Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-26/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-765/2019 saylı, 21.05.2019-cu il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehin ərizəsi ilə həmin məhkəmənin 11.02.2020ci il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Tərtər Rayon Məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, məcburi köçkün kimi Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. İdarə etdiyi avtomaşınla sərnişin daşıyıb ailəni dolandırır. Onun əksər sərnişinləri hərbiçilərdir. Onların müxtəlif sifarişlərini yerinə yetirib zəhmət haqqı alır. Belə sərnişin tanışlarından biri də Cavabdeh olmuşdur. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Cavabdeh Tərtər rayonu, Sarov kənd ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edir. N oktyabr 2018-ci il tarixdə Cavabdeh ondan ailəsində problem olduğuna görə 5.000 manat borca pul istəmiş, o da münasibəti yaxşı olduğundan inanıb həmin məbləğdə pulu yaxınının adına bankdan kredit götürüb Cavabdeh vermişdir. Cavabdeh pulu ona yazılı qəbz verərək 6 aya qaytarmağı söz vermişdir. Bundan sonra bir neçə dəfə pulu cavabdehdən istəmişdir. O, yalan vədlər verərək pulu sonra qaytaracağını bildirmişdir. Artıq 6 ay müddət bitmişdir. Maddi vəziyyəti ağırdır. Cavabdeh etiraz ərizəsi vermişdir. Etirazda bildirilmişdir ki, o, İddiaçı ehtiyacı olduğu üçün 11.11.2018-ci il tarixdə 2.000 manat faizə borc pul almışdır. İddiaçı borc pulu ona verəndə ondan hərbi vəsiqəsinin əslini, şəxsiyyət vəsiqəsinin əslini və maaş kartının əslini almaqla bərabər onun dilindən 5.000 manat dəyərində yazılı surətdə qəbz də almış və bildirmişdir ki, imzanı notariusda təsdiq edəndən sonra sənədlərin əslini geri qaytaracaqdır. Hətta ona bildirmişdir ki, pulu ona 3 ay müddətində borca verir və üç ay müddətinə 3.000 manat məbləğində tam qaytarandan sonra yazdığı qəbzi cırıb atacaqdır. O, iddiaçı ilə razılaşmış və notariusa gəlmişdir, lakin notarius bağlı olduğuna görə yazdığı qəbzi notariusda imzalaya bilməmişdir. Qəbz imzalanmadığı üçün onun qeyd etdiyi sənədlərin əsli və yazdığı qəbzi iddiaçı özündə saxlamış və bildirmişdir ki, verdiyi pulu faizi ilə qaytarandan sonra sənədləri və qəbzi geri qaytaracaqdır. 05.02.2019-cu il tarixdə o iddiaçının 2.000 manat pulunu qaytarmış və özünə məxsus sənədlərin əslini geri almışdır. Lakin iddiaçı yazdığı qəbzi ona qaytarmamış və bildirmişdir ki, 3.000 manatın faizini qaytarandan sonra qəbzi ona geri qaytaracaqdır. O, iddiaçının faizini qaytara bilməmiş və göstəriş əsasında xidmətini davam etdirmək üçün Sumqayıt şərində yerləşən hərbi hissələrin birinə gəlmişdir. İddiaçı ona zəng edərək bildirmişdir ki, faizi qaytarmasa yazdığı 5.000 manat qəbzi məhkəməyə təqdim edəcək və o pulu ondan tam alacaqdır. İddiaçı onun yazdığı, amma imzalamadığı qəbzi özü oxşar imza ilə imzalayaraq məhkəməyə təqdim etmiş və onun iştirakı olmadan baxılmış və qiyabi qətnamə qəbul edilmişdir. Həmin qiyabi qətnamə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və icra məmuru onu icra ödənişi ilə bağlı məhkəməyə çağırmışdır. O, icra məmuruna olan hadisəni danışmış və icra məmuru ona bildirmişdir ki, 750 manat pulu iddiaçıya ödəsə iddiaçı onunla razılaşacaq və bu məsələ tam olaraq müsbət qaydada bağlanacaqdır. Həmin pulu da o, icra məmurunun yanında iddiaçıya vermişdir ki, aralarında bir narazıçılıq olmasın. Bir müddətdən sonra icra məmuru ona zəng edərək bildirmişdir ki, iddiaçı qətnamə üzrə qəbul edilmiş pulunu tam istəyir. O, da məcbur olub hüquqları pozulduğu üçün Tərtər Rayon Məhkəməsinə gedib, qiyabi qətnaməni rəsmi qaydada tələb edib almışdır və AR MPM-nin tələblərinə uyğun qaydada qiyabi qətnamənin ləğv edilməsini və işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni qəbul edib və qiyabi qətnaməni ləğv edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, cavabdeh borcdan 700 manat qaytarmışdır. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. O, həmçinin, qeyd etdi ki, işə əlavə olunmuş, onun iddiaçıdan 5000 manat borc pul alması barədə qəbzi özü yazsa da, imzalamamışdır. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, cavabdeh iddiaçıdan 22.02.2019-cu ildə 5.000 manat pul alması barədə qəbz yazmışdır. - Həmin yazılı razılaşmada cavabdehin 6 ay əlavə vaxt istədiyi qeyd olunmuşdur. - İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 124 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Cavabdeh iddiaçıdan 5.000 manat məbləğində borc alması və qaytaracağına dair sadə yazılı formada öhdəlik götürmüş, cəmi 700 manat ödəmişdir. İddiaçı cavabdehin borcundan 700 manat ödədiyini etiraf edir. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 01.04.2022-ci il tarixli, 4/167 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 4-cü vərəqəsində Cavabdeh adından qəbzdəki, yazıların və imzanın Cavabdeh tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında borc münasibətləri olmuş və cavabdeh ondan irəli gələn öhdəliyi daşımış, onlar razılaşma yolu ilə cavabdehin mövcud borcu etiraf etməsi barədə mücərrəd müqavilə bağlamışlar. Cavabdeh borcun etirafı üzrə borc pulu qaytarmaq öhdəliyinin daşıyıcısıdır. Odur ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehin borcundan 700 manat ödədiyini etiraf edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 4.300 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 107 manat, cavabdeh İddiaçı 17 manat tutularaq X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.300 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 107 manat, İddiaçı isə 17 manat manat tutularaq tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-26/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-26/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver