Məhkəmə qərarları › İş №2(060)-2742/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2742/2021

12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2742/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki uşaqları var. Cavabdehlə 2016-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə nikah qeydi ləğv olunmuş, yenidən cavabdehlə barışdığından xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında olan xx xxxx 2017-ci il tarixdə bağlanmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahından olan və yetkinlik yaşıan çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayarq hər ay hər uşağa 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində aliemtin tutularaq ona verilməsi qət olunmuşdur. Uşaqların saxlanılması üçün çox az məbləğdir. Maddi vəziyyəti çətinləşmiş, kirayədə yaşayır, hal-hazırda işləmir. Cavabdeh isə uşaqların saxlanılmasına əlavə yardım göstərməkdən imtina edir. Ona görə də, məcbur olub məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat cəmi 350 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib, əlavə olaraq göstərdi ki, Cavabdeh fərdi qaydada və xxxxndə işləyir, özü isə firmada işləmiş, hazırda işdən çıxıb işləmir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2091/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, guya cavabdeh uşaqlarla qəti maraqlanmır, ona maddi köməklik göstərmir. Maddi vəziyyəti ağırdır. Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, Cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Lakin Cavabdeh xx.xx.2019-cu il tarixdən hal-hazırki günə kimi "xxxx" MMC-də mühafizə xidməti vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 282.00 manat məbləğindədir. Göründüyü kimi cavabdehin maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə olan halda hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Belə ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan əlavə cavabdehin səhhətində ciddi problemləri var, davamlı olaraq müalicə olunur, dərmanlar qəbul edir. Həmçinin qanun uşağın saxlanması vəzifəsini təkcə atanın deyil, həm də ananın vəzifəsi kimi müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat, ümumilikdə 300 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan və xəstəxanadan buraxılış formasından müəyyən olunur ki, Cavabdeh Covid-19 xəstəliyindən müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.20121-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh “xxxx” MMC-də xx.xx.2019-cu il tarixdər mühafizə xidməti vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 282.00 manat, tutulan əmək haqqı 32.63 manat, ələ alınan əmək haqqı 249.37 manat məbləğindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsiin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşagıdakıları qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X6” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat, ümumilikdə 300 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı bir uşağa görə ödənilən 150 manat məbləğində aliment uşaqların saxlanması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Bununla bərabər müəyyən edildi ki, İddiaçı hazırda işləmir, kirayədə yaşayır, Cavabdeh isə səhəti ilə bağlı müalicə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, maddi vəziyyətlərini, iddiaçının işləməməsini, cavabdehin xəstəliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2091/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar