Məhkəmə qərarları › İş №2(060)-2681/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2681/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2681/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət 6200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 1(012)-429/2020 saylı hökmünə əsasən iddiaçı zərərçəkmiş kimi tanınaraq ona cavabdeh tərəfindən aldatma yolu ilə dəymiş 6200 manat zərərin məbləği tam sübuta yetirilmiş və cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Şəki rayonu Aşağı Layısqı kəndində yaşayır və cavabdeh onun qardaşı arvadının kürəkəni Mübariz Abdurahmanov adlı şəxsin uzaq qohumudur. Təxminən 2019-cu ilin aprel ayının əvvəllərində iddiaçının qardaşı narkotik vasitə istifadə etməsi və dövriyyəsi ittihamı ilə əlaqədar polis əməkdaşları tərəfindən həbs edilmişdi. Bu hadisələr baş verdiyi ərəfədə cavabdeh ona Ehtibarı həbsdən qurtara biləcəyi barədə xəbər göndərmiş və özünü peşəkar hüquqşünas və vəkil kimi təqdim etmişdir. Cavabdeh bildirmişdir ki, cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsasən 6000 manat dövlətə ödəyəcəyi rüsum müqabilində qardaşı Ehtibarı azadlığa çıxara bilər. İddiaçı qohum-əqrabadan 5500 manat borc pul toplamış və cavabdehlə əlaqə saxlayaraq onun Şəkiyə gəlməsini xahiş etmişdir. 07.04.2019-cu il tarixdə təxminən gecə saat 01 radələrində cavabdeh Şəki rayonunun Aşağı Layısqı kəndindəki iddiaçının yaşadığı evə gələrək 5500 manat pulu ondan almış və qardaşı Ehtibarın həbsdən və cinayət məsulyyətindən azad edilərək azadlığa çıxması üçün həmin məbləğin az olmasını bildirərək əlavə 500 manat da tələb etmişdir. İddiaçı ertəsi gün qalıq 500 manat pulu oğlu İbrahimov Xalid vasitəsilə cavabdehə göndərmiş və 07.04.2019-cu il tarixdə oğlu Xalid 500 manat qalıq məbləği Şəki şəhər bazarının qarşısında təqribən saat 11:00 radələrində cavabdeh ilə görüşərək ona təqdim etmişdir. Cavabdeh 6000 manat pulu aldıqdan sonra iddiaçını arxayın etmişdir ki, 6000 manatı rüsum kimi dövlətə ödəməklə qardaşını azadlığa buraxdıracaq. Təqribən 2019-cu ilin may ayının əvvəllərində cavabdeh Şəkiyə gələrək qardaşının işi ilə bağlı məhkəmədə iştirak etməli olduğunu, ancaq yol pulunun olmadığını bildirərək ona poçt vasitəsilə 50 manat pul göndərməyini xahiş etmişdir. İddiaçı 03.05.2019-cu il tarixdə Şəkiyə gələrək qardaşının işi ilə bağlı məhkəmədə iştirak etməsi məqsədi ilə cavabdehin anası X4 adına Sumqayıt şəhər mərkəzi poçtuna 50 manat yol pulu da göndərmiş və anası həmin məbləği poçtdan alaraq cavabdehə vermişdir. Cavabdeh 2019-cu ilin iyun ayında məhkəmə davam etdiyi üçün təkrarən Şəkiyə gəlməli olduğunu bildirərək yol xərci adı altında 50 manat pul istəmiş və iddiaçı həmin pulu özünü onun qardaşı kimi təqdim edən X5 Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda vermişdir. Daha sonra, təqribən 2019-cu ilin iyun ayının ortalarında cavabdeh iddiaçıya zəng edərək qardaşı ilə bağlı Maştağada yerləşən psixiatriya xəstəxanasından hansısa vacib və zəruri sənədin təcili olaraq alınmalı olduğunu bildirərək 100 manat da pul lazım olduğunu bildirmişdir. İddiaçı həmin məbləği də qardaşı oğlu X2 göndərmiş və Orxan İbrahimov cavabdeh ilə Xırdalan şəhərindəki Heydər Əliyev parkında görüşərək 100 manat pulu ona vermişdir. Bir müddət sonra iddiaçının qardaşına məhkəmə tərəfindən 3 il 9 ay azadlıqdan məhrum etmə cəzası təyin edildikdə cavabdehin onu aldatması ilə bağlı əsaslı şübhələr yaranmağa başlayıb. İddiaçı cavabdehə zəng edərək onu aldatdığını, qardaşının 3 il 9 ay müddətinə həbs olunduğunu bildirərək ona verdiyi ümumilikdə 6200 manat pulun geri qaytarılmasını tələb edib. Cavabdeh isə heç bir məbləğdə pul almadığını bildirərək törətdiyi əməli inkar etməyə başlayıb. Beləliklə cavabdeh iddiaçının etibarından sui-istifadə edərək və iddiaçını vəd verərək aldatmaqla ümumilikdə 6200 manat maddi ziyan vurmuşdur. Onun bu əməlləri dövlətin adından çıxarılmış məhkəmə hökmü ilə də tam şəkildə təsdiq olunmuşdur. Bu günədək cavabdeh vurduğu maddi ziyan məbləğindən heç bir ödəniş etməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, Şəki rayonu, Aşağı Layısqı kəndində qeydiyyatdadır. Cavabdeh isə 19.06.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Abşeron Rayon Məhkəməsinin 13.10.2020-ci il tarixli, 1(012)-429/2020 saylı hökmünə əsasən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza digər hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək cavabdehin üzərində qəti olaraq 4 il 5 ay 29 gün müddıtundı azadlıqdan məhrum etmə cəzası saxlanmış, cəzanın çəkilməsi cavabdehin azyaşlı uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Şəki şəhəri Aşağı Göynük kənd icra nümayəndəliyindən verilən 104 saylı arayışda iddiaçının Şəki şəhəri, Aşağı Layısqı kəndində yaşadığı göstərilmişdir. Abşeron Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli məktubunda 13.10.2020-ci il tarixli, 1(012)-429/2020 saylı hökmün 03.11.2020-ci il tarixdə qanuni qüvvəsini aldığı göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. MPM-də göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (2.4.). Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cavabdeh iddiaçının zərərçəkmiş şəxs kimi tanındığı cinəyt işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmdən görünür ki, cavabdeh məhkəmədə verdiyi ifadəsində iddiaçıdan 6200 manat deyil, daha az məbləğdə pul aldığını etiraf etmişdir. Lakin, həmin iş üzrə şahid kimi ifadə vermiş X1, Səmədzadə Məhru əziz qızının ifadələri və digər sübutlarla cavabdehin iddiaçıdan həmin məbləğdə pulu aldatma yolu ilə aldığı müəyyən edilmişdir. Yəni, cavabdehin öz təqsirli hərəkətləri nəticəsində iddiaçıya 6200 manat məbləğində ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 6200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 6200 (altı min iki yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar