Məhkəmə qərarları › İş №2(060)-2520/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2520/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2520/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi və iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və sosial müavinətin iddiaçıya ödənilməsi tələbinə dair (maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Sumqayıt şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şurası) iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X15) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 ölümü ilə bağlı “ailə başçısının itirilməsinə görə” təyin olunmuş sosial müavinətin ona ödənilməsi və bu günə kimi cavabdehə ödənilmiş sosial müavinətin məbləğinin müəyyənləşdirməklə cavabdehdən tutularaq ona verilməsmə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. O, anası X6 ilə Cavabdeh arasında yaranmış faktiki nikah münasibətlərindən doğulmuşdur. Belə ki, anası uzun sürən xəstəliyindən 2020-ci ilin oktyabr ayında rəhmətə getmişdir. İstər anası rəhmətə gedəndən sonra, istər əvvəllər də onun xalalarına olan bağlılığı möhkəm idi. Anası xəstəliyi ilə əlaqədar olaraq müalicə üçün Azərbaycanın hüdudlarından kənara çıxdıqda o, həmişə xalalarının yanında qalırdı, həmişə də onun qayğısına onlar qalmışdır. Həmişə onun atası ilə münasibətləri soyuq olmuş, atabala olaraq bağlılıqları olmamışdır. Həmçinin atası ona atalığı belə 7 yaşı olarkən pul qarşılığında vermişdir. Anası uzun illər tarix müəlliməsi işləyib, həmişə maddi imkanı yaxşı olmuşdur. Bu səbəbdən də mərhum anası xəstəlik ucbatından yataq vəziyyətdə olarkən onu və əmlakını xalası Allahverdiyeva Kifayətə etibar etmişdir. Hətta anası onu atasının himayəsinə verilməməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti Qəyyumluq Komissiyasına müraciət etmişdir. Hətta anasının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova notarial qaydada yazdığı və öz imzası ilə imzaladığı ərizəsi də var. Bundan başqa Altayın həmişə marağı yalnız pul, ev olmuşdur. Tək məqsədi anasından qalan əmlakları ələ keçirtməkdir. Belə ki, Altay rəsmi nikahlı evlidir, ailəlidir, övladları var. Buna görə də mərhum anası onu Altayın ümidinə buraxmaq istəməmişdir. Bu səbəbdən anası yuxarıda da qeyd etdiyi kimi mülkiyyətində olan Sumqayıt şəhəri, 13-cü mikrorayon, 50 saylı evin 15 saylı mənzili və Sumqayıt şəhəri, 4-cü mikrorayon, 14/21 saylı evin 3 saylı mənzilini xalası X3 notarial qaydada bağışlamışdır. Buna baxmayaraq, Altay öz niyyətindən əl çəkməmiş, sözü gedən əmlakları ələ keçirtmək üçün müvafiq addımlar atmışdır. Anasının vəfatından sonra cavabdeh xalasına və Sumqayıt 1 saylı notariat ofisinə qarşı "əqdlərin etibarsız hesab edilməsi" tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehlər X7ma və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50, mənzil 15 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X11 ilə X4 arasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur. Altay həmin qətnamədən yuxarı məhkəmə instansiyalarına şikayətlərlə müraciət etsə də, nəticəsi olmamış, qətnamə dəyişdirilmədən qüvvədə qalmışdır. Bundan sonra cavabdeh xalasına qarşı "uşaq tələbi" iddiası ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun atası Cavabdeh himayəsinə verilməsi qət olunmuşdur. Amma heç vaxt Altayın yanında qalmamışdır. Altay özü də onunla görüşməyə cəhd göstərməmişdir. Hesab edir ki, bu baş verənlərdən sonra hadisələrlə bağlı özünə görə düşüncələri var. Belə ki, cavabdeh ona atalığı belə pul qarşılığında vermiş, heç vaxt da ona ata sevgisi verməmiş, qayğı göstərməmişdir. Bütün bunlardan da aydın görünür ki, Altayın tək niyyəti valideynlik hüququndan istifadə etməklə anasından qalan əmlaklarına sahib olmaqdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, anasının vəfatı ilə əlaqədar olaraq dövlət tərəfindən ona aylıq sosial müavinət təyin olunmuşdur. Bildiyimiz kimi sosial müavinət - qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin pul vəsaiti onun geyim, qida, təhsil və bu kimi bir çox maddi tələbatlarının ödənilməsi üçün dövlət tərəfindən ona təyin olunur. Rəsmi şəkildə o, cavabdehin himayəsində olduğu üçün ona görə təyin olunmuş həmin sosial müavinət cavabdeh Altay tərəfindən mənimsənmiş, həmin məbləğ cavabdeh tərəfindən öz xərclərinə ödənilir. Belə ki, o, məktəblidir, bir neçə fəndən hazırlıq kurslarına gedir. Həmin hazırlıq kurslarının ödənişi xalaları tərəfindən ödənilir. Bundan başqa onun digər tələbatları onlar tərəfindən ödənilir. Altayın hərəkətləri nəticəsində onun hüquqları pozulmuşdur. Bununla bağlı o, lazımi orqanlara şikayət ərizəsi ilə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmadığına görə himayəsində olduğu şəxsin adına açılmış bank kartına həmin müavinət dövlət tərəfindən köçürülür. O, faktiki olaraq Altayın himayəsində olmasa da, qətnamə ilə onun himayəsinə verilmişdir. Belə ki, qanunvericiliyə uyğun olaraq bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, yaşayış yerindən asılı olmayaraq uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir. Həmçinin nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.Ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Bundan başqa uşaqların hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti rqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, artıq onun 15 yaşı var. Altay valideynlik hüququndan sui-istifadə etməklə onun hüquqlarını pozmuşdur. İddiaçı yetkinlik yaşına çatmadığı üçün Sumqayıt Şəhər İcra hakimiyyətinin nümayəndəsi məhkəmə gedişatında ona qanuni nümayəndə təyin edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X10 nümayəndəsi X19 özlərinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə onun vəsatətini təmin edərək maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək anasının ölüm tarixindən etibarən hesablanmış ailə başçısını itirməyə görə müavinətdən atasının ona pul vermədiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi kimi təyin olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şurasının nümayəndəsi Nümayəndə2 iddiaçının dediklərini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək son 3 ayın pulunu məhkəməyə müraciət edilməsi ilə əlaqədar olaraq saxladığını, həmin vaxta qədər ödənilmiş pulları isə iddiaçının xalası Xalidəyə verdiyini bildirdi. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasında dindirilmiş şahid X4 öz ifadəsində bildirdi ki, o, Ümidin xalasıdır, Ümid atasını istəmir və xalası Xalidənin yanında qalır. Ümidin anası tərəfindən ona bağışlanmış evlərin hər ikisini kirayəyə veriblər və bir evin kirayəsindən əldə edilən pulla Ümidin ərzaq ehtiyacı qarşılanır, digər evin kirayəsindən əldə edilən pulla isə Ümidin 5 fəndən hazırlığının xərci ödənilir. Ümidin pulu olmadığı təqdirdə ona verdiyi karta pul göndərir, Ümidin paltarını, ərzağını o alır. Cavabdeh ailə başçısını itirməyə görə müavinətdən Ümidə heç bir pul verməyib. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İİ № 099049 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, onun anası X11, atası isə Cavabdehdur. - AZ-İ № 236726 atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2007-ci ildə X5 doğulmuş X16 atası hesab edilmiş və Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 31 may 2013-cü ildə 16 nömrə ilə qeyd edilmişdir. - AZ-İİ № 115277 ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 08 oktyabr 2020-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında Sumqayıt şəhər qeydiyyat şöbəsində 16 oktyabr 2020-ci ildə 1388 nömrəli ilə qeyd edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı uşaq tələbi üzrə iddiası təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı cavabdeh X1 alınaraq iddiaçı Cavabdeh verilmişdir. - Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərdiyi iddiaya münasibətindən görünür ki, İddiaçı anası X8 ölümü ilə əlaqədar xx.xx.2022-ci il tarixli qərarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. - Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərdiyi mülahizəsindən görünür ki, Sumqayıt şəhəri üzrə ailə başçısını itirməyə görə pensiya alan İddiaçı (FİN:xxxxxxx. AZE № ********, doğum tarixi xx.xx.2007) xx.xx.2023-ci il tarixədək 4000,35 (dörd min yüz manat 35 qəpik) manat əmək pensiyası və 200 (iki yüz) manat məbləğində nəzərdə tutulmuş maddi yardım ödənilmiş və məhkəmə tərəfindən qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. - Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 303,75 manat pensiya köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı anası X9 ölümündən sonra faktiki olaraq xalasının himayəsində qalmış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında isə xalası X1 alınaraq atası Cavabdeh himayəsinə verilmişdir, buna baxmayaraq xalasının himayəsində qalmağa davam etmiş və onun xərclərini xalaları qarşılamışdır. xx.xx.2022-ci il tarixli qərarla İddiaçı anasının ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı yetkinlik yaşına çatmadığından və məhkəmə qətnaməsi əsasında atası Cavabdeh himayəsinə verildiyindən ailə başçısını itirməyə görə əmək pensiyası kartı Cavabdeh verilmişdir. Məhkəmə qətnaməsi əsasında İddiaçı atası Cavabdeh himayəsinə verilməsinə baxmayaraq, o, atasının yanında yaşamamış, xalasının yanında qalmışdır. Atası isə İddiaçı ailə başçısını itirməyə görə ayrılan əmək pensiyasından hər hansı bir vəsait verməmişdir. Ümumulikdə cavabdeh xx.xx.2023-cü il tarixədək iddiaçı üçün verilən 4504,1 manat əmək pensiyası və digər yardımlar almışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsi ; 51.1. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 51.2. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 51.4 Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. 51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. 51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi ; 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 30.2. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların ixtiyarı vardır ki, valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə: 30.2.1. öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam versin; 30.4. Yetərli əsaslar olduqda məhkəmə valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının vəsatəti ilə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanın (əgər, o tam həcmdə fəaliyyət qabiliyyəti əldə etməyibsə) öz qazancı, təqaüdü və ya digər gəlirləri barəsində müstəqil sərəncam vermək hüququnu məhdudlaşdıra və ya ala bilər. 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ; 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər. 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, əmək pensiyasının növlərindən biri də ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Həmin Qanunun 14.1.1.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, ailə başçısının itirilməsinə görə iddiaçıya təyin edilərək cavadehin kart hesabına xx.xx.2023-cü il tarixədək ödənilmiş 4504,1 (dörd min beş yüz dörd manat, on qəpik) manat Cavabdeh alınaraq Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabına yerləşdirilməli, ailə başçısının itirilməsinə görə iddiaçıya təyin edilən əmək pensiyası və digər müavinətlər xx.xx.2023-cü il tarixdən etibarən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabına köçürülməli, qətnamənin icrası ilə əlaqədar Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabından yığılan vəsait İddiaçı 18 yaşına çatanadək Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının razılığı əsasında ona məxaric edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.16-cı maddəsinə əsasən öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 65,04 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Ailə başçısının itirilməsinə görə iddiaçıya təyin edilərək cavabdehin kart hesabına xx.xx.2023-cü il tarixədək ödənilmiş 4504,1 (dörd min beş yüz dörd manat, on qəpik) manat Cavabdeh alınaraq Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabına yerləşdirilsin. Ailə başçısının itirilməsinə görə iddiaçıya təyin edilən əmək pensiyası və digər müavinətlər xx.xx.2023-cü il tarixdən etibarən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabına köçürülsün. Hazırki qətnamənin icrası ilə əlaqədar Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin depozit hesabında yığılan vəsait İddiaçı 18 yaşına çatanadək Sumqayıt şəhər İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının razılığı əsasında ona məxaric edilsin. İddianın verilməsinə görə 65,04 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar