Məhkəmə qərarları › İş №2(060)-2689/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2689/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2689/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh X5 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 (bundan sonra - iddiaçı) X5 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən diş protezinin düzəldilməsi məqsədi ilə borca alıb ödədiyi 300 manat, 9 ay 30 manatdan faiz pulu olaraq ödədiyi 270 manat, 30 manat dövlət rüsumu və 1000 manat mənəvi ziyana görə, cəmi 1600 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə həyat yoldaşı X4 diş protezini yenisi ilə əvəz etmək üçün 300 manat nağd pul vermiş, lakin cavabdeh nə bu günə kimi diş protezini düzəltmiş, nə də aldığı pulu geri qaytarmamışdır. O özünün pulu olmadığı üçün hər ay faizini ödəməklə borca götürmüş və hər ay 30 manat faiz ödəyir. Bu barədə cavabdehə dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə vaxtı uzadaraq nə diş protezini düzəltmiş, nə də pulu geri qaytarmışdır. Cavabdeh söz verdiyi vaxtda diş protezini düzəltmədiyindən, artıq 9 aydan çoxdur ki, həyat yoldaşı normal qida qəbul edə bilmir və bu səbəbdən onun sağlığında çox ciddi problemlər əmələ gəlmişdir. Xeyli müddət əvvəl irad və təkidlərdən sonra həyat yoldaşının çənəsinə uyğun gəlməyən və çox güman ki, kiminsə protezini pul əvəzi kimi təklif etsə də, ölçüsü düz gəlmədiyindən tərəfindən özünə qaytarılmışdır. Sonuncu dəfə 15.02.2020-ci il tarixdə cavabdehdən ödədiyi pulu geri qaytarmasını tələb edəndə, cavabdeh səbəbsiz yerə onu təhqir edərək pulu qaytarmayacağını bildirmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə və 4-cü polis bölməsinə şikayətlə müraciət etmiş, lakin onlar məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. İddiaçı əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən iddia ərizəsinə düzəliş barədə ərizə təqdim edərək, cavabdehdən yalnız 300 manatın və 270 manat faiz məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3436/2020 saylı, 13.10.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat vermiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. İddiaçı cavabdehdən müəyyən məbləğdə pul tələb etsə də, həmin pulun tələb edilməsi ilə bağlı heç bir sübutu yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin 13.10.2020-ci il tarixli iclasında iddiaçı tərəfindən şahid qismində dindirilməsi üçün təqdim edilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçı ilə həmkardır, cavabdehi isə diş həkimi kimi tanıyır, nə iddiaçı, nə də cavabdehlə qohumluq münasibəti yoxdur. İddiaçı həyat yoldaşının diş protezini yenisi ilə əvəzləmək üçün diş həkiminin yanına gedəndə o da, iddiaçının yanında olmuş və iddiaçı ödəniş edərkən bunun şahidi olmuşdur. Lakin həmin qəbzdə nə qədər məbləğ yazıldığından xəbəri olmamışdır. Həmin tarixi dəqiq xatırlamasa da, təxminən 8-9 ay əvvəl olduğunu xatırlayır. Onda olan məlumata görə həkim diş protezini 1 həftəyə düzəldəcəyini bildirmişdir. Sonradan iddiaçını hər dəfə görəndə iddiaçının həkimin məsuliyyətsizliyindən ona gileyləndiyini və hələ də diş protezini düzəlmədiyini, nə də ödənilən pulu geri qaytarmadığını eşitmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan AZE seriyalı 08108189 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən məyyən olunur ki, iddiaçı 09.11.1970-cı ildə Ermənistanın Sisiyan rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AR Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Sahəsinin 21.05.2020-ci il tarixli 475 nömrəli arayışına əsasən, X3 Zeynalabdin rayonu, Ç.Qurbanov küçəsi, ev 17, mənzil 12 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan AZE seriyalı 17603532 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən məyyən olunur ki, X7 01.05.1975-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ĞĞY seriyalı 203610 nömrəli 25.01.2020-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, “xxxx” MMC-yə (VÖEN: **********) Süleymanova Xatirə adından 180 manat ödənilmişdir. Məhkəmə tərəfindən 20.08.2020-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə sorğu göndərilərək X1 ərizəsi əsasında toplanmış materialların lazımi qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuş və Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin qeyd olunan sorğuya cavab olaraq göndərdiyi materialların surəti 24.09.2020-ci il tarixdə Məhkəmənin dəftərxanasına təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödməyi öhdəsinə götürür (752.1). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2). Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır (753.1). Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun (759.2). Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (762.1). Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur (762.3). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. İddiaçı bu müqavilə üzrə podratçının öz vəzifələrini düzgün yerinə yetirməyərək görülən işin qüsurlu olduğuna əsaslanaraq cavabdehdən ona ödənilmiş müəyyən məbləğdə pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). İş materiallarından görünür ki, iddiaçı tələbinin hüquqi əsası kimi 25.01.2020-ci il tarixli qəbzə və şahid ifadəsinə əsaslanmışdır. Qeyd edilən qəbzdə Xatirə Süleymanova tərəfindən “xxxx” MMC-yə 180 manat pul ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, həmin qəbz tələbin əsaslı olduğunu sübut edə bilməz. Belə ki, qəbzdə pulun iddiaçı tərəfindən deyil Xatirə Süleymanova tərəfindən ödənildiyi qeyd edilmişdir. Eyni zamanda həmin qəbz cavabdehin həqiqətən iddiaçıya qüsurlu xidmət göstərməsi, bunun nəticəsində iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borcu olmasını təsdiq edə bilməz. Şahid ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, şahid iddiaçı ilə cavabdeh arasında olan söhbətlərdə birbaşa iştirak etməmiş, sadəcə iddiaçının həyat yoldaşına diş protezi düzəltmək üçün cavabdehə hansısa pul məbləği ödədiyinin şahidi olduğunu bildirmiş, öz ifadəsini iddiaçının bildirdiyi məlumatlar əsasında vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar iddianın təmin edilməsi üçün kifayət deyildir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar