Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2509/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1800 manat pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 38 manat dövlət rüsumunu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ət alveri ilə məşğul olduğuna görə cavabdeh ondan tanışı üçün 125,5 kq quzu əti istəmişdir. İddiaçı da onu tanıdığına görə 1900 manatlıq quzu əti verəmişdir. Öncədən şərtləşdikləri kimi cavabdeh 100 manat beh vermiş, qalan 1800 manatını isə səhəri gün verəcəyini bildirmişdir. Lakin o səhəri gün iddiaçıdan borcun qaytarılması ilə bağlı daha bir həftə vaxt istəmişdir. Bir həftə bitəndən sonra iddiaçı cavabdehə telefonla zəng etsə də, o telefonu söndürmüş və borcu ödəməkdən yayınaraq iddiaçıya cavab verməmişdir. Beləliklə cavabdeh iddiaçının etibarından sui-istifadə edərək 1800 manat borcunu bu günə kimi ona qaytarmamışdır. İddiaçının həmin faktı sübut edən şahidləri də var. Həmin borcla bağlı 04 dekabr 2022-ci il tarixində Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin PBdə müraciətinə baxılmış, qeyd etdiyi xüsusiatların həlli məhkəmələrin səlahiyyətində olduğundan, müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də cavabdehin ona borclu olduğu 1800 manat borcun geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında bildirdi ki, özü ət alveri ilə məşğuldur. Cavabdeh özü isə bu işlə məşğul deyil. Sadəcə bir neçə dəfə ondan ət məhsulu aldığı üçün münasibətləri yaranmışdır. Cavabdeh ondan əvvəllər aldığı ətin pulun vaxtında ödəmişdir. Cavabdeh onun yanına gələrək bildirib ki, tanışının oğlunun sünnət toyu məclisi üçün ət lazımdır. Ətin pulunu isə toydan sonra ödəyəcəklər. O, cavabdehə inandığı üçün ona 125,5 kq. quzu ətini cavabdehə nisyə satmışdır. Ətin ümumi dəyəri 1900 manat olmuşdur. Əti götürən vaxt cavabdeh həmin şəxslə birlikdə gəlib əti ondan almışdır. Əti götürən zaman onun yanında əmisiPənah və onunla birlikdə çalışan Xəyyam adlı şəxs olmuşlar. Həmin vaxt cavabdeh 100 manat ödəniş etmiş və bildirmişdir ki, sabah toydur və toydan sonra qalan 1800 manaat məbləğ ödəniləcək. Lakin, sonradan həmin məbləği cavabdehdən ala bilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-cü ildə anadan olmuşdur. Cavabdeh isə xx.xx.2000-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubla müəyyən edilir ki, Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən iddiaçıya məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, iddiaçı onun qardaşı oğludur. Onlar qardaşı oğlu ilə birlikdə işləyirlər. Belə ki, o xırdabuynuzlu heyvanlar alıb qardaşı oğluna verir. İddiaçı isə həmin heyvanları kəsib ətini satır. Cavabdeh onlardan toy üçün quzu əti istəmişdir. Cavabdeh əti götürməyə gələrkən o da iddiaçının yanında olmuşdur. Cavabdehə ümumilikdə 125,5 kq. quzu əti satılmış və dəyəri 1900 manat olmuşdur. Cavabdeh 100 manat ödəniş etmiş, qalan 1800 manatı məbləği isə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı ilə birlikdə işləyirlər. Cavabdeh onlardan toy üçün quzu əti istəmişdir. Cavabdeh əti götürməyə gələrkən o da iddiaçının yanında olmuşdur. Cavabdehə ümumilikdə 125,5 kq. quzu əti satılmış və dəyəri 1900 manat olmuşdur. Cavabdeh 100 manat ödəniş etmiş, qalan 1800 manatı məbləği isə ödəməmişdir. Qeyd edilməlidir ki, öncə tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsası müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş miqdarda ət məhsulunu cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1800 manat borcu qalmışdır. Qeyd edilən hal iddiaçı tərəfindən məhkəməyə təqdime dilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1800 manat məbləğində pul və 38 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). MPM-in 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1800 (min səkkiz yüz) manat pul və 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2509/2023
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2509/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver