Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-276/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4850 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödənilmiş 68,5 manatın əvəzinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qaynanası onun qonşusu olmuşdur. 2020-ci ildə cavabdehə təcili pul lazım olduğundan 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin pulu 1 il ərzində ona qaytarmağı öz öhdəsinə götürmüşdür. Bu müddət ərzində cavabdeh borcundan cəmi 150 manat ödəniş etmiş, geridə qalan 4850 manat pulu ödəməkdən yayınmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh borcunu ödəməkdən qərəzli yayınmış, hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəyəcəyini bildirsə də, ödəməmişdir. Bununla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edilmiş, cavabdeh bölməyə dəvət olunaraq izahatı alınmışdır. Həmin izahatda cavabdeh 4850 manat borcunun olduğunu və ödəmədiyini etiraf etmişdir. Hesab edir ki, tələbi mülki xarakter daşıyır. Odur ki, mülki iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh Rusiyaya getməsi üçün ondan pul istəmiş və buna görə də o, cavabdehə 5000 manat pul vermişdir. Həmin puldan cəmi 150 manat qaytarmışdır. Cavabdeh tarlası olduğunu və əldə edəcəyi qazanc hesabına borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra cavabdeh vədinə əməl etməmiş, onun borcunu qaytarmaqdan imtina etmiş, o da məcbur olub 3-cü Polis Bölməsinə müraciət etmişdir. Orada Bəxtiyar müəllimin yanında cavabdeh izahat verərək borcu olduğunu etiraf etmişdir. O, Polis Bölməsində əlyazmanın surətini istəmiş, lakin ona həmin izahatın surəti verilməmiş, hətta şəklini də çəkməyə icazə verilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt şəhəri 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsində araşdırılma aparıldığını, Cavabdeh izahatının alındığını və sonuncunun izahatında ondan borc pul aldığını və qaytarmadığını etiraf etdiyini bildirmişdir. Bu məsələ ilə əlaqədar İddiaçı Cavabdeh barəsində verdiyi şikayət əsasında toplanmış materialın məhkəməyə göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinə sorğu göndərilmişdir. Lakin Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında məhkəməyə təqdim edilmiş materialda İddiaçı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-276/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-276/2023
13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver