Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2507/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, 11:30 radələrində DİNnin 102 qaynar xəttinə zəng edərək, Cavabdeh təxminən 2-3 ildir ki, üzdən tanıdığını və 2022-ci ilin avqust ayının 25-də Elsevər yaxın tanışından «Hundai Hİ» markalı avtomobili ona alacağını vəd edərək beh kimi 1000 manat pul lazım olduğunu demişdir. İddiaçı veteran oğlu Fərid Bədəlovun kartından 1-ci mikrorayon ərazisində yerləşən “Yelo” Bankdan 720 manat pul çıxarmış, həmin pulun üstünü düzəldərək elə bankın qarşısında Elsevərə 1000 manat vermişdir. Cavabdeh isə nə avtomobil almaqda köməklik etmiş, nə də ki, hazırkı vaxta kimi pulu qaytarmamışdır. Bu səbəbdən İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə 4-cü PB-nə müraciət etmiş, lakin Elsevər 4-cü PB-də izahat verərək ona borc verdiyini bildirmişdir. İşi aparan Röyal adlı təhqiqatçı xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. İddiaçı bu qərarla razı olmadığını bildirmişdir. Daha sonra tərəflər 2022-ci ilin sentyabr ayında axşam saatlarında Sumqayıt Avtovağzalı ərazisində yerləşən «Murad» kafesinin qarşısında görüşmüşlər. Cavabdeh iddiaçıya ona məxsus avtomobilə əyləşməyini bildirmiş və maşını tanımadığı istiqamətdə sürmüşdür. Həmin vaxt iddiaçının dostu Ruslan ona zəng etmiş və onların bir maşında getdiyini gördüyünü demişdir. Aralarında mübahisə yaranmışdır. Cavabdeh avtomobili yolun sağ kənarına çəkib saxladıqda, İddiaçı cavabdehin sol əlində qatlanmış şəkildə bıçaq olduğunu görmüşdür. Həmin an iddiaçının dostu Ruslanın avtomobilə gəldiyini görən Cavabdeh bıçağı gizlətmişdir və ayın 3-nə kimi pulu qaytaracağını bildirmişdir. Ruslan onlara yaxınlaşaraq, cavabdehdən pulu qaytarmasını demişdir. Cavabdeh isə Ruslanın yanında gələn ayın 3-də pul qaytaracağını bildirmişdir. Razılıqdan sonra cavabdeh öz avtomobilinə əyləşib getmişdir. Daha sonra, iddiaçı xx.xx.2023-cü il tarixdə sonuncu dəfə cavadehi Sumqayıt Avtovağzalındakı «Murad» kafesində görmüş və ona yaxınlaşıb pulunu nə vaxt qaytaracağını soruşmuşdur. Cavabdeh isə indi tələsdiyini, lakin pulunu qaytaracağını deyib maşınına geri minmişdir. Cavabdehin başqa şəxslərə qarşı da dələduzluq etdiyini eşitdikdən sonra və pulu qaytarmaq niyyəti olmadığını görərək iddiaçı xx.xx.2023-cü il tarixdə saat 11:30-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək hadisəni anlatmışdır. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 cavabdehi bölməyə dəvət etmiş və izahat almışdır. Cavabdeh öz izahatında İddiaçı 700 manat pulu borca aldığını bildirmişdir. Cavabdeh bildirir ki, bıçaqla bağlı izahatı özünü müdafiə xarakteri daşıyır. 18 fevral 2023-cü il tarixdə baş təhqiqatçı, polis mayoru X3 bu işlə bağlı qərar qəbul etmiş və cinayət işinin başlanmasını rədd etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirdi ki, hazırkı vaxtadək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh öz izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Belə ki, o, cavabdehdən 700 manat pulu borc almışdır. Pulu alarkən yanlarında heç kim olmamışdır. Hal-hazırda isə maddi vəziyyətində sıxıntı olduğu üçün pulu geri qaytara bilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, iddiaçı ilə qohumdurlar. Bildirdi ki, dünən ona cavabdehin İddiaçı 1000 manat pul alması məlum olmuşdur. O, mübahisələndirilən pul məbləği verildiyi zaman onların yanında olmamışdır. Lakin pulun verilməsindən məlumatlıdır.
7. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən qərarın təsviri hissəsində göstərilənlər və toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində onun barəsində DİN- nin 102 qaynar xəttinə ünvanladığı telefon zəngi ilə tanış olmuş, Musanı təxminən 5 ilə yaxındır ki, tanıdığını bildirmiş, belə ki, Musanın avtomobilin ehtiyyat hissələrinin satışı ilə məşğul olduğu vaxt tanımış, təxminən 6-7 ay əvvəl ona pul lazım olduğu üçün Musadan 700 manat borc pul almış, borcunu vaxtında qaytara bilmədiyi üçün Musa onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək guya “Hundai” markalı avtomobil almaq üçün ona 1000 manat pul verdiyini bildirmiş, əsl həqiqətdə isə Musa ilə onun arasında belə bir hadisənin olmadığını və o, bu barədə 4-cü PB-də izahat verdiyini bildirmiş, sadəcə olaraq Musa avtomobil almaq istədiyini və bu səbəbdən borcunu qaytarmasını bildirmiş, o, isə maddi durumu ilə əlaqədar pulunun olmaması səbəbindən ona borclu olduğu 700 manat pulu qısa müddətə qaytaracağını bildirmişdir, 2022-ci ilin sentyabr ayının 13-də saat 18:49 radələrində Musa “votsap” vasitəsi ilə ona səs ataraq təhqiramiz sözlər yazmış, həmin günün səhərisi axşam saatlarında Sumqayıt Avtovağzalında yerləşən «Murad» kafesinin qarşısında Musa ilə zəngləşib görüşmüş və Musa onun avtomobilinə əyləşmiş, o, avtomobili 2-ci Paralel küçəsi ilə üzü “Paraşok” zavodu istiqamətində idarə edərək onunla avtomobildə söhbət etmiş və avtomobildə onlardan başqa heç kim olmamış, o, avtomobili «Paraşok» zavodunun yaxınlığında yolun sağ tərəfində saxlamış və həmin vaxt avtomobildə onunla söz mübahisəsi aparmış, ondan nə üçün onu söydüyünü o, isə nə üçün pulunu qaytarmadığını bildirmiş, həmin vaxt Musanın dostu Ruslan özünə məxsus mikroavtobusla həmin yerə gəlmiş, aralarında hər-hansı bir mübahisə olmasın deyə onları sakitləşdirmiş, bundan sonra o, həmin ünvana gəldiyi özünə məxsus «Toyota Carolla» markalı, **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib oradan getmiş, həmin vaxt Musa ilə onun arasında heç bir dava-dalaş olmamış, Musanın dediklərinin həqiqətə uyğun olmadığını, onun üstünə bıçaq çıxarmadığını, ümumiyyətlə üstündə, yaxud avtomobilində bıçaq gəzdirmədiyini bildirmiş, Musanın bu yolla ona böhtan ataraq pulunu ondan almaq istədiyini bildirmiş, onun isə hazırda həmin pulu Musaya qaytarmağa imkanının olmadığını, pulu olanda Musanın borcunu qaytaracağını bildirmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Sumqayıt ŞPİ-nin 2-ci PB-də araşdırma aparılmış, tərəflərin izahatı alınmış, Cavabdeh İddiaçı 700 manat pul aldığını etiraf etmişdir. Mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Göstərilən Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
15. Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Yuxarıda qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya cəmi 700 manat borclu olduğunu etiraf etmiş, habelə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, pulu iddiaçıya qaytarmamışdır.
17. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Göründüyü kimi, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı 700 manat borc aldığını etiraf etmişdir.
19. Məhkəmə onu da qeyd edir ki, iddiaçı mübahisələndirilən pul məbləğinin 700 manatdan artıq olan, yəni 300 manat hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
20. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
21. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
22. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
23. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
24. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
25. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
26. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
27. İddiaçının sübut kimi istinad etdiyi şahid ifadəsi konkret olmadığına görə onun tələbini əsaslandıra biləcək sübut növü kimi qiymətləndirilə bilməz.
28. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva