Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-277/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 yanvar 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun qızı X1 həyat yoldaşıdır. Belə ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə onlar boşanmış və bir yerdə yaşamırlar. Cavabdeh ondan münasibətləri normal olan vaxt 15000 manat məbləğində borc pul almış və o həmin pulu ondan istədikdə bildirmişdir ki, yaşadığı evi satan kimi həmin pulu qaytaracaqdır. Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq o hər dəfə bir səbəb gətirməklə ondan aldığı pulu qaytarmamışdır. Cavabdeh qızı ilə votsap yazışmasında ondan 15000 manat məbləğində pu aldığını və ona olan borcunu da etiraf etmişdir. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh sözügedən yazışmada “Vahidə mənə 15000 verib” ifadəsindən sonra “Mən ona 5000 bağışlayıram” ifadəsini işlədib. Belə ki, söhbətlərdə işlənən 20000 manat isə onunla bağlı olub ki, iddiaçının qızı, cavabdehin keçmiş həyat yoldaşı X4 cavabdehə qarşı əmlak tələbinə dair başqa ərizələrlə məhkəməyə müraciət edib. Cavabdeh isə bunun qarşılığında ona 20000 manat verməyi, məhkəməyə getməməsini bildirib. X4 əvvəl bununla razılaşsa da, sonradan məhkəməyə müraciət etmiş, lakin onun iddiası qismən, təxminən 6-7 min manat dəyərində əmlaka münasibətdə təmin olunmuşdur. Həmin məhkəmənin sonunda X8 Nərimanı başqa iddialarla onu məhkəməyə verəcəyi ilə hədələmiş, bundan sonra onun anası, hazırki iş üzrə iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 14.01.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh onun xalası nəvəsidir. Qızı ilə 1995-ci ildə ailə həyatı qurublar, 1996-cı ildə ilk qız övladları dünyaya gəlmişdir. Nəvəsinin hazırlıq, universitet və cehiz xərclərini özü çəkmişdir. Sadaladıqlarına 18 min manat məbləğində pul və 2 min manat məbləğində də əlavə xərclər vermişdir. İki otaqlı evləri olmuşdur, onu satıb Xaçmaz rayonundan 1 otaqlı ev almışdılar. Onun da təmir xərcini o çəkmişdir. 5 min manat məbləğində pul vermişdir. Bu evlərini alanda 15 min manat məbləğində nağd ödəniş, 7 min manat məbləğində təmir pulu və 9 min manat məbləğində maşını üçün pul ödəmişdir. Münasibətləri hər zaman yaxşı olmuşdur, onu balası kimi sevmişdir. Özü də ona heç bir hörmətsizlik etməmişdir. Başqa bir məsələ də olmuşdu, orda da 5 min manat məbləğində pul vermişdir. Onların heç birini tələb etmir. Yalnız yeni ev alanda verdiyi 15000 manat pulu tələb edir. Bunu borc kimi vermişdir, cavabdeh qaytaracağını demişdir. Bunları nəzərə alaraq iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 06.12.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, bu ilin mart ayında ailələri dağılmışdır. O vaxtdan etibarən belə məhkəmə prosesləri davam edir. Yoldaşından ayrılmaq istəməmişdir, bu məqsədlə evi sataraq 20 min manat məbləğində pul verəcəyini bildirmişdir. Onun heç kimə heç bir borcu yoxdur. Təqdim olunan yazışmalarda sual işarəsindən istifadə etməmişdir, bu yalnış anlaşılmamalıdır. Orada işlətdiyi ifadəni sual şəklində qurmuşdur. Gündəlik yazışmalar zamanı durğu işarəsindən istifadə edilmir. Onların arasında heç zaman borc söhbəti olmamışdır. Bu səbəbdən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşıdır. İddiaçının qızı qardaşı ilə evləndikdən sonra yola gedə bilməyiblər. Pul tələbindən söhbət belə gedə bilməz. Qardaşından hansı əsasla pul tələb edirlər ki, heç bir sənədə imza atdırılmayıb, heç bir sənədləşmə həyata keçirilməmişdir. Şahid qismində dindirilən X6 ifadə verərək bildirmişdir ki, cavabdeh dayısıdır. Çox az miqdarda yardım edilmiş ola bilər. Ailə daxilində hər kəs çətin məqamlarda bir birinə kiçik məbləğlərlə yardım edə bilər. Lakin 15 min manat məbləğində pulun verilmiş olması qeyrimümkündür. Bununla bağlı ailədə heç bir məlumat yoxdur, belə bir mövzu açılmamışdır. Şahid qismində dindirilən X7 ifadə verərək bildirmişdir ki, İddiaçı onun bacısıdır. Cavabdeh isə onun kürəkəni olmuşdur, tanıyır. Qızının ailəsinin bütün maddi tələbatlarını onun bacısı qarşılamışdır. Onlar əvvəl 1 otaqlı mənzildə yaşamışlar. Bacısı onlara kömək etmişdir. Pulun Nərimana verilməsində şəxsən iştirak etməsə də, amma bacısı hər şeyi ona danışır. Bacısı hər zaman qızının yoldaşının onun ailəsi olduğunu demişdir. Buna görə də verilən məbləğlərin qeydə alınmasını istəməmişdir. Məhkəmə tərəfləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 15000 manat məbləğində borc pul almışdır. Cavabdeh keçmiş həyat yoldaşı – iddiaçının qızı X4 ilə telefon yazışmalarında İddiaçı borc aldığını etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh həmin mobil nömrənin ona məxsus olduğunu, həqiqətən də həmin yazışmaların onunla N.Nəsirova arasında keçdiyini, lakin “Vahidə mənə 15000 verib” ifadəsinin sual cümləsi olduğunu, sadəcə olaraq sms yazarkən sual işarəsindən istifadə etmədiyni, bu səbəbdən həmin cümlənin sonunda sual işarəsi qoymadığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, işin halları müəyyən edilərkən sözügedən yazışmalar sübut qismində qəbul edilə bilər. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların onun özü ilə bağlı yaranan borc mübahisəsinin həllində istifadə olunması mümkündür. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Digər tərəfdən məhkəmə cavabdehin əslində həmin cümləni sual məqsədilə verməsi barədə etirazının dəlillərini qəbul etmir. Belə ki, həmin yazışmalarda cavabdeh “Vahidə mənə 15000 verib” və “Mən ona 5000 bağışlayıram” ifadələrini işlətmiş, yazışmaların digər hissələrində isə ümumilikdə 20000 manat verəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən rəqəmlərin üst-üstə düşməsi (20000, 15000+5000) də iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların əsaslı olduğunu təsdiq edir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, məhkəməyə təqdim olunan şahidlər tərəflərin yaxınları (iddiaçının bacısı, cavabdehin bacısı və bacısı qızı) olduğundan məhkəmə həmin şahidlərin ifadələrini əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul etmir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15000 (on beş min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-277/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-277/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver