Məhkəmə qərarları › İş №2(060)-2803/2023

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2803/2023

21.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2803/2023 21.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, anası X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən borclu olduğu 2900 manat məbləğində pulun və ödənilmiş 49 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Avrasiya Universitetin İV kurs tələbəsidir. Cavabdeh iddiaçını aldadaraq universitetdə yaranmış kəsirlərinin bağlanması ilə bağlı ona köməklik edəcəyini bildirmişdir. Onunla olan tanışlıqlarına görə iddiaçı ona kəsirlərinin bağlanması üçün ilk olaraq 1700 manat, sonra isə 1200 manat ödəniş etmişdir. Müəyyən müddət keçsə də, cavabdeh iddiaçının kəsirlərinin bağlanmasına heç bir köməklik göstərməmişdir. İddiaçı hər dəfə bunun səbəbini soruşduqda isə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Ən son cavabdeh iddiaçıya kəsirlərinin düzəldilməsi ilə bağlı köməklik edə bilmiyəcəyini və ona ödədiyi pulu geri qaytaracağını bildirmişdir. İddiaçı isə ondan pulunu geri almaq üçün müxtəlif vaxtlarda görüşmək istəsə, də o, görüşüb pulu verməmiş və hər dəfə iddiaçının çağırışlarından yayınaraq müxtəlif bəhanələr gətirmişdir. Hal-hazırda cavabdeh iddiaçının zənglərindən yayınaraq pulunu geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi, anası X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iş materiallarına qəbzləri əlavə edilmiş ödənişlərdən xx.xx.2023-cü il tarixli ödənişi ididaçı cavabdehə məxsus hesaba ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş isə cavabdehin tələbi ilə Azər Səfərov adlı şəxsin hesabına ödənilmişdir. Cavabdeh həmin şəxsin vəzifəli şəxs olduğunu və kəsirlərin düzəldilməsinin onun vasitəsilə reallaşacağını bildirmişdir. xx.xx.2023-cü ildə edilmiş 700 manat ödəniş isə iddiaçının qrup yoldaşının kəsiri ilə bağlıdır ki, iddiaçı həmin məbləği tələb etmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2001-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.3001-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı təəfindən xx.xx.2023-cü il tarixində 4169 73** **** 4416 nömrəli kart hesabına 1200 manat ödəniş edilmişdir. Kartın sahibi kimi C*** F*** E*** göstərilmişdir. xx.xx.2022-ci ildə isə iddiaçı tərəfindən 4169 73** **** 9701 nömrəli kart hesabına 1700 manat ödəniş edilmişdir. Kartın sahibi kimi S****A****C göstərilmişdir. İş materiallarına disk yazısı, ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Məcəllənin 439.4-cü maddəsində göstərilmişdir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllədə həmçinin göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında belə bir hüquqi mövqelər ifadə olunmuşdur ki, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlərin keçməsi öhdəliyə xitam vermədiyindəndir ki, həmin Məcəllənin 554.2-ci maddəsinə əsasən, öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Halbuki, öhdəlik mövcud olmadığı halda bir şəxs tərəfindən başqa şəxsin əmlak mənafeyi xeyrinə etdiyi hərəkətlər bağışlama və ya əsassız varlanma halı yaradır ki, onların hər ikisinin geri istənilməsi mümkündür. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd edilən hüquqi mövqedən görünür ki, şəxslər arasında hər hansı öhdəlik münasibətləri olmadığı halda, bir şəxs tərəfindən digər şəxsin əmlak mənafeyi xeyrinə hər hansı hərəkətlər edilməsi bağışlama və ya əsassız varlanma halı yaradır. Qeyd edilən hər iki hal üzrə digər şəxsin əmlak mənafeyi xeyrinə hərəkət edən şəxsin etdiklərinin əvəzini tələb etməsi halları mülki qanunvericilikdə öz əksini tapmışdır. Əsassız varlanma ilə bağlı müddəalar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında əks olunmuşdur. İşə əlavə edilmiş ödəniş qəbzləri və tərəflər arasında aparılmış danışıqların səs yazısı ilə müəyyən olunur ki, həqiqətən tərəflər arasında iddia ərizəsində göstərilən əsaslarla pulun verilməsi ilə bağlı münasibətlər olmuşdur. Ödəniş qəbzlərindən iddiaçının cavabdehə və onun tövsiyyə etdiyi şəxsə 2900 manat ödəniş etdiyi müəyyən edilir. Cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçının dəlillərini təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı izahat verməmişdir. Belə ki, MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). MPM-in 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2900 manat məbləğində pul və 49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2900 (iki min doqquz yüz) manat pul və 49 (qırx doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar