Məhkəmə qərarları › İş №2(060)-2582/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2582/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2582/2022 29.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı (üçüncü şəxs - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi) maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «TERM» Kompaniyasına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 12445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ünvan 1 ünvanda yerləşən 3 otaqlı, yaşayış sahəsi 139.8 kv metr olan mənzili tikib təhvil verməyi, iddiaçı da mənzilin hər kv.metri üçün 260 manat olmaqla, ona ümumilikdə 36500 manat ödəməyi öhdələrinə götürmüşdür. Cavabdeh həmin mənzili tikib iddiaçıya təhvil vermiş, iddiaçı da müqavilədə göstərilən məbləği tam ona ödəməklə bu barədə maliyyə arayışı almışdır. Həmin sənədlərə əsasən iddiaçı həmin mənzilə olan mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirmiş və iddiaçıya bu barədə çıxarış verilmişdir. İddiaçı hazırda maliyyə çətinliyi ilə əlaqədar həmin mənzili satmaq qərarına gələndə məlum olmuşdur ki, müqavilədə yaşayış sahəsi 139,8 kv metr olmasına baxmayaraq, cavabdehin tikib ona təhvil verdiyi mənzilin sahəsi 126,7 kv metrdir. Daşınmaz əşya bazarında köhnə bina evlərində mənzillərin qiyməti otaqla müəyyən edildiyi halda, MTK-lar tərəfindən inşa edilmiş yeni binalardakı mənzillərin dəyəri kv.metrlə hesablanır. Hazırda daşınmaz əşya bazarında yeni binalarda tikilmiş təmirsiz mənzillərin hər kv.metrinin qiyməti 600 manat təşkil edir. İddiaçı da mənzilinin sahəsinin 139.8 kv metr olmasını nəzərə alaraq satış qiymətini də həmin kv.metrə uyğun olaraq müəyyən edib ev bazarına çıxarmışdır. Real alıcı mənzili bəyənib almaq istəyərkən məlum olmuşdur ki, iddiaçının mənzilinin sahəsi 139.8 kv metr deyil, 126.7 kv metrdir. Bu halda alıcı ilə aralarında qiymətlə əlaqədar razılıq alınmamış və mənzili iddiaçı istədiyi qiymətə sata bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyri alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il tarixində iş üzrə ekspertin (müstəqil qiymətləndiricinin) rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 işin məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirmişdir ki, həmin binada eyni cinahda 1-ci mərtəbədən 14-cü mərtəbəyə qədər bütün mənzillərin sahəsi eynidir. Həmin tarixdə bağlanmış müqavilələrdə mənzillərin hamısının qiyməti eyni olmuşdur. Müqavilə 2013-cü ildə bağlansa da ötən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərdə dəyişikiliklər olmuş və mənzilin hər kvadrat metrinin alqı-satqı qiyməti yüksəlmişdir. Bu səbəbdən iddiaçı ona dəyən ziyanın hazırkı qiymətlərlə hesablanaraq ödənilməsini istəyir. İddiaçı çıxarışı 2018-ci ildə alsa da, hüquqi savadsızlığı səbəbindən mənzilin sahəsinə fikir verməmiş, yalnız mənzili satmaq istədiyi zaman onun sahəsinin az olduğunu öyrənmişdir. O, iddia müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil2 işin məhkəmə baxışı zamanı izahat verərək bildirmişdir ki, iddiaçı ilə bağlanan müqaviləyə uyğun olaraq mənzil verilmişdir. Evin faktiki ölçüsü müqavilədə nəzərdə tutulan ölçülərə uyğun gəlir. Belə ki, çıxarış verilərkən müvafiq orqan mənzilin sahəsini ölçür və onların hesablamasında mənzilin balkon hissələri isə 1/3 əmsalla hesablanır. Bu səbəbdən mənzilin sahəsi çıxarışda az göstərilib. Eyni zamanda çıxarış alınan zaman iddiaçı mənzilin sahəsinin az olduğunu bilmiş, lakin bundan 4 il sonra məhkəməyə müraciət etmişdir. Bununla da o, tələb üçün müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 139 kv.metr olan mənzili inşa edərək iddiaçıya təhveril vermək, iddiaçı isə mənzilin hər kv.metri üçün 470 manat olmaqla, mənzilin ümumi dəyərini təşkil edən 65330 manatı cavabdehə ödəmək öhdəliklərini götürmüşlər. "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 saylı, xx.xx.2016-cı il tarixli protokoluna əsasən iddiaçı kooperativin üzvü qəbul edilmiş, Sumqayıt şəhəri, 44-cü məhəllə ünvanında yerləşən kooperativ binadan ümumi sahəsi 139 kvadrat metr olan 86 saylı mənzil iddiaçıya ayrılmışdır. "xxxx" MTK-nın maliyyə arayışına əsaəsn Sumqayıt şəhər 44-cü məhəllə ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilib istifadəyə verilmiş 1 girişli, ev 4 MTK-ya məxsusdur. Bu binanın 14-cü mərtəbəsində yaşayış sahəsi 62,3 kvadrat metr, ümumi sahəsi isə 139 kvadrat metr olan 3 otaqlı, 86 saylı mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya həmin mənzilə görə borcu qalmamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən sahəsi 126,7 kv.metr olan ünvan 1 üzərində xx.xx.2018-ci il tarixində iddiaçının tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında “S- Əmlak” X1 xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 1-nın ümumi sahəsi 126,7 kvadrat metr, 2016-cı il üçün 1 kv.metrinin dəyəri 900 manat olmaqla, ümumi dəyəri 114030 manat, 2022-ci il üçün 1 kvadrat metrinin dəyəri 950 manat olmaqla, ümumi dəyəri 120360 manat müəyyən edilmişdir. İş materialına ünvan 1-nın texniki pasportu əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ümumi sahəsi 139 kv.metr olan mənzili inşa edərək ona təhvil vermək öhdəliyi götürdüyünü, lakin cavabdehin ona təhvil verdiyi mənzilin sahəsinin 126,7 kv.metr olduğunu bildirir və əskik gələn 12,3 kv.metr üçün artıq ödədiyi məbləği cavabdehdən tələb edir. Göründüyü kimi tərəflər arasında olan münasibətlər mahiyyət etibarilə podrat münasibətləridir. Mülki Məcəlləyə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2.). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1.). Öncə qeyd edilməlidir ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi üçün hazırkı iddia tələbinin qanuni əsasının müəyyən edilməsi zəruridir. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçı mənzillə bağlı artıq ödədiyi məbləği cavabdehdən tələb edir. Göründüyü kimi iddiaçı mənzilin əskik olan 12,3 kv.metr üçün cavabdehə artıq məbləğ ödəmiş, bununla da cavabdeh iddiaçının məhrum olması hesabına varlanmışdır. Bu səbəbdən iddia tələbinin qanuni əsasını iddiaçının məhrum olması hesabına cavabdehin əsassız varlanması təşkil edir. Mülki Məcəllədə göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Cavabdehin nümayəndəsi tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Ümumi iddia müddəti on il təşkil edir (373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1.). Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (1095). Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona verilmiş mənzilin müqavilədə nəzərdə tutulmuş sahəyə malik olan mənzillə əvəz edilməsi barədə iddia qaldırmış olsaydı, tələbə qeyd edilən iddia müddətinə uyğun qiymət verilə bilərdi. Hal-hazırkı tələbin qanuni əsasını isə əsassız varlanma təşkil etdiyindən tələbə mülki qanunvericiliyi əsassız varlanma ilə bağlı müəyyən etdiyi iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən mənzilin sahəsinin müqaviləyə uyğun gəlmədiyini bilmiş və ya bilməli olmuşdur. Lakin, iddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmiş və qanunla müəyyən edilmiş 2 illik iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin podrat münasibətləri ilə bağlı müəyyən etdiyi normalar baxımından yanaşılarsa, qeyd edilməlidir ki, həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İşin hallarından göründüyü kimi ünvan 1 2016-cı ildə iddiaçıya təhvil verilmişdir. Belə olan halda iddiaçı podrat müqaviləsi üzrə icranın qüsuru barəsində tələblə bağlı müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinə iddia müddəti tətbiq edilməli və iddiaçı tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «TERM» Kompaniyasına qarşı 12445 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar