Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2558/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə “MİT” markalı stol, stul və jurnal masası üçün 1020 manat ödənilməmiş hissə, 198 manat cərimə olmaqla, cəmi 1218 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan “MİT” markalı stol, stul və jurnal masası almış və nəticədə iddiaçıya 1218 manat borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 1020 manat olan “MİT” markalı stol, stul və jurnal masası üçün 20 ay müddətinə, aylıq 51 manat ödəməli idi. Cavabdeh həmin əmlaklar üçün heç bir ödəniş etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi (iddianın həcminin artırılması) barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verilməsini xahiş etdi, eyni zamanda iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, əşyaları iddiaçının əməkdaşları özləri gətirib quraşdırmışlar. Əşyaları gətirərkən oturacaq stullardan biri sınıq idi. İddiaçının əməkdaşları ona bildirmişlər ki, şirkətdən usta gəlib həmin stulu təmir edəcək. Lakin, heç bir usta göndərilməmişdir. Bu səbəbdən o, ödəniş etməmişdir. Qeyd edilənlərə cavabdeh əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin araryışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1960-cı ildə, Qubadlı rayonu, Mollu kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə “MİT” markalı stol, stul və jurnal masasını satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 20 ay müddətində hər ay 51 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1020 manat olan “MİT” markalı stol, stul və jurnal masasını ilkin ödəniş etmədən nisyə əldə etmişdir. Cavabdeh ödəməli olduğu 1020 manatdan cəmi 0 manat ödəniş etmiş, nəticədə 1020 manat ödənilməmiş hissə və 198 manat cərimə olmaqla, cəmi 1218 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “MİT” markalı stol, stul və jurnal masasını iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məkutubundan görünür ki, iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə bağlı məlumatlandırmışdır. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı həmin müqavilədə nəzərdə tutulmuş əşyanı cavabdehə vermişdir. Cavabdeh isə müqaviləyə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1020 manat borcu qalmışdır. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün iddiaçı cavabdehin ona borclu qaldığı 1020 manatı tələb etməkdə haqlı olmuşdur. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, 1020 manat əsas borc məbləğinə 198 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı əsas borcla cərimə məbləği arasında tənasübü gözləməmişdir. Bu səbəbdən məhkəmə cərimənin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilməldir. Cacabdehin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına imza etməklə müqavilə predmeti olan əşyaları iddiaçıdan tam qüsursuz aldığını təsdiq etmişdir. Eyni zamanda cavabdeh əşyaların qüsurlu olması barədə iddiaçıya müraciət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin əşyaların qüsurlu olması barədə dəlilini əsassız hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 223-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. “MİT” markalı stol, stul və jurnal masası üçün 1020 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, cəmi 1120 (min yüz iyirmi) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2558/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2558/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver