Məhkəmə qərarları › İş №2(060)-2417/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2417/2021

03.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2417/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin tutulması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 10550 (on min beş yüz əlli) manat maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, 02 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində ona məxsus olan “Cerato Coup” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsi ilə üzü düz “Dörd” qardaş şadlıq sarayı istiqamətində hərəkətdə olarkən “Röya” restoranın qarşısında sola dönmək məqsədi ilə maşını yolun sol zolağında dayandırmış, bu vaxt arxadan surətlə gələn VAZ “21112” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etdiyi avtomobilin arxa hissəsinə zərblə çırpılmışdır. Zərbənin təsirindən ona məxsus olan avtomobil “Röya” ailəvi istirahət mərkəzinin hasarına dəyərək hasarı və istirahət mərkəzinin mətbəxinin divarının bir hissəsini uçurtmuş, eləcə də həm avtomobil yarasız hala düşmüş həm də avtomobildə onunla birgə rəfiqələri müxtəlif bədən xəsarətləri almışdırlar. 02 oktyabr 2020-ci il tarixdə yol-nəqliyyatı hadisəsi faktı ilə bağlı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Sənan Aslanov tərəfindən araşdırma aparılmış və faktla bağlı toplanmış materiallar üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etmiş, VAZ “21112” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1 -ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərmiş, eləcə də dəymiş maddi ziyanla bağlı Cavabdeh barəsində mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməyimi tövsiyə etmişdir. Belə ki, Cavabdeh VAZ “21112” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili həm idarə etmək hüququ (Etibarnamə) həm də sürücülük vəsiqəsi olmadan idarə etmiş, hebelə avtomaşın icbari sığorta da edilməmişdir. Cavabdeh təqsirli bilindiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşına dəyən zərəri müəyyən etmək üçün avtomaşın “xxxx” servise aparılmış və ilkin baxış keçirildikdən sonra 10.550 (on min beş yüz əlli) manat məbləğində maddi zərər dəyməsi müəyyən edilərək 12.09.2020-ci il tarixdə tərtib edilmiş Qüsur Aktında müvafiq qeyd aprılmışdır. Baxmayaraq ki, tərəfindən cavabdehə vurduğu maddi zərərlə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir, lakin cavabdeh tərəfindən zərərin aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Hesab edir ki, ona vurulmuş 10.550 (on min beş yüz əlli) manat maddi zərər Cavabdeh tutularaq ona ödənilməlidir. Eləcə də hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun məbləği də tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh onun xeyrinə 10550 (on min beş yüz əlli) manat maddi zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadeh Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı ünvanladığı 02.10.2020-ci il tarixli, 123-32877-1220 saylı, məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almağı ilə bağlı Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd olunmuş, Vaz 21112 markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 və 332.1-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. Əlavə olaraq, qərarla razı olmadığı halda Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək, habelə ona dəymiş maddi ziyanla bağlı Cavabdeh barəsində mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02.10.2020-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh idarə etdiyi Vaz 21112 markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobillə 02 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi ilə üzü “Dörd” qardaş şadlıq sarayı istiqamətində hərəkət edərkən qabaq hissəsi ilə eyni istiqamətdə hərəkət edərək dayanmış İddiaçı idarə etdiyi X14 minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması nəticəsində X5, İddiaçı, X3 və X6 xəsarət almışlar. Sonuncuların yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin rədd olunması qərara alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 12.09.2020-ci il tarixli qüsur aktından görünür ki, “Kia Coupe” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xəcləri 10549,90 manat təşkil edir. İş materiallarında olan AC №218376 seriyalı, “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “X14” minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh izahatının surətindən görünür ki, “VAZ 21112” markalı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 məxsusdur, onun həmin avtomobili idarə etməyi üçün etibarnamə yoxdur. Qardaşı da maşını idarə edən zaman yanında olmamışdır. 02.09.2020-ci il tarixdə saat 17 radələrində evdən zəng edib dedilər ki, anasının təzyiqi qalxıb, buna görə də qaraşı Vüqargilə getmiş və ondan avtomobilin açarını götürüb evə getmişdir. Anasına dərman verdikdən sonra onun yaxşılaşdığını görüb geri qayıdırdı ki, maşını qardaşına qaytarsın. Həmin vaxtı Sumqayıt şəhəri, Sahil küçəsi ilə 70 km/saatda hərəkət edən zaman “Röya” restoranın yaxınlığında idarə etdiyi avtomobilin qabaq hissəsi qarşısında orta zolaqda hərəkət edərək qəfil surəti azaldaraq sola dönmək istəyən X14 minik markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və bu vaxt sonuncu avtomobil zərbənin təsirindən sol tərəfə istiqamətlənərək “Röya” restoranın hasarına çırpılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 22.04.2021-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X13 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasına görə “VAZ 21124” marklı, ** OH *** dövlət qeydiyyat nişanlı avtomobil 16.10.2020-ci il tarixdən Qəbələ rayonu, Bılılx kəndində qeydiyyatda olan 05.07.1974-cü il təvəllüdlü X1 adına qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10.12.2020-ci il tarixli 3(060)- 2933/2020 saylı, qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 04.12.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 32A/78, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 109, mənzil 84də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddiaçı avtomobilinə dəymiş zərəri 10550 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 12.09.2020-ci il tarixli qüsur aktından görünür ki, “Kia Coupe” markalı, ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xəcləri 10549,90 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi 10549,90 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10549 (on min beş yüz qırx doqquz) manat 90 (doxsan) qəpik dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10549 (on min beş yüz qırx doqquz) manat 90 (doxsan) qəpik dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar