz təsdiqini tapsa da, lakin cavabdehin həmin pul vəsaitini qaytarmağa dair hər hansı öhdəlik götürməsi və həmin pul vəsaitinin hansı məqsədlə cavabdehə göndərilməsi müəyyən edilməmiş və tərəflər borc müqaviləsinin şifahi və ya yazılı qaydada bağlanması üçün lazımı mühüm şərtlər barəsində razılığa gəlməmişdirlər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsinin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Ona görə də məhkəmə hesab edir ki, 80 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) ABŞ dolları məbləğində pul vəsaiti (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 80 (səksən) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar