Məhkəmə qərarları › İş №2(060)-2726/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2726/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2726/2021 20.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun alınmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16295,06 manat əsas, 3024,70 manat faiz borcu olmaqla, cəmi 19319,76 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.05.2019-cu il tarixli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16295,06 manat əsas, 4054,46 manat faiz borcu olmaqla, cəmi 20349,52 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 20.000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Kreditin ayrılması və qaytarılması üçün borcalan müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Borcalan dəfələrlə bu barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmişdir. Buna görə də, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 ödənişləri pandemiya ilə əlaqədar edə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 ilə bağlanmış 15.05.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin 1.1.3-cü bəndindən görünür ki, kredit verən kredit alana 36 ay müddətinə 20.000 manat məbləğində pul vəsaitini vermişdir, borc alan isə götürülmüş pul məbləğini vaxtında qaytarmağı öz öhdəsinə götürmüşdür. - 15.05.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - 27.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 16295,06 manat əsas borcu vardır. - İddiaçı ASC-nin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 795,20 manat olmaqla, 20.000 manat məbləğində kredit götürümüşdür. - 15.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 14.800 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - 16.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 5.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 13.10.2020-ci il tarixdə edilmişdir. - İşdə olan pretenziya məktubundan görünür ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 şəxsi məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 20.000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin iddiaçıya 16295,06 manat əsas borc və 4054,46 manat faiz borcu olmaqla, ümumilikdə 20349,52 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 15.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Zaminlik müqaviləsinə əsasən o iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Bu səbəbdən Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh2 da müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilənin birtərəfli qaydada xitam edilməsi hissəsini araşdıraraq, hesab edir ki, borcluya pulun geri qaytarılması ilə bağlı bildirişlə müraciət olunaraq, pulun geri qaytarılması tələb edildiyinə görə iddiaçı tərəfindən pretenziya qaydalarına riayət olunmuşdur. Qeyd olunan bildirişləri məhkəmə müqavilənin birtərəfli qaydada xitam edilməsi üçün təklifə bərabər tutur. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ******* nömrəli, 15.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16295,06 manat əsas borc və 4054,46 manat faiz borcu olmaqla, ümumilikdə 20349,52 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ******* nömrəli, 15.05.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16295,06 manat əsas borc və 4054,46 manat faiz borcu olmaqla, ümumilikdə 20349,52 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar