Məhkəmə qərarları › İş №2(060)-2504/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2504/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2504/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı2 ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə 03 iyul 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh "xxxx" KB ASCnin xeyrinə 942.69 manat əsas, 75.62 manat faiz, 13.06 manat cərimə, cəmi 1031.37 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-cı il tarixli, 2(060)-6680/2015 saylı məhkəmə əmri ilə xx xxxxx 1977-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh ünvan 2 ünvanında yerləşən "xxxx" KB ASC-nin xeyrinə 942.69 manat əsas, 75.62 manat faiz, 13.06 manat cərimə, cəmi 1031.37 manat borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6680/2015 saylı qərardadı ilə kreditor "xxxx" KB ASC-nin borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-6680/2015 saylı məhkəmə əmrinin ləğv edilməsi, işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün ən çoxu 36 ay müddətinə, illik 34%-dək olmaq şərti ilə 7000 manat məbləğədək kredit xətti, cari hesab açılmışdır və borcluya cari hesabla bağlı plastik kart təqdim edilmişdir. Kreditor tərəfindən borcalanın cari hesabına xx.xx.2013-cü il tarixdə 24 ay müddətinə hər ay 55 manat ödəmək şərti ilə 1000 manat pul köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı tələb hüququnun xx.xx.2021-ci il tarixli 02/21UB nömrəli müqavilə əsasında "xxxx" KB ASC-dən İddiaçı2 ASC-yə keçdiyini, bununla əlaqədar onun İddiaçı2 ASC ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən müraciət təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı Unibank KB ASC-nin tələb etmək hüququ 2022-ci ildə İddiaçı2 ASC-yə satılmışdır. Həmin vaxt cavabdehin 190 manat borcu olmuşdur. Daha sonra cavabdeh tərəfindən 51 manat ödəniş edilmişdir. Hazırda 148 manat borcu var. Onu da məhkəmənin nəzərinə çatdırır ki, borc tələbi ilə bağlı məhkəmə əmri qəbul edildikdən sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir və tələb hüququ artıq onlara keçəndə cavabdehin az məbləğdə borcu qalmışdır. Keçən məhkəmə iclasında borclu məhkəməyə mübahisəyə dair sübutlar təqdim edəcəyini bildirsə də, hazırda məhkəmə iclasında iştirak etmir. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, onunla bank arasında bağlanmış müqaviləyə görə o, bankdan 1000 dollar məbləğində kredit götürmüşdür, həmçinin ona Debit kartı verilmiş və hesabda 500 manat olmuşdur. Bildirir ki, o, Bankdan götürdüyü krediti də ödəmişdir. Hətta banka 50 dollar artıq ödəmişdir və həmin pul bank tərəfindən ona geri qaytarılmışdır. Bildirir ki, o, iddiaçı ilə cəmi bir müqavilə bağlamışdır. İş materiallarında olan müqavilədəki imza ona məxsusdur. Lakin orada qeyd edilən pulu o görməmişdir. Hazırda onun bank heç bir borcu yoxdur. Bank onun heç bir ödəniş etmədiyini bildirir, halbuki onun əmək haqqından 800 manatdan çox borc tutulub. Qeyd etdiklərinə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2013-cü il tarixli, 45548 smsBankı/13 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh illik 34 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 7000 manat məbləğinədək kredit xətti, cari hesab açılmışdır və borcluya cari hesabla bağlı plastik kart təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013cü il tarixli, 45548 smsBankı/13 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 ASC-yə 148.45 manat borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli 02/21 UB nömrəli müqavilədən görünür ki, tələbkar (Unibank) Azərbaycan Republikasının Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələblər üzrə bütün hüquqlarının Yeni tələbkara (BOA Kollektor Agentliyi MMC-yə) satmışdır. İşdə olan 02/21 UB xx.xx.2021-ci il tarixli tələb hüququnun alqı satqısı müqaviləsinə Əlavədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 45548 smsBankı/13 nömrəli kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı2 ASC-yə ötürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 45548 smsBankı/13 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin müvafiq maddələrinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür (194.1). Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur (194.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər (196) Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. "xxxx" KB ASC isə tələb hüququnu İddiaçı2 ASC-yə güzəşt etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən 942.69 manat əsas, 75.62 manat faiz, 13.06 manat cərimə, cəmi 1031.37 manat borcun tutulmasını xahiş etsə də, İddiaçı2 ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür kİ, cavabdehin xx.xx.2013-cü il tarixli, 45548 smsBankı/13 nömrəli kredit müqaviləsi üzrə hazırda 148.45 manat borcu qalmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh müqavilədəki imzanın ona məxsus olduğunu, lakin bank tərəfindən ona belə bir kredit verilmədiyini, veilmiş digər krediti isə tam məbləğdə ödədiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı2 ASC-nin xeyrinə 148.45 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı2 ASC-nin xeyrinə 148,45 (bir yüz qırx səkkiz manat qırx beş qəpik) manat borc tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar