Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2634/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh və iş üzrə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 12.208,99 manat əsas borc, 1502,47 manat faiz borcu və 3136,59 manat cərimə borcu olmaqla, cəmi 16848.05 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-ci il tarixli 003L**********05 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-ci il tarixli 003R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7791,01 manat ödəmiş, onun 12208,99 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və iş üzrə Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul etmir. Belə ki, iş üzrə Cavabdeh1 kredit müqaviləsi bağlayaraq iddiaçı Bankdan göstərilən məbləğdə kredit götürmüşdür. O, özü isə həmin kredit müqaviləsi üzrə borc öhdəliklərinin yerinə yetirilməsinin təminatı kimi zamin durmuşdur. Kredit götürülən zaman özü sahibkarlıq fəaliyyəti ilə məşğul olub, həmin vaxt ödənişləri vaxtlı-vaxtında yerinə yetirmişdir. Lakin mövcud pandemiya vəziyyəti ilə əlaqədar işi məcburən dayanmış, buna görə ödəmə qabiliyyəti aşağı düşdüyü üçün ödənişləri edə bilməmişdir. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən digər Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2019-ci il tarixli, 003L**********05 saylı uzunmüddətli Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 500.000 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. xx.xx.2019-ci il tarixli 003L**********05 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-ci il tarixli 003R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 2020-ci il tarixə xx.xx.2019-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 banka olan kredit borcu 12208.99 manat əsas borc, 1502,47 manat faiz borcu və 3136,59 manat cərimə borcu olmaqla, cəmi 16848.05 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 3136,59 manat məbləğində cərimə azaldılaraq 300 manat müəyyən edilməlidir. İş materiallarında olan Bankla Cavabdeh2 oğli və Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-u il tarixli 003S**********01 saylı və 003S**********01 Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 xx xxxxxxxx 2019-cu il tarixli Kredit Xətti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı Bankın zaminə qarşı tələbi əsaslıdır, zamin boclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, 05 manat iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması üzrə 12208.99 manat əsas borc, 1502,47 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 14.011,46 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli 003R********** saylı kredit razılaşması üzrə 12208.99 manat əsas borc, 1502,47 manat faiz borcu və 300 manat cərimə borcu olmaqla, ümumilikdə 14.011,46 (on dörd min on bir manat, qırx altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2634/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2634/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver