Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2519/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin (SNTV əmtəə nişanı ilə fəaliyyət göstərir) Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (SNTV əmtəə nişanı ilə fəaliyyət göstərir) Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 42 manat 24 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş 20 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 112 manat 64 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, SNTV əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli TR 057 saylı və 07 may 2012-ci il tarixli TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə, kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq SNTVyə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən «Ədalət-A» hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 18 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzilin sahibidir. 22 yanvar 2013-cü il tarixdə «Ədalət-A» hüquq firmasının və «SNTV» kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 22.01.2013-cü il tarixdə 0975R saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda keçirilmiş son baxış 16.09.2012-ci il tarixdə olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan 16.09.2012-ci il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan 22.01.2013-cü il tarixli 0975R saylı aktın tərtib olunma tarixinədək olan müddət 128 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq, müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 42 manat 24 qəpik təşkil edir. Belə olan halda hesab edirlər ki, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 20 manat, bank xidməti haqqı isə 40 qəpik təşkil edir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə ödəməli olduğu məbləğ cəmi 112 manat 64 qəpik təşkil edir. Yuxarıda qeyd olunan müqavilənin 4.2-ci bəndinə əsasən qrafikdən kənar keçirilən nəzarət baxışı zamanı eyni ünvanda yerləşən binalarda hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün 40 manat ödəyir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İddiaçının nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Sumqayıt Şəhər Məhkəməsinin 12.04.2021-ci il tarixli 2(060)- 2519/2021 saylı qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22.01.2013-cü il tarixli 0975R saylı aktlardan görünür ki, İddiaçı MMC ilə «Ədalət-A» hüquq firmasının nümayəndələri tərəfindən ünvan 1 ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilində yaşayan vətəndaşın kabel şəbəkəsinə qanunsuz olaraq qoşulması aşkar edilmişdir. 18 saylı MKİS tərəfindən verilmiş 20 may 2019-cu il tarixli 485 saylı arayışdan görünür ki, qeyd olunan mənzildə Cavabdeh yaşayır və həmin mənzilin sahibidir. Aktdan göründüyü kimi, kabel şəbəkəsi xəttinə qanunsuz qoşulma halı baş vermiş, qanunsuz qoşulmanın nədə ifadə olunması dəqiq təsvir olunmuşdur. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən göründüyü kimi, cavabdehin yaşadığı mənzil 16.09.2012-ci il tarixdə şəbəkədən ayrılmışdır və qanunsuz qoşulmanın aşkar edildiyi günədək 128 gün vaxt keçmişdir. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən tellekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında təsdiq olundu ki, Cavabdeh müvafiq icazə almadan və müqavilə imzalamadan qanunsuz olaraq İddiaçı MMC-yə məxsus olan kabel şəbəkəsinə qoşulmuş, mülki hüquq pozuntusu törətmiş və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı pretenziya qaydasına riayət edərək, müvafiq zərər həddində məbləğin ödənilməsini tələb etsə də, cavabdeh könüllü şəkildə vurduğu zərərin əvəzini ödəməmişdir. Ödəniş qəbzindən (tapşırığından) görünür ki, iddiaçı tərəfindən 20 manat məbləğində dövlət rüsumu və 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 42 manat 24 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş 20 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 112 manat 64 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq SNTV əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 42 manat 24 qəpik abunə haqqı qismində vurulmuş zərər, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş 20 manat dövlət rüsumu, 40 qəpik xidmət (bank xidməti) haqqı olmaqla, cəmi 112 manat 64 qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq SNTV əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-yə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2519/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2519/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver