Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2462/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(060)-2719/2011 saylı qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2719/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2005-ci ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanması və cavabdehdən X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda uşağın bütün maddi ehtiyacları iddiaçının üzərindədir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh hazırda uşağı ilə maraqlanmır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan uşağın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2007-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X4r. xx.xx.2021-ci il tarixli, 373585 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikahın pozulması barədə akt qeydi xx xxxx 2012ci ildə aparılmışdır. Nikah pozulduqdan sonra ərə Babayev, arvada Səfərova soyadları verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2005-ci ildə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanması və cavabdehdən X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). İddiaçı “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsinə əsaslanaraq cavabdehdən həmin məbləğdə aliment tutulmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. Məhkəmə iddiaçının qazancını, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 2021-ci il üçün uşaqlara müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq hər ay 175 manat məbləğində müəyyən edilməlidir. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Hazırda iddiaçı alimentin 76 manatdan 175 manata qədər (99 manat) artırılmasını tələb etdiyi üçün tələb üzrə 1 illik ödəmələrin məcmusu 500 manatdan çoxdur. Buna görə iddiaçı 30 manat dövlət rüsumu ödəməli idi. MPM-in 119-cu maddəsinə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2719/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2462/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2462/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver