Məhkəmə qərarları › İş №2(060)-2424/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2424/2025

13.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2424/2025 13.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 2840 manat məbləğində pulun və tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə rüsum olaraq ödədiyi 48,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1969-cu il təvəllüdlüdür. Sumqayıt şəhəri, BTZ bağları, fərdi yaşayış evində yaşayır. Cavabdeh oğlu X1 görə tanımışdır. Belə ki, oğlu Elçin Cavabdeh onu işə düzəldə biləcəyini dediyindən təxminən iki il əvvəl onunla görüşmüş və ona 10000 manat pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, oğlunu işə düzəltmir və onu aldadır. Ona verdiyi pulu qaytarmasını istəmişdir. Rəşad çox çətinliklə 10000 manat pulunun 7000 manatını hissə-hissə olmaqla ona qaytarsa da, 3000 manatını qaytarmadı. Pulunun qalan hissəsini qaytarması məqsədi ilə dəfələrlə ona müraciət etmişdir. Sonda Rəşad borcunun qaytarılması üçün özünün veteranlıq kartını ona verdi. Bununla bağlı aralarında aktda bağladılar. Həmin akta əsasən Rəşada məxsus olan kart 10 il onda qalacaqdır. İki ay ərzində kartdan ümumilikdə 160 manat pul götürdü. Lakin sonrakı aylarda karta pul gəlmədiyi üçün əlacsız qalıb Sumqayıt Şəhər Polis İdarəsinə şikayət etdi. Lakin verdiyi pulun ödənilməsi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Araz” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsi ilə Rəşadın nömrələrini xatırlamadığı “Kapital banka” aid bank kartının hesabına ödədiyi üçün şikayət ərizəsi ərazi aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərildi. Hər iki Polis İdarəsində araşdırma aparıldı və hər ikisi Polis İdarəsinə dəvət olundu və izahatları alındı. Cavabdeh hər iki Polis İdarəsində verdiyi izahatında etdiyi əməli etiraf etdi. Araşdırmanın nəticəsi olaraq Abşeron RPİ-nin İŞ-də toplanmış material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar çıxarıldı və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki-mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən həll edilməli məsələ olduğu üçün məhkəməyə müraciət etməli olduğu izah edildi. Buna görə də hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən 2840 manat pul məhkəmə qaydasında tutularaq ona verilməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş 19 dekabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.

6. Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 15, mənzil 11-də yaşayan İddiaçı borclu olduğu 3000 manat pulu nağd ödəyə bilmədiyi üçün özünə məxsus veteranlıq kartını könüllü olaraq 10 il müddətinə İddiaçı öz razılığı ilə verdiyini bildirmişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-dən Sumqayıt şəhəri, BTZ bağları, fərdi yaşayış evində yaşayan İddiaçı olunun ondan oğlunu işə düzətmək məqsədi ilə Rəşad adlı şəxs tərəfindən 2 il əvvəl 10000 manat pul alması, lakin həmin şəxsin vədinə əməl etməməsi, aldığı 10000 manat puldan 7000 manatını qaytarsa da, qalan 3000 manat pulunu qaytarmaması barədə müraciəti əsasında toplanmış material Abşeron RPİ-nə göndərilmişdir. Abşeron rayon Pİnin İŞ-nin 19 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

11. Abşeron rayon Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı sonuncunun oğlu X1 görə tanımış, İddiaçı təxminən 2 il əvvəl onunla görüşmüş, ona 10000 manat pul vermişdir. Lakin sonradan məsələ həll olunmadıqda İddiaçı pulunun geri qaytarılmasını istəmiş, həmin ərəfədə iş yerində problem yaranması səbəbindən hissə-hissə olmaqla 10000 manat puldan 7000 manatını qaytarsa da, bu günə kimi 3000 manat pulunu qaytarmamış, buna görə xx.xx.2024-cü il tarixdə veteranlığa görə verilən təqaüd kartını akt əsasında İddiaçı vermiş, o, iki ay ərzində kartdan ümumilikdə 160 manat pul çıxarsa da, sonradan banka borcu olmasına görə bank veteranlıq kartından həmin borcu tutmağa başlamış, ona görə də qalan borcu verə bilməmişdir. İddiaçı olan borcunu qaytaracaqdır.

12. Beləliklə, qeyd olunan qərardan görünür ki, cavabdeh iddiaçıya 2840 manat məbləğində pul vəsaitini ödəməli olduğunu etiraf etmişdir.

13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini, eyni zamanda qeyd edilən halları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

15. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Hazırki işdə iddiaçı Abşeron rayon Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında yuxarıda adı qeyd olunan qərarını məhkəməyə təqdim etməklə cavabdehin heç bir hüquqi əsas olmadan 2840 manat məbləğində pul vəsaiti əldə etdiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapdığından, iddia təmin edilməlidir.

17. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat pul vəsaiti və 48 (qırx səkkiz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 2840 (iki min səkkiz yüz qırx) manat pul vəsaiti və 48 (qırx səkkiz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar