Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-272/2023 19.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi, anası X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişərək, birgə nikahlarından olan 06 iyun 2013-cü il təvəllüdlü X1 və 09 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 440 manat məbləğində alimentin tutulması, həmçinin mediasiya üçün ödədiyi 50 manat məbləğin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları vardır: xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6226/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi birgə nikahlaarından olan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşaq üçün 125 manat olmaqla, cəmi iki uşağa görə 250 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı 250 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü-gündən artır. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçı hazırda işləmir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, anası X7 məhkəmə iclasında bildirdi ki, oğlu hazırda işləmir. O, yeni ailə həyatı qurub və bir uşağı var. Nikah rəsmi deyil, lakin uşağın atalığı müəyyən olunub. Cavabdeh kirayədə yaşayır. O, ailəsini valideynlərinin təqaüdü ilə dolandırır. Cavabdeh bəzən taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı gəlinlik mağazasında işləyir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən iddiaçı və cavabdeh arasındakı nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2013-cü ildə, X8 isə xx.xx.2011-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019cu il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşalrına çatanadək saxlanmaları üçün cavabdehdən bir uşaq üçün 125 manat olmaqla, iki uşağa görə 250 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh xx.xx.2022ci ildə X3 doğulmuş X9 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2022-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X6r. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yenidən ailə qurmuşdur və başqa bir uşağı vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. Lakin mediasiya xərci mülki prosessual qanunvericilikdə məhkəmə xərclərinə aid edilmədiyindən iddia mediasiya xərcinin iddiaçıya qaytarılması hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 06 iyun 2013-cü il təvəllüdlü X1 və 09 iyun 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6226/2019 saylı, 01 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 180 manat olmaqla, hər ay cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-272/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-272/2023
19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver