Məhkəmə qərarları › İş №2(060)-273/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-273/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-273/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən X7 "xxxx" İKB ASC-dən illik 18 faizlə 48 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. AR Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1347 nömrəli 13 may 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın ona çatası hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etmişdir. 2022-ci ilin sentyabrın 16-dək X3 banka 16 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10017.21 manat əsas, 2403.1 manat faiz borcu, 1682.37 manat cərimə borcu olmaqla ümumillikdə cəmi 14102.68 manat borcu vardır. X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1682.37 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 420.59 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən məhkəmədən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 10017.21 manat əsas, 2403.1 manat faiz və 420.59 manat cərimə borcu olmaqla, ümumillikdə cəmi 12840.90 manat məbləğində borcun və 128.52 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X6 izahat verərək, ekspert şəxsin vəfat etdiyi tarixə rəy verdiyini, bununla bağlı bankın etirazı olmadığını, ondan sonra hər hansı bir ödənişin olunmadığını, cüzi fərq olduğunu, ekspertin rəyi ilə tutulmasına etiraz etmədiyini bildirib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, rəy verilmiş, bununla bağlı isə etirazı yoxdur. Torpağa yönəldilərək pullarını götürmələrini bildirmişdir. Oğlu vaxtlı-vaxtında ödənişlər etmişdir. Bank onlara kağız göndərdikdən sonra isə məlumatı olmuşdur. Cavabdeh izahatında bildirdi ki, mərhum oğlu X1 miras qalmış əmlakın ona çatası hissəsinə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etsə də, bu günə qədər vərəsəlik şəhadətnaməsini almamışdır. Həmçinin mərhumun digər vərəsəsi olan anası X4 tərəfindən miras əmlak qəbul edilməmişdir. Mərhumun anası onun miras əmlakı qəbul etməsinə narazılıq edir. Notariat ofisində miras əmlakın qəbulu üçün ərizə ilə müraciət edərkən ona hüquqları izah edilməmişdir. Onun maddi imkanı yoxdur. Həmçinin əsas borca hesablanmış faiz və cərimə borcları həddən artıq şişirdilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X7 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10017.21 manat əsas borc, 2403.1 manat faiz borcu olmaqla ümumilikdə cəmi 14102.68 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4-Y-3-0-2472-19 saylı kredit müqaviləsi və ona edilmiş 1 saylı əlavədən görünür ki, tərəflər arasında müqavilə əsasında 48 ay müddətinə, 18% məbləği əsasında 15000 manat məbləğində kredit verilmiş, xx.xx.2019-cu il tarixdən hər ay müxtəlif məbləğlərdə ödəniş edilməsi barədə X7 üzərinə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 203779 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 iyun 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 07 ayının 07-ci günündə 1314 nömrə ilə qeyd edilmişdir. Dəqiqləşdirilməmiş qaraciyər çatmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən Notariat Ofisinə ünvanlanmış ərizədən görünür ki, 22 iyun 2021-ci ildə onun ünvan 1 ünvanında yaşayan oğlu X7 ölmüşdür. Mirasın tərkibi ondan irs qalmış əmlakdan ibarətdir. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs X7 olmaqla, topraq sahəsi növündə olan daşınmaz əmlak Abşeron rayonu, Saray qəsəbəsində yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/3299 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 16 sentyabr 2019-cu il tarixli 4-Y-3-0- 2472-19 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq cavabdeh X3 İddiaçı ASC-yə sualda soruşulan tarixə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixə (vəfat etdiyi tarixə) əsas borc üzrə 10038.12 manat, faiz borcu üzrə isə 70.27 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınar və Daşınmaz əmlakların qiymətləndirilməsi xidməti MMC-nin 40 nömrəli, xx.xx.2023-cü il tarixli torpaq sahəsinin hazırki real bazar dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X5 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.0370 ha kənd təsərrüfatlı təyinat torpaq sahəsinin hazırki real bazar dəyəri 0,0370 – 11100 manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin ailə üzvü kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehin oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini geri qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından da göründüyü kimi 22 iyun 2021-ci ildə onun ünvan 1 ünvanında yaşayan oğlu X7 vəfat etmişdir. Mirasın tərkibi ondan irs qalmış əmlakdan ibarətdir. Mirasın tərkibinə daxil olan yaşayış sahəsindən, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs X7 olmaqla, topraq sahəsi növündə olan daşınmaz əmlak Abşeron rayonu, Saray qəsəbəsində yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatının nəticəsi üzrə tələb olunan kredit məbləği yalnız əsas borc hissəsində ekspertin rəyinə, miras qalmış əmlakın müstəqil qiymətləndiricinin rəyinə əsasən əmlaka yönəldilməsi mümkün (miras qalmış əmlakın dəyəri 11100 manat) olması nəzərə iddia tələbi qismən əsaslı olduğundan yalnız 10038.12 manat əsas borc hissəsində iddia tələbi təmin edilməli, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 145 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 200 manat tutulub "xxxx" MMC-nin hesabına keçirilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığından təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsini, vəfat etmiş şəxsin vərəsəsinin öhdəliklərdən məlumatlı olması, həmin öhdəliklərin hansı müddətdən sonra yerinə yetirilməməsi iddiaçı tərəfindən təsdiq olunmadığı üçün bu qənaətə gəlir. Məhkəmə həmçinin iddianın 128.52 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında vərəsəsi olduğu oğlunun bankla aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin ediliyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu qismən cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 120.11 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10038.12 (on min otuz səkkiz manat on iki qəpik) manat məbləğində əsas borc və 120.11 (bir yüz iyirmi manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 145 (bir yüz qırx beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 200 (iki yüz) manat tutularaq "xxxx" MMC-nin (H/h:AZ66AİİB********************, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi **********, S.W.İ.F.T AİİBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ013501**********1944) hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar