Məhkəmə qərarları › İş №2(060)-2437/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2437/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2437/2022 31.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5209.94 manat əsas və 1634.72 manat faiz borcunun, cəmi 6844.66 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə “Bank of Baku" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 27% olmaqla 5837 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, 2-ci mkr, yat-13, Nərimanov küç, otaq 76A, məhəllə 28-də qeydiyyatda olan və yaşayan Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5209,94 manat əsas borc, 1634,72 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Borclu Cavabdeh məhkəməni yazılı xəbərdar etməklə, göstərilən məhkəmə əmrinə etiraz etmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeyd edilən məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, "xxxx" ASC-dən 12 il müddətində kredit götürmüş, problemsiz müştəri olduğundan ona brilliant kart verilmişdir. Həmin kart üzrə bank tərəfindən ona 15 min manat kredit verilməsi təklif olunmuş, o isə 6 min manat kredit götürmşdür. Kredit müqaviləsi üzrə 1 il müddətində hər ay 270 manat olmaqla ödəniş etmiş, daha sonra işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Məhkəmə Cavabdeh izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 5837 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2015-ci il tarixdən başlayaraq 48 ay müddətinə hər ay banka 200.11 manat, yalnız sonuncu ay 198.59 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsi üzrə banka 5209.94 manat əsas və 1634.72 manat faiz borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2022-ci il tarixli hesabdan çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə illik 27 faizlə 48 ay müddətinə 5837 manat məbləğində kredit verilmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsi məqsədilə iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmiş və xx.xx.2022-ci il tarixli, 9/4844 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsi üzrə Cavabdeh xx.xx.2017-ci il tarixə 5206.01 manat əsas, 1792.92 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 386.1-ci maddələrinin tələbinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ikinciyə illik 27 faizlə, 48 ay müddətinə 5837 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. xx.xx.2022-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəəndəsi Nümayəndə izahatında kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı, həmçinin iş materiallarında olan xx.xx.2022-ci l tarixli problemli kreditlərin kompensasiyasına dair elektron çıxarışdan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin Fərmanın təsir dairəsinə düşməsi müəyyən olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-dən ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi fərmanın təsir dairəsinə düşdüyü üçün yalnız tələb olunan əsas məbləğ olaraq 5209.94 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Bundan əlavə tərəflərin məhkəmə iclasında mülki iş materialları araşdırılarkən iddiaçı tərəfin fərmanın təsir dairəsinə düşməsi, təklif olunan məbləğin restrukturizasiya olunması barədə təklifi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iddiaçı tərəfin məhkəmə iclasında düzgün olmayan məlumat verməsi və işin araşdılan hallarına əsasən ekspertiza təyin edilmiş və fərmanın təsir dairəsinə düşdüyü üçün iddia tələbi qismən təmin edildiyindən ekspertiza xərci iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçıya, ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Fərmanın 6.3-cü bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməlidirlər. Məhkəmə hesab edir ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüş, lakin restrukturizasiya olunmamışdır. Ona görə də tələb fərmanın təsirinə düşdüyü üçün cavabdehdən yalnız əsas məbləğ tutularaq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi cavabdehdən RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1634.72 manat faiz borcunun tələb edilməsi hissəsində Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir. Belə ki, qeyd edilən Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Fərmanda deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə olan halda Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən 5209.94 manat məbləğində əsas borc Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçı "xxxx" ASC-dən ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 15 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. RP/02696/52/11 saylı, xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən 5209.94 (beş min iki yüz doqquz manat doxsan dörd qəpik) manat məbləğində əsas borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı "xxxx" ASC-dən ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar