Məhkəmə qərarları › İş №2(060)-2652/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2652/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2652/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.02.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə 08.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2492,13 manat əsas borc, 274,64 manat faiz borcu, 97,80 manat cərimə borcu olmaqla, cəmi 2864,57 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 22 faizlə, 36 ay müddətinə 4100 manat məbləğində kredit vermişdir. Lakin, Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. İddiaçı 05.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1971-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış 4-Y-3-0-262-19 saylı, 08.02.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22 faizlə 4100 manat kredit verilmişdir. Kredit məbləğinin cavabdehə verildiyini 08.02.2019-cu il tarixli kassa məxaric orderi də təsdiq edir. Kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən cavabdeh hər ay 156,58 manat, sonuncu ay isə 156,63 manat ödəniş etməli idi. İşdən görünür ki, iddiaçı tərəfindən 18.01.2021-ci il tarixdə cavabdehə xəbərdarlıq (pretenziya) göndərilmişdir. 08.02.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə 08.02.2021-ci il tarixinə əsas borc üzrə 2492,13 manat, faiz borcu üzrə 274,64 manat, 97,80 manat cərimə borcu olmaqla, cəmi 2864,57 manat borcu qalmışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi cavabdeh 08.02.2019-cu il tarixli, 4-Y-3-0-262-19 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən “xxxx” İKB ASC ilə cavabdeh arasında bağlanmış 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2492,13 manat əsas borc məbləğinə 97,80 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.02.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 2492,13 manat, faiz borcu üzrə 274,64 manat, cərimə üzrə 97,80 manat olmaqla, cəmi 2864 (iki min səkkiz yüz altmış dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar