Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2662/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı Ağayeva (Məmmədova) Lalə Kamil qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Ağayeva (Məmmədova) Lalə Kamil qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağayeva (Məmmədova) Lalə Kamil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2068/2011 saylı, 01.06.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh birgə nikahlarından olan 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat alimentin tutulub, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2068/2011 saylı, 01.06.2011-ci il tarixli qətnaməsi ilə 08.04.2011-ci il tarixdən başlayaraq Cavabdeh 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağayeva (Məmmədova) Lalə Kamil qızının xeyrinə hər ay 76 manat məbləğində alimentin tutulması qət edilmişdir. Övladı artıq böyümüş və onun xərcləri artmışdır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, övladı 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat alimenti ödəməyə razıdır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 08.06.2010-cu il təvəllüdlü X3 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2068/2011 saylı 01.06.2011-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 76 manat məbləğində alimentin tutulması qət edilmişdir. - Cavabdeh 07.04.2021-ci il tarixli ərizəsindən görünür ki, iddianı qəbul edir. Övladı 08.06.2010-cu il təvəllüdlü X1 üçün hər ay 175 manat alimenti ödəməyə razıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 2(060)-2068/2011 saylı 01.06.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh Ağayeva (Məmmədova) Lalə Kamil qızının xeyrinə 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 76 manat məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda iddiaçı aliment məbləğinin artırılaraq hər ay 175 manat ödənilməsini xahiş edir. Cavabdeh alimenti ödəməyə razıdır Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2068/2011 saylı, 01.06.2011-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin alimentin məbləği barədə razılıqlarını nəzərə alaraq, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2068/2011 saylı, 01.06.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat məbləğində aliment tutulub 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Ağayeva (Məmmədova) Lalə Kamil qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 500 manatdan artıq olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2068/2011 saylı, 01.06.2011-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat məbləğində aliment tutulub 08.06.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Ağayeva (Məmmədova) Lalə Kamil qızına verilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2662/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2662/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver