Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-246/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 3593,34 ABŞ dolları məbləğində əsas borc və 3460,57 ABŞ dolları faiz borcunun, 7053,91 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsümunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə 48 ay müddətinə illik 26 faiz ödənilməsi şərti ilə 5658 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 3593,34 ABŞ dolları məbləğində əsas borc və 3460,57 ABŞ dolları faiz borcunun, 7053,91 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin qismən qəbul etməyərək bildirdi ki, bank ona əsassız olaraq çox faiz hesablamışdır. İş üzrə ekspertiza təyin edilsə də, o da faiz borcunun məbləğini azaltmamışdır. Maddi imkanı çox aşağıdır. Başqa banklara, o cümlədən “xxxxxxxxxx” ASC-yə də borcu var. Bu səbəbdən faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Cavabdeh xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı, 07775728 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən). İş materiallarında olan xx.xx.2015-ci il tarixli, RP/31660/51/11 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh İddiaçı ASC tərəfindən illik 26 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 5658 ABŞ dolları məbləğində nağd pul krediti verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3593,34 ABŞ dolları məbləğində əsas borc, 3460,57 ABŞ dolları məbləğində faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1754 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks elətdirən hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli RP/31660/51/11 saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq X1 xx.xx.2019-cu il tarixə İddiaçı ASC-yə olan borcu ümumilikdə 6724,32 ABŞ dolları məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 3593,34 ABŞ dolları, faiz borcu üzrə isə 3130,98 ABŞ dolları. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, RP/31660/51/11 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). AR MPM-nin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Həmin Məcəllənin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1754 saylı rəyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 3593,34 ABŞ dolları əsas kredit borcu və 3130,98 ABŞ dolları faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərci də cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli RP/31660/51/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh 3593,34 (üç min beş yüz doxsan üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc və 3130,98 (üç min yüz otuz dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 6724,32 (altı min yeddi yüz iyirmi dörd dollar otuz iki sent) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh 145 (bir yüz qırx beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-246/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-246/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver