Məhkəmə qərarları › İş №2(060)-2748/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2748/2024

14.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2748/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin cavabdeh könüllü olaraq uşağın əlavə zəruri xərclərindlə iştirak etmədiyindən hər ay hər uşaq üçün 235 manata artırıması, Cavabdeh İddiaçı xeyrinə Sumqayıt 1 X7 X4 keçirilməsi üçün mediasiya xərci olaraq tərəfindən ödənilmiş 50 manatın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2007-ci ildə faktiki el adəti toyla, 08 may 2008-ci ildə Yardımlı rayon qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikah münasibətlərindən iki uşağı, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh Qarabağa göndərildiyini bildirərək işləmək adı ilə deyə gülə evdən çıxaraq bir daha yaşadıqları evə qayıtmadığından, hətta səbəbini bildirmədən nikahın pozulması barədə mediasiya təklifi göndərildiyindən, son olaraq uşaqlarının madddi ehtiyacları ilə maraqlanmadığından ailə münasibətləri pisləşdiyindən bir il gözlədikdən sonra «nikahın pozulması və sair» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (X8) 2(060)- 3239/2023, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın yanında qalmasının müəyyən edilməsi və sabit pul məbləğində aliment» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların ananın yanında qalması və Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu i! təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3239/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti təqdim etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakim Almaz Süleymanova) 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(060)-3239/2023 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş və həmin alimentin məbləği hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Yardımlı Rayon İcra və Probasiya İdarəsində icraata yönləndirilmişdir. Hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment uşaqların ehtiyaclarını ödəmir. Cavabdeh isə qeyri-rəsmi kifayət qədər dəyişən məbləğdə qazanc, gəlir əldə etsə də, könüllü olaraq uşaqların əlavə zəruri xərclərində iştirak etmir. Belə ki, uşaqlar böyümüşdür, tələbatları artmışdır. Hər ikisi hazırlıq kurslarına gedirlər, əlavə hazırlaşırlar, ən əsas böyük qızı xx.xx.2008-ci il təvəllüdlü qızı X5 ADRAnın nəzdində İncəsənət Kollecinə rəssamlığa qəbul olmuşdur və pullu təhsil alır. Təhsil haqqı 1100 manat təşkil edir. Bundan başqa qızına rəsmlərini çəkməsi üçün hər dəfə tək bir kətanın alınmasına 20 manat, boyaların alınmasına 8-20 manat civarında dəyişən xərclər çəkilir. Bundan başqa Bakı şəhərində təhsil aldığı üçün gündəlik yeməyinə və nəqliyyat xərclərinə vəsait xərclənir. Cavabdeh onu və iki azyaşlı uşaqlarını qəfil tərk edənə qədər müxtəlif şirkətlərdə çalışsa da, sonradan alimentdən yayınmaq məqsədi ilə işdən çıxaraq Yardımlı rayonunda qeyri-rəsmi işlərdə çalışmışdır. Qeyri-rəsmi ağır texnika, Kamaz markalı və digər şəxsi avtomobilləri sürücü kimi idarə edir, yük daşıyır, hətta atası Kərimxan Nəciyevə məxsus olan, Yardımlı Rayon Məhkəməsinin inzibati binasının ərazisində yerləşən yeməkxana-restoranı idarə edir. Kifayət qədər dəyişən məbləğdə gəlir əldə etsə də, uşaqların əlavə zəruri xərclərində könüllü olaraq iştirak etmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcburdur. Göründüyü kimi uşaqlar böyümüş və tələbatları artmışdır. Ən əsas hazırda «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh könüllü olaraq öz valideynlik borcunu yerinə yetirmədiyinə görə Sumqayıt 1 X7 X4 keçirilməsi üçün mediasiya xərci olaraq 50 manat ödənilmişdir və həmin xərcin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023 saylı, 21,09.2023-cü il tarixli qətnaməsinə əsasən hər ay hər uşaq üçün 190 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin cavabdeh könüllü olaraq uşağın əlavə zəruri xərclərində iştirak etmədiyindən hər ay hər uşaq üçün 235 manata artırılması və cavabdehdən onun xeyrinə Sumqayıt 1 X7 X4 keçirilməsi üçün mediasiya xərci olaraq ödənilmiş 50 manatın tutulması barədə qətnamə qət edilməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi, vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, hər uşağa 190 manat olmaqla, iki uşağa ümumilikdə 380 manat məbləğində aliment müəyyən edilmişdir. Hazırda uşaqlar böyümüş, bu səbəbdən tələbatları da artmışdır. İddiaçının qızı kollecdə təhsil alır, illik təhsil haqqı 1100 manat məbləğindədir. Uşaqlar böyüdüyündən maddi vəziyyətlə bağlı problemlər yaranmışdır. Cavabdeh ağır yük maşınları idarə edir. Texnika idarə edən şəxslərin aylıq gəliri təxminən 1000 manat civarındadır. Eyni zamanda atasına məxsus restoranda işləyir. Cavabdehin qazancı ilə müqayisədə tələb olunan aliment məbləği aşağıdır. xx.xx.2010-cu il təvəllüdlü X1 ilə bağlı müalicə alır, sonradan məlum olmuşdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh boşanmağa qədər rəsmi işlə məşğul olmuşdur. Boşanmadan sonra alimentə görə belə etmişdir. Buzovnada ağır yük maşınları idarə edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X4 tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və X4 keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci xərci ödəmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3239/2023 saylı, 10 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 may 2008-ci il tarixli, 124 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(060)-3239/2023 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş və həmin alimentin məbləği hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasına dair tələblə məhkəməyə müraciət etmişdir.

18. Yuxarıda istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

19. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir

20. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

21. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1811/2023 saylı, 21 sentyabr 2023cü il tarixli qətnaməsi ilə uşaqlara görə tutulan alimentin məbləği müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış istehlak qiymətləri, yaşayış minmumunun məbləği tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

22. Qeyd olunanlara əsasən məhkəmə uşaqların saxlanılması üçün tutulan aliment məbləğinin artırılmasına dair iddiasını qanuni və əsaslı hesab edir. Artırılan alimentin məbləğinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir :

23. Qanunvericiliyin tələbinə görə alimentin təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır.

24. Hazırki işdə iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sait pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş edir.

25. Lakin iddiaçı cavabddehin işlədiyini bildirsə də, onun işləməsini, gəlir əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X2 və X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 210 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

27. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

28. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh X4 tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və X4 keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci xərci ödəmişdir.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir.

30. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

31. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.

Nəticə:

32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1811/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 210 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu qismində 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar