Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-268/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 10465 manat əsas borc, 1597,07 manat faiz borcu, 4732,59 manat cərimə, xx.xx.2014-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1577,60 manat borc olmaqla, cəmi 18372,26 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 20% ödəmək şərtilə 18500 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia müddətinin ötürülməsinə dair ərizəyə etiraz edərək bildirdi ki, cavabdeh kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra da ödənişlər etmişdir. Bu səbəbdən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3620/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı ildən Bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh xx.xx.1975ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 4835/14 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 20 faizlə, 18500 manat kredit vermişdir. xx.xx.2014-cü il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 36 ay müddətinə hər ay 687,53 manat ödəməli idi. İddiaçı tərəfindən cavabdehə xx xxx 2020-ci il tarixli borcun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2020-ci il tarixinə 10465 manat əsas borc, 1577,60 manat gecikdirilmiş vaxt üçün hesablanan borc, 1597,07 manat faiz borcu və 4732,59 manat cərimə borcu olmaqla, cəmi 18372,26 manat borcu vardır. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5897 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin xx.xx.2017-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1199,72 manat təşkil edir. xx.xx.2020-ci il tarixinə cavabdehin iddaçıya olan borcu əsas borc üzrə 10483,02 manat, faiz borcu üzrə 1660,53 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində cavabdehin əsas borcu iddia ərizəsində tələb olunandan daha yüksək məbləğdə müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Faiz borcuna gəldikdə isə qeyd edilməlidir ki, ekspert rəyində faiz borcu xx.xx.2017-ci il tarixinə 1199,72 manat müəyyən edilmişdir. İşdə olan hesabdan çıxarışa əsasən müəyyən edilir ki, cavabdeh xx.xx.2017-ci ildə kredit borcu üzrə 400 manat, xx.xx.2017-ci ildə 300 manat, xx.xx.2017-ci ildə 150 manat, xx.xx.2018-ci ildə 100 manat və xx.xx.2018ci ildə 150 manat olmaqla, cəmi 1100 manat ödəniş etmişdir. Həmin ödənişlər cavabdehin faiz borcundan çıxıldıqda cavabdehin faiz borcu 99,72 manat təşkil edir. Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 1577,60 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 10465 manat əsas borc məbləğinə 4732,59 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə gəldikdə qeyd edilməlidir ki, Mülki Məcəllə) əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1.). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2.). Göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə banka xx.xx.2018-ci il tarixində ödəniş edilmişdir. Bu səbəbdən hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10465 manat əsas borc, 99,72 manat faiz borcu, 1000 manat cərimə borcu, gecikməyə görə hesablanan 1577,60 manat faiz borcu olmaqla, cəmi 13142 (on üç min yüz qırx iki) manat 32 (otuz iki) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-268/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-268/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver