Məhkəmə qərarları › İş №2(060)-2629/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2629/2021

16.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2629/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.01.2009-cu il təvəllüdlü X1 və 22.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hər bir uşağa görə hər ay 175 manat sabit pul məbləğinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə ailə həyatı qurmuşdur və birgə nikahdan 2 azyaşlı övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(060)-7605/2019 saylı qətnaməsi ilə onunla cavabdeh arasında 31.03.2009-cu il tarixdə Sumqayıt şəhər Nikah evində 181 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Məhkəmə boşanmadan sonra birgə nikahdan olan 15.01.2009-cu il təvəllüdlü X4 və 22.05.2012-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Bununla yanaşı məhkəmə 19.08.2019-cu il tarixdən başlayaraq Cavabdeh 15.01.2009-cu il təvəllüdlü X4 və 22.05.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşaqların tələbatlarını ödəmir. Belə ki, azyaşlı övladları ilə ata evində yaşayır. Onlar qardaşının ailəsi ilə 6 nəfərdən ibarətdir. Aldığı 1/3 aliment və öz qazancı ilə uşaqları ilə birgə ayrı ev almaq mümkün deyil. Buna görə də, o, alimentin məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, uşağa görə cavabdehdən tutulan alimentin məbləği ən azı qanunvericilikdə müəyyən edilmiş minimum dolanacaq xərclərə uyğun olmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı gəbul etmədi və izahatında bildirdi ki, işləyir və aylıq əmək haqqısı 896 manat göstərilsədə, vergilər çıxandan sonra 600 manata yaxın maaş alır. Bu səbəbdən, iddianın təmin edilməməsini barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(060)-7605/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tutulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə Qurbanova (Qarazadə) Pərvanə Şahvələd qızı arasında 31.03.2009-cu il tarixdə Sumqayıt şəhər Nikah evində 181 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 15.01.2009-cu il təvəllüdlü X4 və 22.05.2012-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmış, 19.08.2019-cu il tarixdən başlayaraq Cavabdeh 15.01.2009-cu il təvəllüdlü X1 və 22.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 2 övladlarının olması, uşaqların ananın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin, məhkəmə alimentin məbləğini artırarkən, cavabdehin stabil əmək haqqı olmasını, əlavə gəlirlərinin olmamasını, onun maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olmamasını nəzərə alır. Cavabdehin gəlirlərinin əhəmiyyətli dərəcədə artmadığı halda, tutulan aliment məbləğinin də əhəmiyyətli dərəcədə artırılması mümkün deyil. Məhkəməyə təqdim olunmuş 06.04.2021-ci il tarixli 15 saylı arayışdan da göründüyü kimi, Cavabdeh «X6» MMC-nin 01.06.2018-ci il tarixli İR- 409/2018 saylı əmrinə əsasən texnik vəzifəsində çalışır və bütün vergi və digər məcburi ödənişlər tutulmadan öncə aylıq əmək haqqı 896 manat 49 qəpik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15.01.2009-cu il təvəllüdlü X1 və 22.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(060)-7605/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.01.2009-cu il təvəllüdlü X1 və 22.05.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli 2(060)-7605/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 manat sabit pul məbləğində aliment tutulsun. 30 manat dövlət rüsumu Cavabdeh tutularaq Dövlət büdcəsinə ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar