Məhkəmə qərarları › İş №2(060)-2690/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2690/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2690/2023 30.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı maddi ziyanın ödənilməsi və digər tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməyərək vurduğu maddi ziyana görə müştərək qaydada 5000 manat və ödənilmiş 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manatın tutularaq iddiaçıya ödənilməsini və tərəflər arasında bağlanmış 11 dekabr 2018-ci il tarixli, 4 saylı üçtərəfli müqaviləyə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti 550 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində olan 76 kv.m qeyri-yaşayış sahəsinin özəlləşməsi məqsədilə hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması üçün zəruri sənədlərin cavabdehlərdən alınaraq ona təqdim edilməsini xahiş etmişdir. MPM-ə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (26.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir (13.). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır ( 14.). Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixində vergi ödəyicisi kimi qeydiyyatdan keçirilərək adına VÖEN açılmışdır. İddiaçının adına açılmış VÖEN fəaliyyətini müvəqqəti dayandırmışdır. Yəni, iddiaçı fərdi sahibkar statusuna malikdir. Həmçinin iddiaçının cavabdeh kimi qeyd etdiyi "xxxx" MMC hüquqi şəxsdir. Digər cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti isə dövlət orqanı olmaqla mülki hüquq münasibətlərində müstəqil hüquqi şəxs kimi çıxış edir. Eyni zamanda mübahisənin mahiyyətindən də görünür ki, iddiaçı cavabdehlərlə bağlanmış ona məxsus olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu prospekti, 550 ünvanında yerləşən 60.1 kv.metrlik qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdehlərin öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmələri nəticəsində ona dəymiş ziyanın cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Yəni, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda iddia tələbi ümumi məhkəməyə deyil, müvafiq kommersiya məhkəməsinə verilməli idi. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsi məhkəmə aidiyyatı üzrə hazırkı işə baxmağa səlahiyyətli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı maddi ziyanın ödənilməsi və digər tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar