Məhkəmə qərarları › İş №2(060)-260/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-260/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-260/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc kimi verdiyi 2.500 manat məbləğində borcun, 8.000 manat məbləğində pulun, zaminlik müqaviləsi əsasında maaş kartından tutulan 2.291 manat bank borcunun, 700 manat məbləğində icra haqqının, ümumilikdə 13.491 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə dəqiqləşmə verərək, Cavabdeh 5.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə birgə Sumqayıt şəhərində yerləşən hərbi hissələrin birində işləmişlər. 2016-cı il tarixdə keçmiş iş yoldaşı olan Cavabdeh "xxxx" ASC-dən 48 ay müddətinədək, 27% faiz dərəcəsi olmaqla, 10.444 manat məbləğində kredit götürmüşdür. 25.01.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olaraq onunla bank arasında 25.01.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcundan 3 ay ödəniş etdikdən sonra ödənişləri saxlanmışdır. Həmçinin cavabdeh 2016-cı il tarixdə AR CM-in 178-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur və 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu illər ərzində cavabdehin banka olan borcu onun aylıq əmək haqqı kartından tutulmuşdur. Həmin kreditlə bağlı onun maaşından tutulmalar olarkən o, 2016-cı il tarixdən 2017-ci ilin mart ayına kimi 350 manat məbləğində aliment ödəmiş, öz şəxsi kreditinə olan borca görə də 326.71 manat məbləğində pul ödəmişdir. Həmin tarixdə o, maaş ala bilməmişdir. O, kredit məbləğinin 8.000 manatını banka əlbəəl ödəmişdir. Bundan əlavə olaraq ümumilikdə onun kartından 2.291 manat məbləğində pul tutulmuşdur. Həmin iş üzrə ümumi məbləğin 7%-i, yəni 700 manat məbləğində icra haqqı da onun tərəfindən ödənilmişdir. Hal-hazırda da kredit ödənilib bitmişdir. Bununla bağlı "xxxx" ASC-nin 19.02.2019-cu il tarixli məlumat məktubunda "xxxx" ASC-nin xeyrinə 11006.61 manat məbləğində kredit borcu və 10 manat dövlət rüsumunun ödənilməsi qeyd olunmuşdur. O, bank borcundan əlavə olaraq 2015-ci il tarixdə cavabdehə əlbəəl 2.500 manat məbləğində borc pul vermişdir. Bütün bunlarla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia tələbini müdaifə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddianı qəbul etdiyini, iddiaçıdan 5.000 manat borcu qaytaracağını bildirdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 25.01.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh zamin olmuşdur. -Həmin müqavilədən görünür ki, 25.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış 25.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən illik 27% dərəcəsi ilə 48 ay müddətinə 10.444 manat məbləğində kredit verilmiş və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. -"xxxx" ASC-nin 13.02.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-205/2018 saylı, 17.04.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən borclu Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə ümumilikdə 11006.61 manat məbləğində kredit borcu və 10 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-205/2018 saylı, 17.04.2018-ci il tarixli məhkəmə qətnaməsi üzrə borc ödənilmişdir. - İş üzrə ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 100 manat təşkil etdiyi göstərilmişdir. - İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci iddiaçı tərəfindən ödəniləcəyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehdən 5000 manat pul tələb edir, sonuncu isə bu məbləğdə borcu olduğunu etiraf edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 16.03.2022-ci il tarixli, 9/529 №-li rəyindən görünür ki, 125RGUM160250001 saylı, 25.01.2016-cı il tarixli zaminlik müqaviləsi ilə iş materiallarında olan hesabdan çıxarış və ödəniş kartı üzrə çıxarış məlumatlarından İddiaçı AZ34A11B******************** nömrəli hesabından çıxarılmış ödənişləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5.000 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının nümayəndəsinin ekspertiza xərcinin iddiaçıdan tutulması barədə ərizəsini və cavabdehin bunu mübahisələndirməməsini tərəflərin razılığı kimi qiymətləndirərək hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutlaraq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5.000 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 100 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar