Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2699/2023 24.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli İlahə Elburus qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər, Hərbi çağırış məntəqəsinin yanında yerləşən Kapital Bankın terminalından pensiya məbləği olan qanunsuz 500 (beş yüz) manat pulu gizli surətdə çıxarmış Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun kartından gizli surətdə pensiyasını çıxartmış hazırkı iş üzrə Cavabdeh Sumqayıt şəhər ərazisində ona və qeyrilərinə qarşı Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət əməli törətmişdir. Cavabdeh məhkəmə prosesi vaxtı zərərçəkmişlərə dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Onun pensiya kartından çıxardığı 500 manat pulun ona qaytarılmasını tələb edir. İşin halları aşağıdakılardan ibarətdir. O, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhər, Hərbi çağırış məntəqəsinin yanında yerləşən Kapital Bankın terminalına pensiyasını çıxarmaq üçün yaxınlaşmışdır. Həmin vaxt orada dayanmış tanımadığı bir nəfəri görmüşdür, bankamatda pul çıxara bilməmişdir. Bundan sonra həmin şəxs yəni Rahib Səlimzadə ona yaxınlaşaraq kartı bankamata yenidən salaraq təsdiqi basmağını bildirmişdir. O, pensiya kartını terminala qoyduqda həmin şəxs pulun olmadığını bildirmişdir. Bundan sonra şəhərin başqa yerində kartdan pensiya pulunu çıxarmaq üçün terminalda ona məlum olmuşdur ki, kartında olan 500 manat pensiyası çıxarılmışdır. O, bu barədə polisə şikayət etmişdir. Ona məlum olmuşdur ki, onun ikinci dəfə kartı terminala qoyarkən yanında duran tabımadığı Rahib Səlimov tərəfindən aldadılaraq kartdan pulu çıxarılmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, (SS843833017AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(060)-82/2021 saylı hökmündən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinmiş, və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzalar qismən toplanmaqla ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Cavabdeh xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanmış və Cavabdeh 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cavabdeh tutulduğu 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzadan çıxılmış, və üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən “Kapital Bank”a məxsus A0100191 saylı ödəmə terminalında müvafiq əməliyyatların icrasında çətinlik çəkən şəxslərə köməklik edəcəyini bəhanə edərək onların bank hesablarındakı pullarını talamaq məqsədi ilə 20 iyul 2021-ci il tarixdə saat 16 radələrində terminalın yaxınlığına gələrək zəruri şəraitin yaranması üçün orada gözləmiş, həmin gün saat 16:19-da İddiaçı qeyd olunan ödəmə terminalından hesabındakı pulu çıxara bilmədiyini görüb oğurluqla bağlı planının nəzəri müstəvidən əməli davranışa keçirilməsi üçün şərait yarandığını düşündüyündən, sonuncuya yaxınlaşaraq öz köməkliyini təklif edib, onunla bu barədə razılaşdıqdan sonra, göstərişlərinə uyğun olaraq İddiaçı “Kapital Bank”a aid plastik kartını ödəmə terminalına daxil edərək, pin kodunu yığmış, o isə bankomatın qarşısına keçərək İddiaçı monitordakı məbləği izləməsini və özünün icra edəcəyi əməliyyatın görünməsini məhdudlaşdırıb, elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı 527 manat puldan 500 manatının bankomatdan çıxarılması əməliyyatını xəlvəti təsdiq edib, sonuncuya bankomatda pul olmadığı ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə, terminaldan avtomoatik olaraq xaric olunmuş plastik kartı İddiaçı qaytarıb onun terminaldan uzaqlaşmasına nail olaraq, bankomatdan xaric olunmuş zərərçəkmiş şəxs İddiaçı məxsus 500 manat pulu gizli yolla talayıb oğurluq etmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 500 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməli idi. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rusumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2699/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2699/2023
24.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver