Məhkəmə qərarları › İş №2(060)-2808/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2808/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2808/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Əbdürəhman qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Əbdürəhman qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Əbdürəhman qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o Sumqayıt şəhəri 4 saylı notariat kontorunun xüsusi notariusu C.Rüstəmov tərəfindən təsdiq edilmiş 17 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30000 (otuz min) manat məbləğində pul borc vermişdir. Müqaviləyə əsasən cavabdeh aldığı borcu 20.12.2020-cı il tarixədək qaytarmalı idi. Lakin cavabdeh müqqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Ona görə də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 30000 (otuz min) manat məbləğində borcun, 20.12.2020-ci il tarixdən başlayaraq hazırki məhkəmə qətnaməsi icra olunan tarixədək borcun ödənilməmiş qalan hissəsi nəzərə alınmaqla illik 5 % hesablanmaqla əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Hüseyn oğlu İddiaçı Əbdürəhman qızının ona qarşı pul tələbinə dair iddia ərizəsinə etriaz verərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı onun həyat yoldaşının doğma bacısı oğlunun həyat yoldaşı İddiaçı Əbdürəhman qızıdır. Dəfələrlə bağladıqları müqavilənin tələbini qoyan iddiaçı onlara aid Yaşma bağ massivində yerləşən 199 saylı xüsusi mülkiyyətlərini satdırıb və həmin pulun 36500 (otuz altı min beş yüz) manatını götürüb getmişdir. İlahə onun baldızı oğlu X1 həyat yoldaşı olduğu üçün ona etibar edərək 6 sot torpağı və üzərində sənədləşməmiş iki mərtəbəli evi onun adına keçirtmişlər. Bundan sonra kredit müqaviləsinin ləğvini tələb etsə də, iddiaçı müqaviləni ləğv etmək üçün notariusa gəlməmişdir. Bundan əlavə də onlar pulun faizi olaraq 20000 (iyirmi min) manat iddiaçıya qaytarmışlar. Bu barədə qəbzlər var. Sadəcə olaraq aralarında olan münaqişəyə əsasən onları incidir və məhkəmələrdə süründürür. Qonşuları öz doğma xalası və hazırkı evin mülkiyyətçisi də təsdiq edə bilərki, onlar iddiaçıya olan borcunu iki qat qaytarmışlar. AR MM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallar mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir, iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Göstərilənlərə əsasən İddiaçı Əbdürəhman qızının ona qarşı pul tələbinə dair iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Əbdürəhman qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddia ərizəsinə verdiyi etiraza uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı Əbdürəhman qızının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan 17 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Əbdürəhman qızı Cavabdeh 30000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh isə krediti 20.12.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 09 yanvar 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Şüşəçi” B/Y 199 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini X2 3000 (üç min) manata satmışdır. İş materiallarında olan “xxxx” BOKT ASC ilə İddiaçı Əbdürəhman qızı arasında bağlanmış 2019/00235-01 saylı, 15 avqust 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı Əbdürəhman qızına istehlak məqsədi üçün illik 36 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Novosibirsk Sosial Kommersiya Levoberejnıy bankı tərəfindən verilmiş 05.04.2021-ci il tarixli arayışdan görünür ki, X5 bank vasitəsi ilə 01.01.2018-ci ildən 31.12.2019-cu il tarixədək Azərbaycan Respublikasına alıcı X2 435000.59 rubl məbləğində köçürmə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Əbdürəhman qızı 17 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 30000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh isə krediti 20.12.2020-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin indiyədək həmin borcu iddiaçıya geri qaytarmamışdır. Bununla yanaşı, İddiaçı Əbdürəhman qızı Cavabdeh 20.12.2020-ci il tarixdən başlayaraq hazırki məhkəmə qətnaməsi icra olunan tarixədək borcun ödənilməmiş qalan hissəsi nəzərə alınmaqla illik 5 % hesablanmaqla əldən çıxmış faydanın alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Həmçinin tərəflər arasında bağlanmış, müqavilənin 3-cü bəndinə əsasən kreditin faizsiz verilməsi şərtləşdirilmiş və müqavilədə cavadehin üzərinə öhdəliyi pozmağa görə hər hansı məsuliyyət qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 30000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Əbdürəhman qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı Əbdürəhman qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar