Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2428/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 1850 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,o, cavabdehi 8 ildən artıqdır ki,tanıyır və onların ailəvi gediş- gəlişi də olmuşdur.2019-cu il mart ayının 23-də o, ailə üzvləri ilə cavabdehin faktiki yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində cavabdehin dəvəti əsasında qonaq kimi olarkən, söhbət əsnasında cavabdeh ona bildirmişdir ki,maşın alveri ilə məşğul olmaq istəyir və ona etibar etdiyi üçün bu işionunla qurmaq niyyətindədir. O,cavabdehə bildirmişdir ki, onun bu işə yatırım etməyə pulu yoxdur və bu sahədə hər hansı bir anlayışa malik deyil,lakin yaxın dostluq münasibəti oldduğu üçün o, bankdan pul götürüb verə bilər. Lakin həmin pulu cavabdeh özü qaytarmalıdır. Cavabdeh onunla razılaşmış və xx.xx.2019-cu il tarixdə Ekspresbankın Sumqayıt filialına gedərək orada öz adına 1 illik müddətə qaytarmaq şərti ilə 1500 manat pulu və həmin pulun qaytarılmasına dair qrafiki,bank müqaviləsini götürərək cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulun maşın alveri üçün yetərli olmadığını ona bildirmiş və o da məcburiyyət qarşısında qalaraq atası Bəkirov Əzizdən 300 manat,bacısının həyat yoldaşı Rəsulov Rasimdən isə 500 manat alaraq cavabdehə vermişdir. Ümumilikdə o, cavabdehə 2300 manat məbləğində pul vermişdir. Cavabdeh cəmi 2 ay banka aylıq 140 manat olmaqla ödəniş etmiş,daha sonra isə hər dəfə bir bəhanə gətirməklə həmin ödənişləri etməkdən boyun qaçırmışdır. Həmin pulu cavabdehə verdikdən sonra cavabdehüç dəfə müxtəlif markalı avtomaşınlar alaraq satmış və hər bir maşından hissə-hissə olmaqla ümumilikdə 920 manat gəlir götürmüşdür. Cavabdehin özü də bunu ona etiraf etmişdir. Cavabdeh pulu qaytarmadığı üçün o, məcburiyyət qarşısında qalaraq banka olan borcu faizləri ilə birlikdə ödəmiş və o, həmin 1500 manata əlavə olaraq banka 250 manat vəsait ödəmişdir. Beləliklə cavabdehə vermiş olduğu 2300 manat müqabilində cavabdehona cəmi 280 manat, 250 manat və 900 manat qohumu Emil adlı şəxsin vasitəsi ilə borcdan qaytarmışdır. Əsas borcdan 870 manat borcu qalmışdır.Lakin verdiyi pula hesablanan 250 manat faizi o, ödəmiş və bu borc 1120 manat məbləğində olmuşdur. Cavabdeh həmin puldan başqa dəyəri 20 manat olan təkəri də aparmış, o,cavabdehin yaşadığı ünvana aylarla gedib gəlməklə təxminən 110 manat yollara xərci çıxmış, həmin maşınların satışından gələn gəlirin 1/3 hissəsi, yəni 300 manatı da mənimsəmiş,cavabdeh pulu ona qaytarmadığı üçün o, hüquqi yardımlardan istifadə etmiş və 270 manat vəkilə, 30 manat da dövlət rüsumu kimi ödənişlər etmişdir. Ümumilikdə ona cavabdeh tərəfindən 1850 manat maddi ziyan dəymişdir ki,həmin ziyan da cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğuyer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını və onun vəkilini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia tələbində cavabdehdən cəmi 1850 manat pul tələb etsə də, bu məbləğin yaranmasına əsas olan və iddia ərizəsində sadaladığı halların bir neçəsi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, iddia tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Lakin məhkəmənin sorğusu ilə Sumqayıt şəhər Pİ-nin 5-ci PB-dən alınmış materialların surətindən görünür ki, tərəflər arasında olan bu mübahisə ilə bağlı iddiaçının ərizəsi əsasında 5-ci PB-də araşdırma aparılmışdır. Həmin araşdırma zamanı cavabdehin verdiyi izahatında iddiaçıdan 1500 manat deyil, (hərçənd ki, iddiaçı PB-də verdiyi ərizəsində cavabdehə 1485 manat verdiyini göstərmişdir) 1450 manat aldığını etiraf etmiş və həmin puldan tanışı X3 vasitəsi ilə 900 manatın iddiaçıya qaytarıldığını göstərmişdir. İddiaçı da bu halı etiraf etmiş və bunu iddia ərizəsində qeyd etmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində cavabdehin əlavə olaraq ona 2 dəfə 140 manat olmaqla, cəmi 280 manat ödədiyini göstərmişdir. Beləliklə də, işin araşdırılan halları ilə cavabdehin iddiaçıya cəmi 1180 manat (900 manat +280 manat) qaytardığı müəyyən edilir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin aldığı 1450 manatdan cəmi 1180 manat qaytarıldığına görə, əlavə qalan 270 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin qalan hissəsi ilə bağlı yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, iddia tələbinin həmin hissədə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 270 manat və iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 43.50 manat məbləğində məhkəmə xərci cavabdehə aid edilməli və ondan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 270 manat maddi ziyan və 43.50 manat məhkəmə xərci alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 270 manat maddi ziyan və 43.50 manat məhkəmə xərci alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-2428/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2428/2020
30.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver