Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2542/2022 21.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bayramova (Kərimova) Günel Mirzağa qızına qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Bayramova (Kərimova) Günel Mirzağa qızına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 02.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 127,84 manat əsas borc, 1,67 manat faiz borcu, kredit müqaviləsi üzrə 02.06.2015-ci il tarixdən 04.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 17,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 147,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə cavabdeh arasında bağlanmış 02.06.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 30%-lə 300 manat məbləğində kredit verilmişdir. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirmir. 04.03.2022-ci ilədək cavabdehin banka 02.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 127,84 manat əsas borc, 1,67 manat faiz borcu olmaqla, cəmi 129,51 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 17 mart 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1984-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02.06.2014-cü il tarixli, 4-P-1-0-538-14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 30% ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. Bunu 02.06.2014-cü il tarixli məxaric orderi təsdiq edir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin banka 04.03.2022-ci il tarixə kredit müqaviləsi üzrə 127,84 manat əsas borc, 1,67 manat faiz borcu, illik 5 faizlə hesablanmış 17,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 147,46 manat borcu vardır. İşdə olan 4-P-1-0-538-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, cavabdeh iddiaçıya 12 ay müddətinə hər ay 29,25 manat, sonuncu ay isə 29,21 manat ödəniş etməli idi. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka 127,84 manat əsas borc, 1,67 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımıca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Mülki Məcəllədə həmçinin göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (445.7.). Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi müqavilə müddəti bitdiyi dövrdən sonra da həyata keçirilmədiyi üçün iddiaçı həmin məbləğə illik 5 faiz hesablamaqda haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 127,84 manat, 1,67 manat faiz borcu, 02.06.2015-ci il tarixdən 04.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 17,95 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 147 (yüz qırx yeddi) manat 46 (qırx altı) qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bayramova (Kərimova) Günel Mirzağa qızından tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2542/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2542/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver