Məhkəmə qərarları › İş №2(060)-2811/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2811/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2811/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2012ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt "Asan xidmət" mərkəzində notariat kontorunda 27 oktyabr 2017-ci il tarixdə bağalnmış "Aliment sazişi" ilə müəyyən edilmiş hər ay hər bir uşağa görə 136 (bir yüz otuz altı) manat olmaqla, cəmi 272 manat alimentin artırılaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində 22 sentyabr 2012-ci il tarixdə 1540 nömrəli akt qeydi ilə nikaha daxil olmuşlar. Onların xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladı vardır. Nikahları pozulmamışdır, 2017-ci il tarixdən cavabdeh ilə ayrı yaşayırlar. Cavabdeh ilə Sumqayıt "Asan xidmət" mərkəzində notariat kontorunda 27 oktyabr 2017-ci il tarixdə "aliment sazişi" bağlamışlar. "Aliment sazişi" nin 1.1. bəndinə əsasən Cavabdeh öhdəsinə götürmüşdür ki, Cavabdeh İddiaçı olan övladlarının yetkinlik yaşınadək saxlanması üçün hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat aliment ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. "Aliment sazişi" bağlandığı tarixdən 7 ilə yaxın vaxt keçmişdir. Həmin müddətdən istehlak qiymətləri əhəmiyyətli dərəcədə artmış, nəticədə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu artaraq 2024-cü ildə 235 manat müəyyən olunmuşdur. 2017-ci ildən uşağın saxlanması üçün cavabdeh ilə bağlanmış aliment sazişinə əsasən müəyyən edilmiş 136 manat aylıq aliment məbləği hazırki bazar qiymətlərinə uyğun gəlmir və uşağın minimal tələbatını ödəməyə təminat vermir. İddiaçının özünün maddi vəziyyəti də uşağın normal dolandırılmasına imkan vermir. Ona görə də hesab edir ki, uşağın dolanışığının hətta minimal həddə təmin edilməsi üçün alimentin məbləği artırılaraq, hər ay üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilməlidir. Belə ki, istehlak qiymətləri və yaşayış minimumunun məbləği yüksələn templə artır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMnin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh ilə İddiaçı arasında bağlanmış Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aliment sazişindən görünür ki, Cavabdeh İddiaçı olan övladlarının yetkinlik yaşınadək saxlanması üçün hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat alimenti İddiaçı ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. MŞB/13/2024-00281 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiyaya dair xərci ödəmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixində 1540 saylı qeydlə nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki övladı vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli alimentdən sazişindən görünür ki, Cavabdeh İddiaçı olan övladlarının yetkinlik yaşınadək saxlanması üçün hər ay hər uşağa görə 136 (yüz otuz altı) manat olmaqla, cəmi 272 (iki yüz yetmiş iki) manat alimenti İddiaçı ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aliment sazişinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aliment sazişi ilə cavabdehin ödədiyi alimentin miqdarı dəyişdirilməli, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli aliment sazişi ilə cavabdehin ödədiyi alimentin miqdarı dəyişdirilsin, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə hər ay üçün 440 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar