Məhkəmə qərarları › İş №2(060)-2413/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2413/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2413/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2000 manat pulun və 40 manat dövlət rüsumunun tutulub ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus mənzili 14000 manata satmış, satışdan əldə etdiyi məbləğin təxminən 12 min manat məbləğində torpaq sahəsi alıb həmin sahədə ev tikdirmək qərarına gəlmişdir. İddiaçı bununla bağlı köməklik göstərsin deyə cavabdehə müraciət etmişdir. İddiaçı əlində olan 12000 manat pulu cavabdehə vermiş və ona torpaq sahəsi almaq barədə kömək edəcəyinə etibar etmişdir. Hadisənin üzərindən bir neçə müddət keçəndən sonra cavabdeh iddiaçı üçün vəd etdiyi torpaq sahəsini aldığını bildirmişdir. Hətta iddiaçıya torpağı Şəmsəddin adlı bir şəxsdən aldığını və artıq həmin sahədə tikili evin də olduğunu bildirmişdir. Həmin evə köçməyinin üzrindən heç bir az keçməmişdi ki, cavabdeh və onun bir yerdə yaşadığı Güllü adlı bir qadın sözügedən evə gələrək evi boşaltmağını və çıxıb getməyini tələb etmişlər. Cavabdeh torpaq sahəsini özünün aldığını və evi özünün tikdirdiyini iddia etmişdir. Bu hadisə ilə bağlı iddiaçı SŞPİ-nin 5-ci PB-ə müraciət etmişdir. Bu hadisələrin gedişində isə iddiaçı cavabdehin sözügedən torpaq sahəsini Şəmsəddin adlı şəxsdən 12000 manata deyil, 10000 manata aldığını öyrənmişdir. Cavabdeh onu alladaraq 2000 manat məbləğində pulunu mənimsəmiş, bu da azmış kimi onu öz evindən qovmağa çalışmış, ünvanına nalayiq ifadələr işlətmiş və hətta onu ölümlə də hədələmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası tamamilə əsassız və cəfəngiyyatdır. Belə ki, iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İşin faktiki halı ondan ibarətdir ki, iddiaçı ev almaq məqsədi ilə cavabdehlə əlaqə saxlamışdır. Cavabdeh isə ona ilkin 12 000 manat ödəməklə ev tapmış, bu barədə ona məlumat vermiş və iddiaçı da bununla razılaşmışdır. Aralarında olan danışığa əsasən iddiaçı hər ay 350 manatdan aylıq ödəməli idi. Lakin o, ilkin aylığı ödəsə də, sonradan bundan boyun qaçırmışdır. Daha sonra evi aldığı Hüseynov Şəmistan Qənbər oğlu ilə əlaqə saxlamış, həmin evi sataraq onun ödədiyi 12 000 manat pulu ona geri qaytarmasını istəmişdir. Şəmistan da evi satmış və iddiaçının ödədiyi 12 000 manat pulu ona geri qaytarmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə 2022-ci ilin yay aylarında iş üçün müraciət edən zaman təsadüfən tanış olmuşdur. Söhbət edən zaman ona torpaq sahəsi almaq və orada ev tikdirmək istədiyini bildirdikdə cavabdeh ona köməklik edəcəyi vədini vermişdir. O, özünə məxsus mənzili sataraq əldə etdiyi məbləğin 12000 manatını cavabdehə vermiş, cavabdeh isə ona vəd etdiyi torpaq sahəsini Şəmistan adlı şəxsdən aldığını bildirmişdir. Həmin torpaq sahəsi sənədsiz idi. Orada ev mövcud deyildi. Həmin vaxt o, xəstəxanada olmuşdur. Cavabdeh həmin torpaq sahəsində ev inşa edildiyini bildirmişdir. O, qalan məbləği Şəmistan adlı şəxsə ödəməli idi. Cavabdeh evin tikintisini də özü edəcəyini bildirib. Həmin ev tikilərək ona təhvil verilib. Razılaşmaya əsasən 12000 manatdan əlavə 3000 manat ödəməli olduğu halda, cavabdeh əlavə 5000 manat ödəməli olduğunu ona bildirib. Qalan məbləği isə hər ay 300-400 manat olmaqla ödəməyə başlayıb. Evə köçdükdən bir müddət sonra Güllü adlı bir qadın evinə gələrək buranın ona məxsus olduğunu bildirmiş, daha sonra cavabdehlə birlikdə onun evdən çıxmasını tələb etmişlər. O, Şəmistandan pulunu tələb etmiş, Şəmistan isə ona 10 000 manat qaytararaq, İslamın ona cəmi 10 000 manat pul verdiyini bildirmişdir. Pulu ona Rövşən adlı şəxs əlbəəl verib. Rövşən keçmiş bələdiyyə işçisi olub. Cavabdeh onu aldadaraq ondan 12 000 manat pul almış, lakin Şəmistana 10 000 manat pul vermişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məhkəmə bildirişi göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü ildə anadan olmuşdur. Cavabdeh xx.xx.1987-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə məhkəmə sorğusu əsasında iddiaçının Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ünvanladığı müraciət əsasında toplanmış cinayət işinin başlanmasının rədd olunması materialının surəti məhkəməyə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş ərizəyə yazılı iltizamlar əlavə edilmişdir. Birinci iltizamda qeyd edilmişdir ki, “mən Hüseynov Şəmistan Qənbər oğlu Sumqayıt şəh Yaşıldərə qəsəbəsində yerləşən 1 sotda iki otaqlı tikilməkdə olan evimi qarşılıqlı razılaşma əsasında 18 000 AZN razılaşdım. İlkin ödəniş 12 000 AZN aldım. 6000 AZN də 17 aya ayda 350 AZN verilməsinə razılıq verirəm” iltizam imzalanmış və tarixi xx.xx.2022-ci il göstərilmişdir. İkinci iltizmda qeyd edilmişdir ki, “Mən Cavabdeh Sumqayıt şəhəri Yaşıldərə qəs.1 sotda olan 1 otaq 2 otağa düzələn tikilməkdə olan həyət evini qarşılıqlı razılıq əsasında qiyməti 18 000 AZN olan ev 12 000 AZN ödəyirəm. 6000 AZN də 17 aya ev tikilib təhvil verildikdən sonra hər ay 350 AZN ödəyəcəyimi öz öhdəçiliyimə götürürəm.” İltizam imzalanmış və tarixi xx.xx.2022-ci il göstərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İddiaçı torpaq sahəsi alınması və ev tikintisi məqsədi ilə cavabdehə 12 000 manat pul ödədiyini, cavabdehin onun üçün torpaq sahəsi alaraq burada ev inşa etdiyini, sonradan həmin evdən çıxmasını tələb etdiyini, bu səbəbdən iddiaçının evi Şəmistan adlı şəxsdən pulunu tələb etdiyini, Şəmistan adlı şəxsin ona 10 000 manat pul qaytararaq cavabdehin ona həmin məbləğdə pul verdiyini bildirdiyinə əsaslanaraq cavabdehdən qalan 2000 manat məbləği tələb edir. Göründüyü kimi iddiaçının tələbinin əsasında onun məhrum olması hesabına cavabdehin əsassız varlanması dayanır. Cavabdeh isə iddiaçının ona həqiqətən torpaq sahəsi alınması və ev tikilməsi üçün 12 000 manat pul ödədiyini və həmin məbləğin hamısını Şəmistan adlı şəxsə verdiyini bildirir. Mülki Məcəllədə həmçinin nəzərdə tutulmuşdur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir (1092.3.). Göründüyü kimi iddiaçının cavabdehə 12 000 manat pul ödəməsi işin mübahisəsiz halıdır. Həmin məbləğ cavabdehə borc kimi deyil, torpaq sahəsi alınması və ev tikintisi üçün verilmişdir. İddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin ona torpaq sahəsi alınması və ev tikintisi üçün 12 000 manat deyil, 10 000 manat pul xərclədiyini və iddiaçının məhrum olması müqabilində əsassız varlandığını sübut etməlidir. İddiaçı isə öz tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının vəsatəti əsasında onun ərizəsinə əsasən Sumqayıt şəhər Polis idarəsi 5-ci Polis bölməsində aparılmış araşdırmaya dair material məhkəmə sorğusu əsasənda alınmışdır. Lakin, həmin materialdan məlum olmuşdur ki, iddiaçının şikayəti cavabdehin və Güllü adlı qadının onu təhqir etməsi ilə bağlı olmuş və hazırkı mübahisə həmin araşdırmanın predmeti olmamışdır. Cavabdehin məhkəməyə göndərdiyi yazılı iltizamlarda isə onun Şəmistan adlı şəxsə ev 12 000 manat pul ödədiyi öz təsdiqini tapır. İddiaçı cavabdehin ona məxsus olan 2000 manat pulu məmimsəməklə əsassız varlanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün məhkəmə həmin iltizamların həqiqiliyinin müəyyən edilməsi ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2000 manat pulun və 40 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar