Məhkəmə qərarları › İş №2(060)-2448/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2448/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2448/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı Əlisəfa qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Əlisəfa qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlisəfa qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-980/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahlarından doğulmuş 28 fevral 2005-ci il təvəllüdlü X2 və 16 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 04 fevral 2005-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurub. Rəsmi nikahlarından 28 fevral 2005-ci il təvəllüdlü X4 və 16 mart 2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(060)-980/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikahlarına xitam verilmiş, uşaqların iddiaçının yanında saxlanması, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Hər iki övladının tələbatları günü-gündən artır. Belə ki, oğlu Vüsal 5 fəndən məktəbdən kənar hazırlıqlara gedir. Hal-hazırda orta məktəbin 11-ci sinifində təhsil alır. Ali məktəbə hazılaşır. Hər ay hər hazırlıq üçün 60 manat, cəmi 300 manat pul ödəyir. Bundan əlavə qızı Nuray orta məktəbin 7-ci sinifində təhsil alır. Hər ay əlavə olaraq 2 fəndən hazırlığa gedir. Hər ay hər hazırlıq üçün 60 manat, cəmi 120 manat pul ödəyir. Cavabdehin xəstəliklə əlaqədar əlillik dərəcəsi olsa da, əmək qabiliyyətindən məhrum deyildir, sağlamdır, işləmək qabiliyyəti kifayət qədərdir. Cavabdeh bir ata kimi övladlarının təhsil almasında heç bir maddi yardım göstərmir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək iddiaçının aliment məbləğinin artırılması tələbi barədə iddiasının rədd olunmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt 1 nömrəli şəhər poliklinikasında psixiatrik kabinetdə "paranoid şizofreniya fasiləsiz gedişli" diaqnozu ilə qeydiyyatdaydır və daimi müalicə alır. Əmək qabiliyyətsiz şəxs kimi 2-ci qrup əlildir. Aldığı təqaüd ancaq onun dərmanlarına zorla çatırdı. İndi isə məcbur olub aldığı təqaüdə 20 manat da əlavə edib, iddiaçıya aliment ödəyir. Dərmanlarını isə valideynlərinin pensiyası ilə ödəyir. İddiaçı ərizədə göstərir ki, cavabdeh əmək qabiliyyətindən məhrum deyildir, sağlamdır, işləmək qabiliyyəti kifayyət qədərdir və maddi imkan da var. Lakin rəsmi heç bir sübut təqdim etmir. Vəziyyətində heç bir dəyişiklik yoxdur, əksinə daha da pisləşib. Aylıq təqaüdündən əlavə heç bir yerdən maddi gəliri yoxdur. Ondan fərqli olaraq keçmiş həyat yoldaşı fərdi bizneslə məşğul olur, alimenti isə sadəcə ondan qisas almaq, cəzalandırmaq məqsədi ilə tələb edir. Boşanma prosesində də dəfələrlə bildirib ki, aliment borcu yığılandan sonra həbs etdirəcək. Keçmiş həyat yoldaşı onun valideynlərinə məxsus evdə yaşayır, kirayə pulu vermir, heç bir kommunal xərc ödəmir, iddiaçının bütün kommunal xərcini də onlar ödəyir. Bunları qeyd etməkdə məqsədi o deyil ki, cavabdeh övladlarına qayğı göstərməkdən imtina edir və bütün ağırlığı, məsuliyyəti ananın üzərinə atır. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o da bir valideyn kimi bütün pensiyasını uşaqlarını saxlamaq üçün ödəyir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı çatmır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o, hal-hazırda merketdə işləyir. Aylıq əmək haqqı 250 manat təşkil edir. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Lakin həmin alimentin məbləği hal-hazırda uşaqların təlabatlarını qarşılamır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ailəsinə həmişə köməklik edib. İddiaçı özü də hal-hazırda işləyir. 100 manat artıq aliment ödəyə bilməz. Bu qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.1978-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X4 28.02.2005-ci ildə, X3 isə 16.03.2009-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçı Əlisəfa qızıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli, 2(060)-980/2019 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş 28 fevral 2005-ci il təvəllüdlü X2 və 16 mart 2009-cu il təvəllüdlü X1 nikah pozulduqdan sonra iddiaçının yanında saxlanması, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 67952 nömrəli vəsiqəyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən cavabdeh ikinci qrup əlildir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin arayışına əsasən cavabdeh sosial müavinətçi kimi qeydiyyatdadır. Sosial müavinət məbləği 120 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin təqdim etdiyi sübutlardan isə onun ikinci qrup əlil olduğu, əlilliyə görə pensiya aldığı müəyyən olunur. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli, 2(060)-980/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 fevral 2005-ci il təvəllüdlü X2 və 16 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 15.04.2019-cu il tarixli, 2(060)-980/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı Əlisəfa qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar