Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2635/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 384.74 manat ödəniş etmiş və iddiaçıya 615.26 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 256 gün üçün hesablanmış faiz borcu 77.87 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 256 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 155.13 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 615.26 manat məbləğində kredit borcu, 77.87 manat məbləğində faiz borcu və 155.13 manat cərimə olmaqla, ümumilikdə cəmi 848.26 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 005A********** saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, aylıq 2,25% ödəmək şərti ilə 1000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş planından görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay banka 96 manat, sonuncu ay 99,98 manat, ümumilikdə isə 1155,98 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, Cavabdeh1 bankdan xx xxxxxxxx 2019-cu il tarixdə 1000 manat məbləğində pul almışdır. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 005A********** saylı, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka 615.26 manat əsas, 77.87 manat faiz, 155.13 manat cərimə borcu, cəmi 848.26 manat məbləğində borcu var. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli, 005A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh2 zamin durduğu xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 borcunun banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcunun banka ödənilməsi və əks təqdirdə bank tərəfindən mülki qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, müqavilə müddətinin bitməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə xx.xx.2020-ci il tarixə İddiaçı QSC-nə 615.26 manat əsas, 77.87 manat faiz, 155.13 manat cərimə borcu, cəmi 848.26 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən kredit müqaviləsinin 12 aylıq müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 615.26 manat məbləğində kredit borcu, 77.87 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 743.13 (yeddi yüz qırx üç manat on üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 615.26 manat məbləğində kredit borcu, 77.87 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 743.13 (yeddi yüz qırx üç manat on üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2635/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2635/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver