Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2530/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızının Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-702\2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq, cavadehdən hər ay qazancının (hər növ gəlirinin) ¼ hissəsində aliment, eləcə də 100 manat sabit pul məbləğində aliment, mediasiya xərci kimi ödədəyi 50 manatın tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-702/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq, cavabdehdən hər ay qazancının (hər növ gəlirinin) ¼ hissəsində aliment, eləcə də mediasiya xərci kimi ödədiyi 50 manatın tutularaq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-702\2020 saylı 25 fevral 2020ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah qeydi ləğv edilmiş, onun himayəsində qalan xx.xx.2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən 170 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Bu müddət ərzində cavabdeh alimentləri ödəmişdir. Lakin hazırkı aliment miqdarı təyin edilən vaxtdan 2 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində hər il yaşayış minimumları artmışdır. Uşağın da bu illər ərzində ehtiyacları artmışdır. Hər il alimentin miqdarının dəyişdirilməsina nail ola bilsə də, bunu etməmiş, cavabdeh də könüllü olaraq uşağın artan tələbatlarını ödəməmişdir. Ona görə o, məcbur olub təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddia verməli olmuşdur. Məhkəməyə iddia ərizəsi verməmişdən qabaq cavabdehə bu məsələni mediasiya vasitəsilə həll etməyi təklif etmişdir. Cavabdeh mediasiya qaydasında bu məsələni həll etməkdən imtina etmiş, mediator bu barədə arayış tərtib etmişdir. Mediasiya xərcində iştirak etməkdən cavabdeh imtina etdiyi üçün mediasiya xərci olan 50 manatı o, ödəmişdir. Uşaq üçün aliment təyin edilərkən cavabdehin əmək haqqının ¼ hissəsində tutulacaq alimentin miqdarı uşağın minimum tələbatlarını ödəyə bilməyəcəkdi, ona görə də alimentin sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Hazırda isə həm əmək haqqından hissəvi olaraq aliment tutulmasını istəyir. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Sumqayıt Ərazi İdarəsində işləyir. Ona görə də həm onun əmək haqqından hissəvi aliment tutulmasını istəyir. Ona görə də hesab edir ki, uşağın mənafeyini, onun günbəgün artan tələbatlarını nəzərə alaraq cavabdehdən hər ay gəlirinin ¼ hissəsində, həm də 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsində 100 manat əlavə yazılsa da , hazırda ona ehtiyac yoxdur. Aliment məbləğinin cavabdehin əmək haqqının ¼ hissəsində müəyyən olunmasını və mediasiya xərcinin ödənilməsini istəyir. İddiaçı qeyd etdiklərinə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaya etiraz edir. İddiaçı ilə birgə nikahlarından olan övladının saxlanması üçün 170 manat aliment və əlavə olaraq uşağın üç yaşı olana kimi 50 manat ödəmişdir. Himayəsində ata–anası var, özü də evlənmək niyyətindədir. İddiaçı və ailəsi uşağa baxmırlar. Onun uşaq üçün ödədiyi alimenti iddiaçı özünə xərcləyir. Uşaq onunla olanda evə getmək istəmədiyini bildirir. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün ümumilikdə 220 manat aliment müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində onun uşağına baxmadığını və əlavə xərclərdə iştirak etmədiyini yazmışdır. O, həmişə uşağına ayaqqabı, köynək və digər paltarlar almışdır. Onun əmək haqqının məbləği əvvəllər təxminən 400 manat, indi isə 500 manatdır. O hər il alimenti 10 manat artıracaqdır. Lakin alimentin onun əmək haqqına yönəldilməsini istəmir. Belə ki, iş yerində bununla bağlı söz-söhbət olmasını istəmir. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı tərəfindən ödənilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-16545/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-702 saylı, 25 fevral 2020-ci il tarixl qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü qızı X3 anadan olmuşdur (iş materiallarına əlavə olunmuş AZ-İİ 188285 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən) İş materiallarında olan AZ-İ 404785 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı və Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 621 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 12 may 2022-ci il tarixli, **********83 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsində aparıcı məsləhətçi vəsifəsində işləyən Cavabdeh hesablanan aylıq əmək haqqı 1088 manat təşkil edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Məhkəmə tərəfindən müəyyən edilmişdir edir ki, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsində aparıcı məsləhətçi vəsifəsində işləyir və onun aylıq əmək haqqı 1088 manat təşkil edir. Onun xx.xx.2018-ci il təvəllüdlü qızı X1 başqa övladı yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin daimi qazancı olduğundan ondan tutulan alimentin forması dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü qızı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı – 25 manat Cavabdeh tutularaq iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 2(060)-702/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin forması dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı Sadıqova (Mehdiyeva) Şəhla Teymur qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2530/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2530/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver