Məhkəmə qərarları › İş №2(060)-2526/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2526/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2526/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 31/14, mənzil 120-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5, otaq 155-də yerləşməklə bir otaqdan ibarətdir. Cavabdeh həmin mübahisəli mənzildə 1985-ci ildən yaşamaqla 1995-ci ildə onu ailə üzvü qismində həmin mənzilə köçürtmüşdür. Həmin vaxtdan həmin mübahisəli mənzildə cavabdehin ailə üzvü qismində yaşamışdır. İddiaçı həmin mənzildə qeydiyyatda olmasa da, orada daimi yaşamışdır. İşin məhkəmə baxışı zamanı iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə verərək, Sumqayıt şəhəri, 76-cı məhəllə, yataqxana 5, mənzil 135-ə istifadə hüququ tanınmaqla köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh onun bibisidir. Cavabdeh də onun həmin mənzilə istifadə hüququnun tanınmasına etiraz etmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddia tələbi tələbinə etiraz etmir. Belə ki, iddiaçı ilə cavabdeh qohumdurlar və iddiaçının mübahisəli mənzilə köçürülməyinə cavabdeh razıdır. Qeyd edilənlərə əsasən vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1950-ci ildə anadan olmuş, hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. 22 saylı Mənzil-Kommunal Sahəsinin 4193 saylı, 23.11.2020-ci il tarixli arayışında cavabdehin hazırda Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5, mənzil 135-də yaşadığı göstərilmişdir. 22 saylı Mənzil-Kommunal Sahəsinin 4194 saylı, 23.11.2020-ci il tarixli ətraflı arayışında gödstərilmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi, yataqxana 5 əvvəllər “X3”nin nəzdində olmuş, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19.11.2007ci il tarixli, 377 nömrəli sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. Yataqxana təhvil verilən vaxt 135 nömrəli otaqda cavabdeh yaşayırdı. O, 02.01.1985-ci ildən həmin otaqda qeydiyyatdadır və orada yaşayır. Otağa dair hər hansı hüquqi sənəd yoxdur. İddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması üçün ilkin növbədə həmin mənzil üzərinə istifadə hüququnun yaranması üçün əsasların olubolmaması müəyyən edilməlidir. Mülki Məcəllədə göstərilmişdir, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (152.3.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi daşınmaz əmlakdan istifadə hüququ ondan istifadənin (istifadə etməyin) hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin imkan bu barədə müvafiq notarial əqdin bağlanması ilə yaranır. Eyni zamanda qanunvericilikdə daşınmaz əmlakdan istifadə hüququnun yaranmasının digər imkanları da (mülkiyyətçi və ya digər qanuni istifadəçi ilə qohumluq, ailə münasibətləri və sair) təsbit edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmək istəyir və bu səbəbdən mənzilə istifadə hüququnun tanınmasını xahiş edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz (1). Normaların məzmunundan göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın məqsədi şəxslərin uçota alınması, onların zəruri vəzifələrinin icrasına cəlb edilmələri, hüquq və azadlıqlarını həyata keçirmələrinə şəraitin yaradılmasıdır. Qeyd edilən normaların müqayisəsindən belə bir nəticə çıxır ki, yaşayış sahəsindən istifadə və yaşayış yeri üzrə qeydiyyat bir-birindən fərqli anlayışlardır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ onunla mənzilin mülkiyyətçisi, icarədarı və ya mənzilə digər qanuni əsaslarla sahiblik edən şəxs arasında bağlanmış notarial müqavilə əsasında, yaxud da həmin şəxslə qohumluq və ailə münasibətləri əsasında yarana bilərdi. Hazırkı halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi və ya digər qanuni istifadəçisi ilə arasında hər hansı müqavilə bağlanması və ya onunla qohumluq əlaqəsi olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin həmin mənzilə hər hansı qanuni əsaslarla sahib olması barədə iş materiallarında heç bir sübut yoxdur. MPM-də göstərilmişdir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir (52.2.). İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (52.5.). Məhkəmə hesab edir ki, cavabdeh iddianı etiraf etmiş olsa belə, həmin etiraf iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz. Çünki cavabdeh iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilə hər hansı qanuni əsaslarla sahiblik hüququna malik deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun Sumqayıt şəhəri, 76-cı məhəllə, yataqxana 5, mənzil 135-ə istifadə hüququ tanınmaqla köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar