Məhkəmə qərarları › İş №2(060)-250/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-250/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-250/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03R000026328 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 1841,04 ABŞ dolları kredit borcunun, 1194,87 ABŞ dolları faiz borcu və 761,84 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3797,75 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Kamaz 5511 markalı 10XX916 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 3797,75 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2011-ci il tarixli 03L000006824 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 03R000026328S saylı, xx.xx.2015-ci il tarixli 03R000026328SA saylı, xx.xx.2016-cı il tarixli 03R000026328SB saylı və xx.xx.2016-cı il tarixli 03R000026328SC saylı, xx.xx.2016-cı il tarixli 03R000026328SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10158,96 ABŞ dolları ödəmiş, onun 1841,04 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 755 gün üçün hesablanmış faiz borcu 1194,87 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qayarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020ci il tarixə 755 gün üçün hesablanmış cərimə 761,84 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1ci bəndinə əsasən yuxarıda göstərilən uzunmuddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh2 ilə Bank arasında xx.xx.2011-ci il tarixli 03M000000978 saylı ipoteka müqaviləsi əsasında Kamaz 5511 markalı 10XX916 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə ipoteka qoyanın arvadı X2 Bakı şəhəri 43 saylı dövlət notariat kontorunun notasiusu E.B. Qurbanov tərəfində təsdiq olunmuş xx.xx.2011-ci il tarixli ərizə ilə əri Cavabdeh2 məxsus avtomaşını ipoteka ilə yüklü etməsinə etiraz etmədiyini yazılı olaraq bildirmişdir. AR DİN BDYP QİŞ tərəfindən qeydə alınmış AA № 137601 saylı Kamaz 5511 markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh - ipoteka qoyan Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə AR DİN BDYP-nə təqdim olunmuş və xx.xx.2018- ci il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx xxx 2011-ci il tarixli, 03L000006824 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 20.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. xx xxx 2011-ci il tarixli, 03L000006824 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxx 2014-cü il tarixli 03R000026328 saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 03R000026328S saylı, xx.xx.2015-ci il tarixli 03R000026328SA saylı, xx.xx.2016-cı il tarixli 03R000026328SB və xx.xx.2016-cı il tarixli 03R000026328SC saylı sazişlərdən görünür ki, bank ilə kredit alan arasında xx xxx 2011-ci il tarixli, 03L000006824 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxx 2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş faizi və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edlimişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kesirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitutsiya məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həmçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üsün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2018-cı il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. İddiaçı tərəfinən təqdim edilmiş arayışdan görünür ki, xx xxx 2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşması üzrə Cavabdeh1 banka xx xxxxxxxx 2018-ci il tarixə olan kredit borcu 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 ABŞ dolları təşkil edir. Qeyd olunanlara əsasən Cavabdeh1 qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu nəzərə alınmqla təmin edilməlidir. İş materiallarında olan Bankla Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış xx xxx 2011-ci il tarixli 03S000010695 saylı, xx xxxxx 2014-cü il tarixli, 03S000020983 saylı və xx xxxx 2012-ci il tarixli 003S000015006 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər Kredit Xətti müqaviləsi, bu Kredit Xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələrinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış xx xxx 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən, xx xxx 2011-ci il tarixli 03L000006824 saylı kredit xətti müqaviləsi və bu kredit xətt müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. AB N seriyalı 570022 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. AA seriyalı, 137601 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, “Kamaz 511” markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixində qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, ipoteka predmetinə tutulmanın yönəldilməsi haqqında bildiriş DİN BDYPİ Qeydiyyat İmtahan Şöbəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə Mülki Məcəlləsinin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşması üzrə 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc tutulmalı, tələb Cavabdeh2 məxsus “Kamaz 5511” markalı 10XX216 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 09 manatı iddiaçıya aid edilməli, qalan 21 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli 03R000026328 saylı kredit razılaşması üzrə 1841,04 ABŞ dolları əsas, 692,88 ABŞ dolları faiz və 149,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2683,57 (iki min altı yüz səksən üç ABŞ dolları əlli yeddi sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc tutusun. Tələb Cavabdeh2 məxsus “Kamaz 5511” markalı 10XX216 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar