Məhkəmə qərarları › İş №2(060)-252/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-252/2024

11.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-252/2024 11.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 535 (beş otuz beş) manatın, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. Hazırki iş üzrə Cavabdeh aşağıda qeyd olunan hadisə baş verməzdən əvvəl tanımamışdır. Belə ki, 13 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində özünə məxsus ”LEXUS ES350” markalı, 10BP141 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsində sola dönmək üçün işıqforun qırmızı işığında gözləyən zaman, arxadan gələn moped markalı motosiklet iddiaçının avtomobilinin arxa sol hissəsinə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş verən hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə ilə bağlı polisdə izahat verən Cavabdeh hadisənin baş verməsində özünün təqsirli olduğunu etiraf etmiş və qəza törədərkən mopedi içkili halda idarə etdiyini bildirmişdir. Servis tərəfindən avtomobilinə dəymiş ziyan 535 (beş yüz otuz beş) manat müəyyən edilmiş və pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçün ona müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, avtomobilə dəymiş 535 (beş yüz otuz beş) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Həmçinin ərizə təqdim edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Lexus ES” 350 minik markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 etibarnamə üzrə İddiaçı sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyatdan çıxarmaq kimi səlahiyyətləri İddiaçı vermişdir. - TP ******* seriyalı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində, saat 16:30-da Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, 40 manat cərimə edilmişdir. - Cavabdeh Sumqayıt ŞPİ-nin DYP şöbəsinə verdiyi izahatından görünür ki, o, hadisənin baş verməsində özünün təqsirli olduğunu etiraf etmiş və qəza törədərkən mopedi içkili halda idarə etdiyini bildirmişdir. - My Auto Service tərəfindən verilmiş qüsur aktından görünür ki, avtomobilə dəymiş zərər 535 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 13 sentyabr 2023-cü il tarixdə saat 16:30 radələrində özünə iddiaçı ”LEXUS ES350” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsi kəsişməsində sola dönmək üçün işıqforun qırmızı işığında gözləyən zaman, arxadan gələn moped markalı motosiklet iddiaçının avtomobilinin arxa sol hissəsinə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş verən hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə ilə bağlı polisdə izahat verən Cavabdeh hadisənin baş verməsində özünün təqsirli olduğunu etiraf etmiş və qəza törədərkən mopedi içkili halda idarə etdiyini bildirmişdir. Servis tərəfindən avtomobilinə dəymiş ziyan 535 (beş yüz otuz beş) manat müəyyən edilmiş və pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçün ona müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1ci maddəsinə əsasən - Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən - Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən - Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 535 manat dəymiş zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 535 manat olduğundan Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 535 manat dəymiş zərərin əvəzi və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar