Məhkəmə qərarları › İş №2(060)-2521/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2521/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2521/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahlarından olan uşaqların onun yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 11.10.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşaqlar artıq böyümüşlər, təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Hazırda ailəsinin himayəsindədir, işləmir. Ona görə də cavabdeh tərəfindən ödənilən aliment məbləği uşaqların yalnız gündəlik tələbatlarını çətinliklə qarşılaya bilir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq 19.05.2011-ci il təvəllüdlü X7 və 30.03.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 05.05.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh alimenti vaxtlı-vaxtında ödəyir. Özü hazırda işləmir, dekabr ayından işdən çıxmışdır. Bu səbəbdən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı razılıq əsasında cavabdeh tərəfindən alimentin qismən artılmasını etiraz etmədiyini bildirərək, alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə bildirişi və SMS bildiriş göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 manat aliment ödəməyə razıdır. Bundan başqa, uşaqları üçün əlavə xərc çəkir, ad günlərini keçirir, həkimə aparır. Ona görə də məhkəmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 01.03.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 30.04.2016-cı il tarixdə, X7 19.05.2011-ci il tarixdə anadan olmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 22.07.2010-cu il tarixdə bağlanmış, 1134 saylı nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 19.05.2011-ci il təvəllüdlü X7 və 30.04.2016-cı il təvəllüdlü X4 anası X1 yanında qalması, 11.10.2019-cu il tarixdən başlayaraq 19.05.2011ci il təvəllüdlü X7 və 30.04.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Cavabdeh tutularaq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 29.10.2020-ci il tarixində akt qeydləri kitabında 292 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Səbiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı iki uşağa görə ödənilən 300 manat məbləğində aliment uşaqlarının saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, Cavabdeh hər uşaq üçün 160 manat aliment ödəməyə razı olduğunu, İddiaçı həmin məbləğə etiraz etməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə 19.05.2011-ci il təvəllüdlü X7 və 30.04.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28.02.2020-ci il tarixli, 2(060)-195/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 19.05.2011-ci il təvəllüdlü X7 və 30.04.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar